İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının “qara siyahı”sındakı rus deputatın “əməliyyatı Türkiyə hazırlayıb” yalanı

Duma üzvü iddia edir ki, baş verənlər Rusiyaya qarşı “ikinci cəbhə” açmaq şantajıdır, o, sərhəddəki təxribatları Bakı və Ankaranın üzərinə yıxır; Razi Nurullayev: “Rusiya telekanallarının birində də eyni fikirlər səsləndi, amma Ermənistanı müdafiə edənlər azalır” 

Ermənistanın təxribatları nəticəsində sərhəddə baş verən döyüşlərdən sonra Gümrüdəki Rusiya hərbi bazası döyüş hazırlığı vəziyyətinə gətirilibmiş. “Yeni Müsavat” bildirir ki, bu barədə “Moskovskiy komsomelts” yazıb. Sayt “Rusiya münaqişədə hansı mövqedən çıxış etməlidir” sualı ilə Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, Qarabağa qanunsuz səfərinə görə adı XİN-in “qara siyahısı”nda olan Konstantin Zatulinə müraciət edib. Zatulin isə bu dəfə təkcə Azərbaycanı deyil, Türkiyəni də ittiham edən qərəzli açıqlamalar verib.

Zatulin iddia edir ki, baş verənlər Rusiyaya qarşı “ikinci cəbhə” açmaq şantajıdır. Sitat: “İndi baş verənlər birbaşa Dağlıq Qarabağ ərazisinə təsir etmir, lakin təbii ki, Dağlıq Qarabağda gedən müharibənin nəticəsidir. Onu dəstəkləyən Azərbaycan və Türkiyə öz hesab etdikləri kimi, özləri üçün əlverişli məqamdan istifadə etməyə və qısa zamanda mümkün olan ən böyük nəticələri əldə etməyə tələsirlər. Əvvəla, bu, əslində Türkiyənin Xəzər dənizinə, daha da Mərkəzi Asiyaya yolunu açacaq nəqliyyat dəhlizlərinin yaradılmasıdır. Onların ikinci məqsədi Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə problemini aradan qaldırmaq, regionun statusu ilə bağlı istənilən müzakirədən tamamilə imtina etməkdir. Son Qarabağ müharibəsinin nəticəsinin Rusiyanın maraqları üçün nə kimi nəticələr verəcəyini lazımi səviyyədə qiymətləndirməmişik”.

“Bu vəziyyətdə Rusiyanın maraqları nədən ibarətdir? KTMT qüvvələrini sərhəddə göndərmək lazımdırmı” sualına Zatulin “bu bölgədə müharibənin yenidən başlaması bizim maraqlarımıza uyğun deyil” cavabını verib, Paşinyan hakimiyyətini də “ordunu alçaltmaqda” ittiham edib: “Bugünkü Ermənistanın özünü nə dərəcədə müdafiə etmək iqtidarında olduğu bəlli deyil. Ermənistanın KTMT-yə müraciəti təbii ki, formaldır, çünki reallıqda KTMT Rusiyadan və öz oyununu oynayan başqalarından ibarətdir. Hazırda real mənzərə budur. İndi bir növ atəşkəs sazişi bağlanıb, amma bunun necə həyata keçiriləcəyini söyləmək çətindir. Xüsusən də bütün bu hadisələrin Türkiyə Baş Qərargahının mütəxəssislərinin və az qala onun rəisinin iştirakı ilə hazırlandığı barədə şayiələri nəzərə alsaq”. Zatulin yenə də Rusiyaya qarşı “ikinci cəbhə” variantına qayıdıb və deyib ki, bu halda “Azərbaycan və onun arxasında dayanan Türkiyə ilə münasibətlər gərginləşə bilər”. 

Türkiyənin indi Rusiyanın əsas müttəfiqi olmasına gəlincə, Zatulin yenə ara qarışdırmağa davam edib: “Rusiya rəhbərliyinin Türkiyənin bizə olan "dostluq" hisslərinin səmimiliyi ilə bağlı heç bir illüziyası yoxdur. Baxmayaraq ki, bizim hökumətin bəzi nümayəndələri və Rusiyada türk maraqlarının lobbiçiləri var. Bu gün onlar kifayət qədər fəaldırlar və qələbəni qeyd edirlər. Biz Rusiyanın daxilində kimin fikrinin həlledici olmasını müəyyənləşdirəcəyik, amma problem aradan qalxmayacaq. Problem ondadır ki, Azərbaycan və Türkiyə müttəfiqliklərini getdikcə gücləndirir və bu regionda Rusiyanı “əvəz etmək” səylərini fəallaşdırır". Zatulin sonda deyib ki, Azərbaycan danışıqlar prosesində Ermənistanın malik olduğu bütün əvvəlki mövqelərdən tez bir zamanda əl çəkməsini istəyir.

Göründüyü kimi, yenə ermənipərəst mövqeyində olan Zatulin Ermənistanın təxribatlarını Azərbaycanın və Türkiyənin üzərinə atmaq istəyir. Rusiyanın İkinci Qarabağ müharibəsində mövqeyini tənqid edir, Bakı və Ankaranı Moskva ilə üz-üzə qoymağa çalışır, hansısa mifik “Rusiyaya qarşı ikinci cəbhə” açmaqdan, Türkiyənin bu planda yer aldığından danışır. Onun xüsusuilə Rusiya hakimiyyətinə işarə edərək, Türkiyənin lobbi qrupları olması haqda dedikləri də diqqət çəkir. Demək, Rusiya daxilindəki ermənipərəst və antitürk qüvvələr Türkiyənin bölgədə möhkəmlənməsindən narahatdırlar. “Problem ondadır ki, Azərbaycan və Türkiyə müttəfiqliklərini getdikcə gücləndirir və bu regionda Rusiyanı ”əvəz etmək" səylərini fəallaşdırır" fikri bu narahatlığı bir daha təsdiq edir. Zatulinin mövqeyindən o da aydın olur ki, ölkədən kənardakı ermənipərəst lobbi qrupları Paşinyan hakimiyyətindən narazıdırlar və onu “ordunu alçaltmaqda” ittiham edirlər. Zatulinin qərəzi bəlli olsa da, onun dedikləri əslində xüsusilə Rusiyada ermənipərəst qüvvələrin narahatlığını göstərir. Bu narahatlıq isə bölgədə güclənən Azərbaycan-Türkiyə birliyidir. Bəs bizim şərhçilər, siyasət adamları nə düşünürlər? Rusiyadakı ermənipərəstlər nədən belə sancılanıblar?

Razi Nurullayev Prezidentə yazdığı təbrikdən danışdı: “Mexaniki olaraq səhv  yazmışam” - FOTO | KONKRET

Razi Nurullayev

Deputat Razi Nurullayev “Yeni Müsavat”a Zatulinin hər zaman ermənipərəst olduğunu və burada təəccüblü hal görmədiyini qeyd etdi. Millət vəkili hesab edir ki, hər nə qədər Zatulin ermənipərəst olsa da, artıq reallığı dərk edir, Rusiyanın Azərbaycanla qarşıdurmaya getməyəcəyini anlayır: “Halbuki  o, əvvəllər belə danışmırdı. Çox maraqlıdır ki, bugünlərdə Rusiya telekanallarının birində də adını unutduğum siyasi ekspert eyni fikirləri səsləndirdi. Sanki Zatulinlə eyni mərkəzdən təlimat alıblar. Rus ekspert iddia edirdi ki, Azərbaycan Prezidentinin Böyük Britaniya ilə isti münasibətləri və sərhəddə baş verən bu hadisələr Londondan qaynaqlanır. Guya Türkiyə və Azərbaycan Qərbin tapşırıqlarını yerinə yetirirlər. Amma bir müsbət tendensiyanı qeyd edim ki, artıq Rusiyada Ermənistanı müdafiə edənlər getdikcə azalır, bizi dəstəkləyənlər isə çoxalırlar. Bu, sevindirici haldır. Zatulin hər şeyi çox yaxşı başa düşür, sadəcə, erməni lobbisindən qidalanır deyə bu mövqeni sərgiləməklə aldığı pulların əvəzini ödəməyə çalışır”.

Elşad Musayev: İllərin təcrübəsi göstərir ki, Cəmil Həsənli öz maraqlarını  çox yaxşı güdür

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev söylədi ki, Zatulin ənənəvi düşmənçiliyini davam etdirir. Partiya sədrinin sözlərinə görə, rus deputat həmişə eyni sözləri danışır: “Bəli, bu hadisələr Ermənistanı sülhə məcburetmə əməliyyatıdır. Burada Azərbaycanın və Türkiyənin marağı var. Biz İrəvanın götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edirik. Ermənistan iki ildir ki, üzərinə düşəni etmir - bura kommunikasiya xətləri, Zəngəzur dəhlizinə maneəsiz keçid, sərhədləri dəqiqləşdirmək məsələləri daxildir. Ermənistanın ağlı başına gələnə qədər sülhə məcbur etməyə çalışmalıyıq. İndi Zatulin bizi günahkar çıxarmağa çalışa bilər, amma onun fikirlərinin əhəmiyyəti yoxdur. Ermənilər ona boş yerə pul xərcləyirlər, çünki nəticəsi olmur. Zatulini hər zaman pulla saxlayıblar, lazım olanda danışdırırlar, ondan istifadə edirlər. Ümumiyyətlə, Zatulin və o xətdə olan adamlar eyni mövqeni davam etdirirlər. Görünür ki, Putin hər şeyə nəzarət edə bilmir, daxildə parçalanma var. Əvvəl hakim komanda var idi, indi kontrol edə bilmir. Hərçənd hakim partiyanın üzvü olan Zatulinin qulağını burmalıdırlar ki, danışığına fikir versin. Amma o, ermənilərin ağzı ilə danışır. Biz belələrinə fikir vermədən işimizi davam etdirməliyik. Rusiyada, İranda, Qərbdə it hürər, karvan keçər, Azərbaycan haqq işini aparır”.

Ədalət Verdiyev: Erməni terrorunun qurbanı olmuş azərbaycanlı  jurnalistlərin xatirəsi daim qəlbimizdə yaşayacaq - AZƏRTAC

Ədalət Verdiyev 

Hərbi ekspert Ədalət Verdiyev qəzetimizə bildirdi ki, Zatulin qeyri-ciddi adamdır. Onun sözlərinə görə, bu şəxs bir nömrəli Türkiyə və Azərbaycan düşmənidir: “Erməni mətbəxindən qidalanan birindən bundan artıq fikir gözləmək olmaz. Əgər Türkiyənin bölgədə varlığından narahatdırlarsa, qoy təşvişə düşsünlər. Sadəcə, Zatulinin nə zat olduğunu hamı yaxşı bilir və onun bütün çıxışları bizə qarşı yönəlib. Bu adamdan başqa cür açıqlama gözləməyə dəyməzdi”. Deputat Cavid Osmanovun sözlərinə görə, Zatulin hər zaman Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi ilə yadda qalır. “Zatulin o qədər irəli gedir ki, görünür, erməni lobbisi tərəfindən daha çox bəsləndikcə, hətta öz ölkəsinin prezidentinin əleyhinə bəyanatlar verməkdən belə çəkinmir. Zatulin erməni lobbisindən bəslənərək açıq şəkildə bütün beynəlxalq hüquq və normaları pozur. O, qanunvericilik orqanının üzvü olmasına baxmayaraq, bütün qanunların üzərindən xətt çəkib qondarma rejimin rəhbərliyinə məktub ünvanlayır, onları sentyabrın 1-də ”respublika günü" münasibətilə təbrik etməyi də özünə borc bilir. Hakim partiya onu tənbeh etməlidir. Zatulinin simasında qərəzli mövqedən çıxış edən belə adamlar elə Rusiyanın özü tərəfdən cəzalandırılmadıqca daha da hədlərini aşmağa davam edirlər", - deyə deputat vurğulayıb.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR