İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bakılı balası” Peterburq qubernatoru kimi qalasıdır

Beqlovun seçkidə üç rəqibi olsa da, onun postunu saxlamaq şansları daha çoxdur  

Sankt-Peterburqda qubernatorluğa namizədlərin qeydə alınması üçün sənədlərin təqdim edilməsi mərhələsi iyulun 2-də başa çatıb. 

Musavat.com “Kommersant”a istinadən xəbər verir ki, qubernator postu üçün mübarizə aparmaq istədiklərini bildirən 22 namizəddən yalnız 5-i tələb olunan sayda imzaları toplaya biliblər.

Bu hazırkı qubernator Aleksandr Beqlov, LDPR-in namizədi Maksim Yakovlev, Sankt-Peterburq bələdiyyəsinin deputatı Pavel Bragin, Rusiya Kommunist Partiyasının  namizədi Sergey Malinkoviç və özünün namizədliyini irəli sürmüş Aleksey Kovalyovdur. Lakin sonuncunun imzalarının çoxu saxta olduğu üçün bülletendə yalnız dörd ad qala bilər.

Maksim Yakovlev, Pavel Bragin və Sergey Malinkoviçin imzalarında heç bir qanun pozuntusu aşkar edilməsə, sentyabrın 8-də keçiriləcək seçkilərdə bülletendə 4 namizədin adı olacaq.

beqlov.jpg (292 KB)

Yada salaq ki, hazırkı qubernator Aleksandr Beqlovun namizədliyi hakim “Vahid Rusiya” Partiyası tərəfindən irəli sürülüb. Sankt-Peterburq qubernatoru indiyədək şəhərə rəhbərlik edənlər sırasında ən çox tənqid edilən məmurdur. Ötən il Beqlovun istefası ilə bağlı petisiyada 1,3 milyondan çox sakin qubernatorun istefaya göndərilməsini istəyib.

Merin idarəçiliyindən narazılıq çoxdan var, amma sakinlərin səbrinin son damlası Beqlovun MDB ölkələrinin assambleyasında Ukrayna bayrağı fonunda çıxışı olmuşdu. Amma prezident Putin onu vaxtından əvvəl istefaya gödərmədi, bu seçkidə də hakim partiya onu müdafiə etdi.   

Postsovet Sankt-Peterburqun tarixində şəhərin indiyədək beş meri olub: Anatoli Sobçak (o zaman mer vəzifəsi, 1991-1996), Vladimir Yakovlev (1996-2003), Valentina Matviyenko (2003-2011), Georgi Poltavçenko (2011-2018) və Aleksandr Beqlov (2019-cu ildən).  

800x400-1.jpg (129 KB)

Bu ilin aprelində Azərbaycanda səfərdə olmuş Beqlov 1956-cı il mayın 19-da Bakıda doğulub. 1941-ci il yayın əvvəlində onun valideynləri Bakıya istirahətə gəliblər. Valideynləri burada olanda müharibə başlayıb. Atasını dərhal cəbhəyə göndəriblər, anası isə iki yaşlı oğlu və dörd yaşlı qızı ilə birlikdə yad şəhərdə tək qalıb. Atasının dostları onları burada himayə ediblər. Beqlovun atası İkinci Dünya müharibəsi başa çatana qədər cəbhədə olub və yalnız 1946-cı il ərəfəsində Bakıya qayıdıb. Onların ailəsi Azərbaycanda qalmağı qərara alıb. A.Beqlov ailədə səkkizinci uşaq olub.

Belə görünür ki, obrazlı desək, “bakılı balasının”  Peterburq  qubernatoru kimi postunu saxlamaq şansı çoxdur...

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR