İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan İğdıracan... - Göyçə gölü ilə salamlaşmağın HƏYƏCANI, Xankəndili Azərbaycana çəkilən YOL

Yolumuz Türkiyəyədir. Beynəlxalq Qarabağ Təşkilatının təmsilçiləri ilə qardaş ölkənin İğdır və Van bölgəsində tədbirlərə qatılacağıq.

Türkiyənin İğdır Böyük Şəhər Bələdiyyəsi, İğdırda fəaliyyət göstərən “Azərbaycan dili, tarixi və mədəniyyət birliyini yaratma və dəstəkləmə dərnəyi” və  “İğdır Azərbaycan Evi”nin təşəbbüsü, həmçinin təşkilatçılığı ilə keçiriləcək tədbirin adına diqqət: “Zəngəzur: tarix və müasirlik”.

Artıq Zəngəzur yolçuluğu başlayıb. Qürurlu tarix yaşayırıq, Xankəndiyə bayraq sancan ölkənin vətəndaşları olaraq tamam ayrı ovqatda yola çıxmışıq. Heydər Əliyev Beynəlxalq Hava Limanında heyətin üzvlərinin mövzusu birdir: Xankəndi zəfəri, son günlərin digər möhtəşəm hadisələri, həmçinin Zəngəzur... Azad Vətən Partiyasının sədri, Beynəlxalq Qarabağ Təşkilatının koordinatoru, tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağı, dəyərli ağsaqqalımız, Qarabağ müharibəsi veteranı, şəhid atası Hacı Əkbər Rüstəmov, iqtisadiyyat üzrə fəlsəfə doktoru Şamil Mehdi, araşdırmaçı jurnalist Novruz Novruzov, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli, AMEA Tarix İnstitutunun şöbə müdiri, professor Tofiq Nəcəfli ilə bərabər foto çəkdirib üzərində Ağdam yazılmış Naxçıvan təyyarəsində yerlərimizi alırıq. Göyçə gölünün üzərindən uçarkən buludların bir anlıq çəkilməsi, Azərbaycanın qərbində, düşmən əlində əsir qalmış qərib gölünü yuxarıdan seyr etməyimizə Allahın lütfü sayəsində şərait yaranması həyəcanımızı artırır...

7a7d4500-9990-4619-938a-b8cb7ddc57d0.jpg (281 KB)

Cəmi 50 dəqiqəlik yolçuluq və Naxçıvan! Bakının küləyindən əsər-əlamət yoxdur, oktyabr havasının temperaturu yayı xatırladır. Burada heyətimizi Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun əməkdaşları səmimi şəkildə qarşılayırlar. Türkiyədə keçiriləcək konfranslar barədə əvvəlcədən məlumatlı olan qardaş ölkənin diplomatik missiyasının ayırdığı xüsusi avtomobillə Naxçıvan hava limanından birbaşa Sədərək gömrük məntəqəsinə yollanırıq. Naxçıvanda heyətimizə qoşulan Qarabağ qazisi Haşim İsgəndərli yol boyunca heyətə bələdçilik edir, tikintilərdən tutmuş, Vasif Talıbovdan sonrakı durumadək maraqlı bilgilər verir.

Təmiz, səliqəli küçələrdə insanların sayının azlığı hər kəsin diqqətini çəkir. Diqqət çəkən daha bir məqam yol kənarı ilə salınmış yaşıllıqlardır, yayda 45-50 dərəcəyə çatan hərarətdə bu yaşıllıqları qoruyub-saxlamaq heç də adi məsələ deyil... Bələdçimiz yol boyunca Kəngərlidən, Şahtaxtlı nəslinin məşhur simalarından danışır, keçmiş baş nazir Artur Rasizadənin evini, sabiq deputat Sülhəddin Əkbərin kəndini nişan verir, işğaldakı Kərki kəndinin sakinlərinin məskunlaşdığı Yeni Kərki kəndini göstərir, uzaqdan görünən Duzdağdan bəhs edir...

077c0b60-ba31-45fa-8e8e-ba3c6786cad1.jpg (271 KB)

Bir gözüm sağda – Ermənistanın işğalındakı Kərki tərəfdədir. Qəfildən Kərkini əhatə edən dağların üzərini buludların kölgəsi ağuşuna alır, çökəkdə Kərkinin evləri görünür. Naxçıvan istiqamətindən qalxan yolunu ot basmış qədim yurdumuza həsrət-həsrət baxaraq, “çox qalmayıb, inşallah qovuşarıq”, pıçıldayıram. Qeyri-ixtiyari sol tərəfə boylanıram. Uzaqdan Günəşin şüaları bərq buran Arazın suyuna zillənir gözlərim. Üzərində yüksəkliklər, Güney Azərbaycandakı tikililər, postlar... Bir ah dəlir köksümü, nə qəribə taledir, sağda Ermənistan adlı qondarma dövlət, üstəlik, işğaldakı kəndimiz, solda da İran əsarətindəki Güneyimiz. Biz də dəhliz yolla gedirik... Az sonra Arazın üstündən adlayanda çayın o tay-bu tayına sərbəst şəkildə uçan, hər iki tərəfə qonan quşlara qibtə ilə baxacağıq... Baxırıq, 1992-ci ilin mayında açılmış Ümid körpüsündən keçərək. Həm Azərbaycan, həm də Türkiyə sərhəd-gömrük məntəqələrində lazımi prosedurlar icra olunur, yüksək diqqət və həssasiyyətlə. Pandemiya səbəbindən quru sərhədlər qapalı olsa da, heyətimiz rəsmi icazə aldığı üçün hər hansı problemlə üzləşmirik. Bu arada Naxçıvan qeydiyyatında olan sakinlər daha rahat şəkildə qarşı tərəfə adlayırlar.  

7ca2ff28-cf3a-4e7b-8770-873bff59cbcf.jpg (189 KB)

Yenə sağ tərəfə boylanıram, Arazdəyənə sarı... Uzaqdan evlər görünür. Bir az kənarda sement zavodu var gücü ilə işləyir, atmosferə püskürdüyü tüstü dumanından bəllidir. Buralardan İrəvana 80 km-lik məsafə var, Vedibasarın o üzündədir, dağlar görünməz edib. Yol yoldaşlarımla bərabər daha da irəli gedərək Qərbi Azərbaycandakı yurd yerlərimizə sarı tamaşa edirik. Aylardır müzakirəsi gedən, sonradan Azərbaycanın tələbi ilə tikintisi dayandırılan metallurgiya zavodunun quraşdırıldığı səmtə də boylanırıq. Sərhədçilərimizin və ordumuzun mövqelərinə də qürurla baxırıq. Bir də Kərki tərəfə...

6ed6e7e4-8ee7-40bc-8cd2-87a6b61673c1.jpg (200 KB)

Düşmənə gözdağı olan Ağrının başı həmişəki kimi qarla örtülüb. Həm də dumana bürünüb, həm Bala Ağrı, həm də Ana Ağrı. Möhtəşəm mənzərədir. Hacı Əkbər əmi “salam, Ağrı” deyərək əl eləyir. Qarabağ-Zəngəzur heyəti Ağrıyla salamlaşdıqdan sonra xatirə fotosu çəkdirir, yola davam edir... İğdıra sarı uzanan 85 km-lik magistralda ciddi iş gedir. Öyrənirik ki, yolun əsaslı təmirinə bri neçə aydır başlanıb və artıq tamamlanma üzrədir. İki qardaş ölkə arasında körpü rolunu oynayan, olduqca mühüm əhəmiyyətə malik, Naxçıvan bölgəsinin ən ağır dönəmlərində nicat yolu olan bu yolun əsaslı şəkildə təmiri, genişləndirilməsinin özəlliyi var: bu, Zəngəzur dəhlizinə aparan yoldur. Azərbaycan tərəfdə olduğu kimi, qardaş Türkiyədə də Zəngəzur dəhlizinin reallaşacağına heç bir şübhə qalmayıb. Odur ki, işlər sürətlə davam etdirilir. Yol boyunca dörd zolaqlı yoldakı çalışmaların şahidi oluruq. İnşallah çox keçməz hər iki qardaş ölkədən yola çıxan avtomobillər ünvanına yetişər... Təkcə avtomobil yolu da deyil. İğdırda öyrənirik ki, Qarsdan Naxçıvana doğru çəkilən dəmir yolunda da işlər sürət götürüb... İki qüdrətli ölkənin plan üzrə həyata keçirdiyi işlərin qarşılığında Ermənistan nəkarədir müqavimət göstərsin?..

9b4275a9-9f14-47a1-a651-b09f7d4be823.jpg (304 KB)

Bu da gözəl İğdır. İlk olaraq Azərbaycan kökənli, Türkiyə və Azərbaycan sevdalı aydınımız, Beynəlxalq Qarabağ Təşkilatının koordinatoru Ziya Zakir Acarın qurucusu olduğu İğdır Azərbaycan Evindəyik. Möhtəşəm ünvandır. İki mərtəbəli ofisdə Azərbaycanın qurucu liderləri, prezidentlərinin fotoları, milli geyim nümunələri, sənət əsərləri, qoşa bayraqlarımız, ümumiyyətlə, Azərbaycana aid çoxsaylı kolleksiyalar toplanıb. Heyət üzvlərini böyük sevgi və sayğı ilə qarşılayır Ziya Zakir Acar və Azərbaycan Evinin digər iştirakçıları. Bu, həm də Xankəndini, Xocalını, digər əsrilikdə qalmış tarixi yurdlarımızı azad etməyimizin sevgisi, alqışı və məmnuniyyəti idi. Sözarası Ziya Zakir bəy Bakıda olarkən Musavat.com üçün aldığım müsahibəni xatırlayırıq. O zaman Şuşada keçirilən Dünya Azərbaycanlılarının Qurultayına qatılan Ziya bəy “Xankəndiyə böyük bir həsrətlə baxdım” - demişdi və onun nigaranlığını müsahibəmizə sərlövhə seçmişdik. Bu həsrətin artıq bitdiyini məmnuniyyətlə qeyd edirik, Ziya Zakir bəy “şükürlər olsun” söyləyir.

85c78a2e-d9d0-4c4e-a367-db88aea6073f.jpg (337 KB)

Ərzurumdan gəlmiş tarix doktoru, Ərzurum Universitetinin müəllimi, ürəyi Azərbaycanla döyünən Gürsoy Solmaz bəy də bildirir ki, Azərbaycanın zəfərlərini anbaan izləyiblər, bizimlə bərabər seviniblər, qürurlanıblar. “Oralara yağmur yağanda buraya dolu düşər. Biz Azərbaycanın qələbələrini hər zaman gözləmişik” - deyir.

8c1b5861-99c1-4f78-ab8e-26658149b25b.jpg (277 KB)

İğdır küçələrində də bir başqa ovqat var, Azərbaycan heyətini müşahidə edən qardaşlarımız məmnunluqla salamlaşırlar, hər birimiz fərqi aydın sezirik: bu, böyük bir mücadilə verərək ərazi bütövlüyünü tam təmin edən qardaş Azərbaycana münasibətin bir ayrı biçimidir. Qardaş Türkiyə də artıq Qarabağa görə nigaran deyil, bizimlə birgə sevinir, qürurlanır, fəxarət hissi duyur, Turan yolçuluğunda növbəti hədəflər uğrunda addımlar atır! İğdırın bu yolçuluqda bir başqa yeri var. İğdır həm də bir əsr öncə Qərbi Azərbaycandan didərgin salınan, erməni daşnakların qətliamlarından xilas olmaq üçün Arazı bu taya adlayan çoxsaylı Azərbaycan türklərinin, onların övladlarının yurdudur. Bu gün İğdırdan da İrəvana sarı, ordakı doğma yurdlara tərəf boylanan o qədər niskillimiz var ki... Yollarımızın tezliklə açılacağına əminliyimiz isə sonsuzdur. Bu misraları yazarkən Azərbaycan Müstəqilliyinin bərpasının 32-ci ildönümünü qeyd edir. Müasir tariximizdə ilk dəfə: Xankəndidə üçrəngli bayrağını ucaltmış Azərbaycanın müstəqilliyi əbədi, Türkiyə ilə qardaşlığımız sarsılmaz, Zəngəzurdan keçəcək avtomobil və dəmir yollarımız daimi, xəta-bəlasız olsun, inşallah!

Elşad Paşasoy,
Musavat.com



98d5d0e9-36e0-4713-8810-5243c5974e15.jpg (290 KB)

WhatsApp Image 2023-10-18 at 19.22.58.jpeg (191 KB)

WhatsApp Image 2023-10-18 at 19.22.58 (1).jpeg (182 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR