Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilir. Bu barədə agentlikdən bildirilib.
Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur. Sözügedən layihə çərçivəsində yol hərəkətinin təşkilinin texniki xarakteristikalarının qısa analizinin nəticələri nəzərə alınaraq, ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların , habelə ərazidəki nəyaradılmasıqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsi, ərazinin küçə-yol şəbəkəsinin nəqliyyat planlaşdırma sxeminin tamamlanması məqsədilə layihənin icra edilməsi mütləq olaraq məqsədəuyğun hesab edilir.
Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq Yusif Vəzir Çəmənzəmənli küçəsinə düzxətli davam etməklə şərq hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və “Nərimanov” metro stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq, habelə “Gənclik” və “Nərimanov” metrostansiyaları ətrafındakı ərazilərdən “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin təmin edilməsinə şərait yaradılmış olacaq. Eyni zamanda qeyd edilən yeni yol birləşməsinin yaradılması nəticəsində “Gənclik” və “Nərimanov” metrostansiyaları ətrafındakı ərazilərdən “Koroğlu” metrostansiyası istiqamətində və yaxud əks istiqamətlər üzrə Heydər Əliyev prospekti vasitəsilə yerinə yetirilən nəqliyyat yerdəyişmələrinin azalması və Heydər Əliyev prospektinə alternativ hərəkət marşrutunun yaradılması hesabına Heydər Əliyev prospektinin yan yolu üzrə müşahidə olunan tıxac hallarının minimumlaşdırılması təmin ediləcək.
Həmçinin qeyd edilən birləşməsinin yaradılması nəticəsində şəhərin şərq və mərkəzi qərb periferiyaları arasında Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel və həmin prospektlərin mərkəzi aralığında yerləşən yeni yaşayış massivlərinə alternativ birbaşa nəqliyyat bağlantısının yaradılması təmin ediləcək.
Bununla paytaxtda tıxac problemi nə dərəcədə həllini tapmış olacaq?
Hüquqşünas Ərşad Hüseynov “Yeni Müsavat”a bildirdi ki, yeni layihənin reallaşdırılması ilə müəyyən küçələrdə gərginlik azalacaq: “Bakı şəhəri və Abşeron yarımadasında mobillik sxeminə diqqət etsək, görərik ki, həm sərnişinlərin, həm nəqliyyat vasitələrinin hərəkətində şərq-qərb istiqaməti çox mühüm yer tutur. Abşeron yarımadasının dərinlikləri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Zabrat və s. və şəhərin mərkəzi, Yasamal, Lökbatan istiqamətlərində ciddi axın var. Şəhərin infrastrukturuna baxanda görürük ki, şəhərin şərqi ilə qərbini birləşdirən yollar azdır. Prospektlər çox yüklənib. Birinci sırada Heydər Əliyev prospekti dayanır. Ziya Bünyadov prospekti isə ikinci yerdədir. Yükün bir qismi Babək prospektinə düşür. 8 Noyabr prospekti və Zığ yolu da daxil olmaqla, cəmi 4 əsas ”arteriya" var. Axın çox olduğu üçün günün müxtəlif saatlarında tıxaclar olur. Bu səbəbdən şəhərin şərqi ilə qərbini birləşdirən yeni yola ehtiyac var. Bu, layihələndirilən yol ola bilər. Sözügedən yol Həsən Əliyev küçəsini Əhməd Rəcəbli küçəsi ilə birləşmədən başlayaraq Xəlil Rza Ulutürk küçəsi ilə birləşdirəcək. Sxem belədir ki, Həsən Əliyev küçəsi Aqarunov küçəsi, Keşlə bazarı istiqamətində davam edəcək. Keşlə bazarından keçərək yol ötürücüsü quraşdırılacaq, çünki o ərazidən dəmir yolu xətti keçir. Yol Bakmilin altından keçərək Ulduza doğru uzanacaq, Xəlil Rza Ulutürk küçəsinə birləşəcək. Yeri gəlmişkən, Xəlil Rza Ulutürk küçəsi yenidən qurulub. Həsən Əliyev küçəsi də kifayət qədər genişdir. Amma bu arada, ümumiyyətlə, yol yoxdur. Müstəqillikdən əvvəlki illərdə Ulduz metrostansiyasının ətrafında müəyyən sənaye obyektləri var idi, lakin hazırda həmin obyektlərin əksəriyyəti demək olar ki, işləmir. Odur ki, ərazidə yol çəkmək üçün şərait var. Yol qanunauyğun şəkildə razılaşdırılaraq yenidən qurulacaq. Nəticədə şəhərin qərbi ilə şərqini birləşdirən yol qurulacaq. Bu yolun özəlliyi Koroğlu qovşağına birləşməsidir. Bununla əlaqədar Koroğlu qovşağının yükü bir qədər arta bilər. Amma Koroğlu qovşağında yük artsa da, Nərimanov rayonu ərazisində bir sıra küçələrin yükü azalacaq".
Ərşad Hüseynovun fikrincə, yeni yolun çəkilməsi ilə şəhərdə tıxacların qarşısı tam alınmayacaq: “Bakının tıxac probleminin başqa səbəbləri var. Bakı-Sumqayıt yolu, Səbayel rayonu ərazisində, mərkəzi hissədə problemlər çoxdur. Nərimanov rayonunda müəyyən küçələrdə isə vəziyyət bir qədər yaxşılaşacaq. Heydər Əliyev prospektinin Koroğlu qovşağından mərkəzə doğru sağ hərəkət hissəsində nisbətən yük azalacaq, Ziya Bünyadov prospektində, Əliyar Əliyev, Ağa Nemətulla, Əhməd Rəcəbli küçələrində gərginlik daha az olacaq”.
Ərşad Hüseynov vurğulayıb ki, son 20 ildə Bakı şəhərində görülən yenidənqurma işləri birmənalı şəkildə göstərir ki, sadəcə yeni yolun tikintisi, yaxud yolların genişləndirilməsi hər şeyi həll etmir: “İctimai nəqliyyat inkişaf etdirilməlidir. Bunun üçün də infrastruktur yaradılmalıdır. Bunun alternativi yoxdur. Yeni yol yalnız fərdi avtomobillərin istifadəsi üçün nəzərdə tutularsa, 2-3 ildən sonra vəziyyət əvvəlki səviyyəyə qayıdacaq, hətta bir qədər də pisləşəcək. Məlumat üçün bildirim ki, 2005-ci ildən başlayaraq son 19 ildə Bakı-Sumqayıt yolunda 3 dəfə əsaslı yenidənqurma işləri görülüb, yol genişləndirilib. Ən azından Xırdalan dairəsindən Bakıya doğru bir neçə qovşaq tikilib. Lakin bu il müşahidə olundu ki, Bakı-Sumqayıt yolunda gərginlik əvvəlki illərə nisbətən daha çoxdur. Bunun səbəbi odur ki, fərdi avtomobillərə hesablanmış yol infrastrukturu, mobillik yaxşı heç nəyə gətirib çıxarmayacaq. Bir sözlə, yeni salınan yollarda yüksək səviyyədə piyada infrastrukturu qurulmalıdır. Səkilər, yaşıllıqlar elə olmalıdır ki, insanlar piyada hərəkət etməkdən zövq alsınlar. Eyni zamanda velosiped yolları, yaxud da zolaqları mütləq olmalıdır. Xatırlatmaq yerinə düşər ki, Bakının Baş Planı ilə bağlı müzakirələrdə tramvayların bərpasına da toxunuldu. Bəlkə də elə bundan başlamaq lazımdı? Zatən yeni yol qurulacaq, mümkündürsə, tramvay xətti çəkmək olar. Gələcəkdə paytaxtın digər ərazilərində tramvay xətləri bərpa olunmaqla şəbəkə yaratmaq olar. Əsas məsələ budur ki, ictimai nəqliyyata, mikro mobilliyə, insanların piyada hərəkətinə üstünlük verilən mühit yaradılmalıdır. Əks təqdirdə, yeni salınan yol istifadəyə veriləndən bir neçə il sonra dolacaq”.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev isə bildirib ki, yeni yolun çəkilməsi deyil, onun necə çəkilməsi önəmlidir: “Yeni yollar müasir şəhərsalma prinsiplərinə uyğun salınırmı? 6 zolaqlı yol düşündürücüdür. Süni qurğular, köməkçi qovşaqların tikilməsini nəzərə alaraq yeni layihəyə təkrar baxılmasına ehtiyac var. Hesab edirəm ki, bu şəhər toxumasını dağıdacaq. Bu insanların hərəkətinə qismən məhdudiyyət yaradacaq. Yeraltı keçidlər olacaqsa, hərəkət üçün məhdud imkanlar daha da məhdudlaşacaq. Qısa məsafədə həllər üstünlük təşkil etməlidir: piyada hərəkəti, mikromobillik vasitələri və s. Yeni tikilən yollar paytaxtın mərkəzi hissələrində başlanan prosesə inteqrasiya olunmalıdır. Diqqətlə baxsaq, Gənclik istiqamətindən Koroğlu istiqamətinə hərəkət nəzərdə tutulur. Mövcud olan Ziya Bünyadov və Həsən Əliyev prospektlərinə alternativ kimi formalaşacaq. Bu da eyni istiqamət üzrə alternativ hərəkəti özündə ehtiva etməlidir”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ