Onlayn ictimai-siyasi qəzet
“Mən general mundirində həbsxanaya getməyəcəm. Mən zabit şərəfimi sona qədər qoruyacağam...” Bu, 53 yaşlı ordu generalı İvan Maslennikovun köməkçisinə dediyi son sözlər olub. Köməkçisi kabinetdən çıxdıqdan sonra general tabel silahı ilə özünə atəş açaraq intihar edib...
Maraqlıdır, SSRİ-nin silahlı qüvvələrində kifayət qədər böyük nüfuza sahib olan, müharibə illərində bacarıqlı sərkərdə kimi tanınan, ən yüksək dövlət mükafatları ilə təltif olunan, ordu generalı rütbəsinə qədər yüksələn Maslennikovu intihara nə sövq edib?
İvan Maslennikov hərbi xidmətə sıravi rabitəçi kimi başlayıb. 1900-cü ildə Saratovda anadan olan general iki illik təhsildən sonra çox erkən yaşlarından əmək fəaliyyətinə başlayıb. Bir müddət dəmiryolu stansiyasında fəhlə, poçt idarəsində kuryer işləyib. 1918-ci ildə isə onu hərbi xidmətə çağırıblar. Altı aylıq hərbi kurslar keçdikdən sonra Maslennikov gələcək həyatını hərbi sahəyə bağlayıb. Moskva Hərbi Dairəsində sıravi rabitəçi, 1-ci Ukrayna diviziyasında rabitə komandirinin köməkçisi, daha sonra diviziyanın rabitə komandiri vəzifələrində xidmət edən Maslennikov Frunze adına Hərbi Akademiyada ali təhsil alıb.
Maslennikovun hərbi xidməti Azərbaycanla sıx bağlı olub. 1937-ci ilin yanvar ayında o, Bakıya göndərilib, əvvəlcə Azərbaycanda “NKVD”-nin sərhəd və daxili qoşunlarının döyüş hazırlığı idarəsinin rəisi, daha sonra isə sərhəd və daxili qoşunlar baş idarəsinin rəis müavini vəzifəsində xidmət edib. Bir il Azərbaycanda xidmət etdikdən sonra onu Moskvaya qaytararaq “NKVD”-nin sərhəd qoşunlarının komandanı təyin ediblər. 1939-cu ilin yanvar ayından isə Maslennikov “NKVD” komissarının (Lavrenti Beriyanın) sərhəd və daxili qoşunlar üzrə müavini vəzifəsinə təyinat alıb.
Sovet-alman müharibəsi başlananda Maslennikova 29-cu ordunun yaradılması həvalə edilib. Bu ordunun əsas şəxsi heyəti məhz “NKVD” qoşunlarının hesabına formalaşıb. Müharibənin ən ağır cəbhələrində İvan Maslennikov ən uğurlu hərbi əməliyyatlarla fərqlənib. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, dəfələrlə İosif Stalindən yazılı təşəkkürlər alıb. 1944-cü ildə ordu generalı rütbəsini Kremldə ona Stalin şəxsən təqdim edib.
Müharibədən sonra, 1945-ci ildə Maslennikov xidmətini yenidən Bakıda davam etdirib, Bakı Hərbi Dairəsinin komandanı vəzifəsinə təyinat alıb. 1948-ci ildə isə o, SSRİ daxili işlər nazirinin qoşunlar üzrə müavini təyin olunub.
Stalinin vəfatından sonra Maslennikovun hərbi karyerasında ciddi problemlər yaranıb. Belə ki, hakimiyyətə gələn Nikita Xruşşov Stalinin fəaliyyətini alt-üst etmək, onun adını tarixdən silmək istiqamətində apardığı işlərə Maslennikovu da cəlb etməyə çalışıb. Generala əvvəlcə Stalinin əleyhinə mətbuatda çıxış etmək təklif edilib. Maslennikov bu təklifdən qəti şəkildə imtina edib. Daha sonra ona Beriyanın əleyhinə ifadə vermək “təklif” olunub. Bu təklif birbaşa Xruşşovla görüşdə müzakirə edilib. Maslennikov Xruşşovun kabinetində əlini stola çırparaq Xruşşovu yaramaz adlandırıb. Elə bu yaramaz ifadəsi də Maslennikovun hərbi karyerasına və şəxsi həyatına son qoyub.
Beriyanın həbsindən sonra onun yaxın ətrafının siyahısına Maslennikovun da adı düşüb. General ən ağır cinayətdə ittiham olunub. Haqqındakı araşdırmalarda Maslennikovu “NKVD”-nin qoşunları ilə Kremlə hücumda, dövlət çevrilişinə cəhddə ittiham ediblər.
Əslində, Maslennikov vaxtilə Beriyanın müavini olsa da, onun ətrafında tez-tez görünsə də onunla heç bir yaxın münasibəti olmayıb. General sadəcə öz vəzifəsini icra edib, adı heç bir qalmaqallı hadisələrdə, Beriyanın iyrənc və qorxulu oyunlarında hallanmayıb.
1954-cü ildə Maslennikov haqqında rəsmi cinayət işi açılıb. General bu haqsızlığı həzm edə bilməyib, müttəhimlər kürsüsündə əyləşməyi, həbsxana kamerasına düşməyi özünə sığışdırmayıb və son çıxış yolu kimi intiharı seçib.
Müasirləri Maslennikov haqqında həmişə yüksək fikir söyləyiblər. Georgi Jukov, Konstantin Rokossovski, İvan Konyev kimi tanınmış sərkərdələr onu son dərəcə bacarıqlı və peşəkar hərbçi kimi xarakterizə ediblər. Marşal Aleksandr Vasilevski isə öz memuarlarında Maslennikovu aşağıdakı kimi xatırlayıb:
“Mən Baş Qərargah rəisi olarkən cəbhələr arasında koordinasiyanı təşkil edəndə Maslennikovun olduğu cəbhədən həmişə arxayın olurdum. O, hərb sənətinin bütün incəliklərini bilirdi, hərbi əməliyyatın necə keçəcəyini əvvəlcədən hiss edirdi, ən mürəkkəb situasiyalarda belə düzgün qərar çıxarmağı bacarırdı. İstənilən döyüşdə Maslennikova güvənmək olardı. O, müharibə tarixində bir çox uğurlu əməliyyatlara imza atıb, müharibədən sonra isə ordu quruculuğuna böyük töhfələr verib. Böyük təəssüf hissi ilə qeyd edirəm ki, belə talantlı bir hərbçini tez itirdik. İvan Maslennikov Xruşşovun Beriyaya qarşı olam qisasının qurbanına çevrildi...”
İlham Cəmiloğlu, Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ