İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Hindistan məhsullarının ən böyük sərgisi təşkil ediləcək

Bakıda “Best of India” (Hindistanın ən yaxşıları) - Hindistan məhsullarının ən böyük eksklüziv ticarət sərgisi açılacaq.

Hindistan səfirliyindən Musavat.com-a verilən məlumata görə, Hindistan İxrac Təşkilatları Federasiyası və Hindistanın Bakıdakı səfirliyi ilə birgə 2-12 sentyabr 2022-ci il tarixlərində səhər saat 11:00-dən axşam saat 19:00-dək Bakı İdman Sarayında “Best of India”-Hindistan məhsullarının ən böyük eksklüziv ticarət sərgini təşkil edəcək. Xarici ölkələrdə ardıcıl olaraq təşkil olunan bu sərgi, Hindistan sənayesinin yüksək keyfiyyətli dəb,tekstil və həyat tərzi məhsullarını dünyaya tanıdır.

Səfirliyin müvəqqəti işlər vəkili cənab Vinay Kumar bildirib ki, “Best of India” sərgisi 9-cu dəfədir təşkil olunur. Builki sərgidə Hindistanın 65-ə yaxın şirkəti düyü, çay, ədviyyat, hədiyyələr, əl işləri, ev mebeli kimi yüksək keyfiyyətli məhsul və xidmətlərini nümayiş etdirəcək. Cənab Kumarın sözlərinə görə, sərginin ilk üç günü saat 13:00-dən saat 16:00-ya qədər “Hindistan yaradıcılığı səhnədə” eksklüziv canlı dəb nümayişi olacaq. Bütün bunlar ziyarətçilər üçün ödənişsiz təqdim olunacaq. Ziyarətçilər tədbirin davam etdiyi günlər ərzində istənilən vaxt Hindistan səfirliyinin stendində ödənişsiz olaraq Hindistan çayını dada bilərlər. Bundan əlavə, tədbir zamanı böyük LED ekranda Hindistanın turizm, mədəniyyət və investisiya imkanlarının təbliğatı məqsədilə Azərbaycan dilində subtitrlərlə videoların fasiləsiz nümayişi olacaqdır.

Cənab Kumar vurğulayıb ki, tədbirdə biznes və ticarətlə yanaşı, zəngin Hindistan mədəni irsinin xalq rəqsləri, Bollivud mahnılarının ifaları, ənənəvi alətlərdə ifa, xına (Mehndi) sənəti və s. vasitəsilə təmsil olunması da diqqət mərkəzində olacaq və bu da öz növbəsində “Best of India” tədbirinə əlavə dəyər qatacaq.

Sərgiyə giriş ödənişsizdir. Ünvan:M.Hüseynov küçəsi(keçmiş Neftçilər prospekti),26A.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR