Onlayn ictimai-siyasi qəzet
Ötən ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məcburi köçkünlər üçün tikilmiş 1662 mənzilin onlayn satışına başlayıb. Satışa çıxarılan mənzillər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında inşa edilən binalarda yerləşir.
Bu mənzillər daşınmaz əmlak bazarında MTK-ların satışa çıxardığı evlərdən nisbətən ucuz təklif olunur. Bəs görəsən, keyfiyyət olaraq necədir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, sözügedən mənzillərin qiymətləndirmə prosesi düzgün aparılmayıb:
“Hazırda o binalar boş qalıb və demək olar ki, alıcı yoxdur. İlk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu binalardakı mənzillərin qiymətləndirilməsi zamanı baş tutan tender prosedurunda biz də iştirak etdik. Deyə bilərəm ki, tender zamanı yanlışlığa yol verildi. Yəni qiyməti aşağı təklif edən yerli şirkətlərə deyil, digər xarici şirkətlərə üstünlük verildi. Halbuki xarici şirkətlər yerli bazarı bizdən yaxşı bilə bilməz. İndi elə qiymətlər təklif olunur ki, evləri alan yoxdur. Hesab edirəm ki, xarici şirkətlər qiymətləri bir qədər yüksək veriblər. Faktiki olaraq, həmin binaların istər keyfiyyət, istərsə də qiymət xüsusiyyətləri olduqca aşağıdır”.
Ekspertin fikrincə, bu mənzillər keyfiyyətcə aşağıdır və ucuz tikinti materialları ilə tikilib:
“Məsələn, belə mənzillərə baxış keçirən vətəndaşlar bu evlərin yenidən təmir olunmalı olduğunu və inşaat prosesi zamanı keyfiyyətcə aşağı materiallardan istifadə olunduğunu bildirirlər. Hətta elə binalar var ki, məcburi köçkünlər heç ora köçürülməyib. Yəni tikinti zamanı olduqca aşağı keyfiyyətli materiallardan istifadə olunub. Mənzilin kvadratını təxminən 800-900 manata alan vətəndaş, həmin mənzili yenidən təmir etməlidir. Digər mənfi cəhətlərdən biri isə, infrastrukturdan bir qədər kənarda olmalarıdır. Məsələn, Ramana qəsəbəsindəki binalar elə bir ərazidə yerləşir ki, orada hamısı fərdi yaşayış evləridir. Yəni vətəndaş bu mənzilə verəcəyi vəsait hesabına ondan daha yaxşı və komfortlu fərdi yaşayış evi ala bilər. Belə binaların əksər hissəsi yol-nəqliyyat infrastrukturundan xeyli aralıdır. Bütün bunlar vətəndaşları belə binalardan mənzil almaqdan çəkindirən amillərdir”.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ