İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı və İrəvan yolun sonuna yaxınlaşır: ən uğurlu format hansıdır - rəylər

2023-cü ilin sonuna iki ay yarım qaldı. Ancaq belə görünür ki, bu il də Azərbaycan və Ermənistan arasında sülh sənədi imzalanmayacaq. Əlbəttə ki, rəsmi İrəvanın davam edən sülh oyunbazlığı və danışıqları imitasiya etməsinin nəticəsi olaraq.

Keçən həftə MDB-nin son Bişkek sammitində Rusiya prezidenti Vladimir Putin Moskvanın sülh müqaviləsinin imzalanması məsələsinin müzakirəsi üçün Ermənistan və Azərbaycan nümayəndələrinin görüşünü təşkil etməyə hazır olduğunu bəyan edib.

Sitat: “Gündəlikdə bu uzun sürən münaqişəyə son nöqtəni qoymaq üçün sülh müqaviləsinin hazırlanması məsələsi var. Rusiya tərəfi, şübhəsiz ki, bunda tərəfdaşlarımıza mümkün olan hər bir yardımı göstərməyə hazırdır. Xüsusən ehtiyac olsa, Moskvada, istənilən formatda görüşün - əvvəlcə xarici işlər nazirlərinin, ekspertlərin görüşünün təşkilinə razıyıq. Rusiya bu danışıqların bu ölkələrin liderləri tərəfindən imzalanacaq sülh sazişi ilə yekunlaşmasına şərait yaradacağıq. Əlbəttə, seçim həmişə müvafiq ölkənindir, Rusiya yalnız bunun üçün müvafiq şəraiti yaratmağa hazırdır”. Kreml rəhbəri həmçinin bildirib ki, Rusiya sülh sazişinin bağlanması ümidi ilə sülh danışıqlarının bərpasına kömək etməyə hazır olacaq: “Biz həmkarlarımızı Moskvaya toplaşmağa dəvət etmişik. Baş nazir Paşinyanın bundan xəbəri var, mən ona dedim, Azərbaycan Prezidentinin də bundan xəbəri var. Mənə elə gəlir ki, bu, tamamilə mümkündür”. Onun sözlərinə görə, sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı texniki məsələlər var. “Bir istiqamətdə 100 metr, digər tərəfdə bir kilometr, artıq fərqi yoxdur. Hər iki tərəfin xoş niyyəti ilə bütün bunları həll etmək olar”, - Putin qeyd edib. Bəs Qarabağdan erməni köçündən sonra İrəvanın Moskvaya etimadının daha da azaldığını nəzərə alsaq, Rusiyanın Bakı və İrəvan arasında moderatorluğu nə dərəcədə uğurlu nəticələnə bilər? Xatırladaq ki, gələn həftə - oktyabrın sonuncu 7 günlüyündə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə də üçlü formatda görüş planlaşdırılır. Bakı və İrəvan bu görüş çağırışına pozitiv reaksiya verib. Lakin əsas suallardan biri hələ ki açıq qalır: tərəflər imzalanma yeri kimi haranı seçəcəklər - Brüsseli, Vaşinqtonu, Moskvanı, yoxsa Tiflisi? Qarşıdakı iki ay yarımda əsas gözləntilər nədir?

Sahib Məmmədov (siyasətçi) — Vikipediya

Sahib Məmmədov: “Rəsmi Bakı uyğun bildiyi bütün görüşlərdə iştirak etməkdə davam edəcək”

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında məsələyə fərqli rakursdan yanaşdı: “Mən əvvəlki şərhlərimdə də bir neçə dəfə Ermənistanla sülh müqaviləsinin bağlanacağı məkanın prinsipial məsələ olduğunu qeyd etmişdim. Rusiya üçün bu məkan Moskva və ya Rusiyanın hər hansı şəhəridir. Avropa İttifaqı üçün isə Avropa İttifaqının üzvü olan ölkələrdən birinin paytaxtı və ya hər hansı şəhəri, bu da alınmasa, Rusiya deyil, hər hansı başqa bir ölkə. Əlbəttə, ABŞ da öz növbəsində belə bir müqavilənin Rusiyada bağlanmasını istəmir. Təəssüf ki, regionda öz nüfuzunu və təsirini saxlamaq istəyən bu tərəfləri daha çox məkan məsələləri maraqlandırır. Azərbaycan üçün isə vacib olanı sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur dəhlizinın açılması və davamlı sülhün bərqərar olmasıdır. Amma gəlin əvvəlki illəri kənara qoyaq. Azərbaycan ekofəallarının başladığı aksiyadan sonrakı dövrdə və son antiterror tədbirləri zamanı adıçəkilən ölkələrin, o cümlədən Aİ üzvü olan bəzi ölkələrin, əsasən də Fransanın, Aİ-nin parlamentinin, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin, ABŞ Dövlət Departamentinin, Konqresinin ayrı-ayrı üzvlərinin ortaya qoyduğu mövqe açıq-aşkar ermənipərəst mövqe idi və bu mövqe davam etməkdədir”.

S.Məmmədov qeyd etdi ki, ədalət naminə demək lazımdır ki, Rusiyanın ənənəvi ermənipərəst mövqeyi fonunda son hadisələrə münasibətdə tutduğu mövqe xeyli fərqli və neytral idi: “Hazırda Ermənistana rəhbərlik edən şəxslərin, o cümlədən baş nazir Nikol Paşinyanın Rusiyaya münasibətdə davamlı və ardıcıl olaraq demarşlar etməsi, ən ciddisi isə Rusiya prezidentinə cinayət işinin başlamasını nəzərdə tutan Beynəlxalq Cinayət Məhkəməsinin Statutunu ratifikasiya etməsindən sonra Moskvanın təsirli vasitəçi olması bir qədər şübhə altına düşür. İndi Paşinyan daha çox Qərb ölkələrinin təsiri altındadır, nəinki Rusiyanın”.

STM-in icraçı direktoru qeyd etdi ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tam müstəqil xarici siyasət aparan bir dövlətdir: “Fikrimcə, rəsmi Bakı üçün sülh müqaviləsinin Moskavada imzalanması problem deyil, eləcə də, məsələn, Brüsseldə, yaxud üçüncü bir ölkədə... Düşünürəm ki, bizim üçün sülh müqaviləsinin Ankara, İstanbul, Daşkənd, Bişkek, Tiflis və ya daha hansısa paytaxtda, ya da şəhərdə bağlanması qəbul olunan bir məsələdir. Əsas olan bizim tələblərdir. O tələblər ki, beynəlxalq hüququn prinsipləri ilə tam üst-üstə düşür. O ki qaldı sülh müqaviləsinin tezliklə bağlanması məsələsinə, açığı, mən əvvəllər də olduğu kimi indi də o qədər optimist deyiləm. Mən bugünlərdə əvvəlcə Cenevrədə BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin 74-cü sessiyasında iştirak etdim, daha sonra Varşavada ATƏT İnsan Meyarı üzrə illik Konfransda. Hər iki tədbirdə erməni rəsmi nümayəndə heyətinin aqressiv, yalan və böhtan xarakterli çıxışlarını dinlədim. Amma heç bir tədbirdə uğur əldə edə bilmədilər. Görünən budur ki, hələlik Ermənistan bir müddət Qarabağdan köçən ermənilərin "zorla deportasiya" olunması ilə bağlı saxta iitihamlarını davam etdirəcək, bundan maddi və siyasi dividentlər qazanmaq üçün istifadə edəcək". S.Məmmədov qeyd etdi ki, hazırda Ermənistan iki cəbhədə bizə qarşı müharibə aparmaqdadır: “Bunlar qlobal informasiya cəbhəsi və beynəlxalq hüquq müstəvisidir. Ermənistan Azərbaycana qarşı qətnamələr, qərarlar, sanksiyalar qəbul olunması üçün bütün resurslarını ortaya qoyub. Təbii ki, ən yaxın himayədarı Fransanın və digər erməni və fransız lobbisinin təsiri altında olan qüvvələrlə birlikdə. Amma bütün cəhdlər kimi bu cəhdlər də uğursuzluğa düçar olacaq. Yaxınmüddətli planda hansısa təsirsiz qətnamələr əldə etməkdə davam edə bilərlər, amma uzunmüddətli planda onlar sülhə gəlməyə məcbur olacaq. Rusiya məsələsinə qayıtdıqda isə əlavə olaraq onu qeyd edə bilərəm ki, Ermənistan Rusiyadan siyasi baxımdan bir qədər uzaqlaşa bilsə də, hərbi və iqtisadi baxımdan hələ də ondan asılıdır. Rusiya iqtisadi rıçaqları hələ ki işə salmayıb. Məsələn, təbii qazı hələ ki güzəştli qiymətlərlə satmaqda davam edir. Əgər Ermənistan ritorikasını dəyişməsə, Rusiya onunla başqa cür davrana bilər. O zaman vəziyyət əsaslı surətdə dəyişə bilər. Fikrimcə, rəsmi Bakı uyğun bildiyi bütün görüşlərdə iştirak etməkdə davam edəcək: həm Aİ formatında, həm Moskva formatında, həm də digər formatlarda, bir şərtlə ki, həmin formatlarda Fransa kimi mövqeyini, daha doğrusu, mövqesizliyini ortaya qoymuş bir dövlətin iştirakı olmamaq şərti ilə”.

“Atlas” Aradırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu öncə vurğuladı ki, tarixi günlər yaşayırıq: “Böyük bir problemi həll etdik, 200 illik problemi gələcək nəsillərə saxlamadıq”.

Elxan Şahinoğlu: “Hələlik bu sanksiyalarABŞ üçün kifayət edəcək”

Elxan Şahinoğlu: “Danışıqları davam etdirmək, təmasları aparmaq üçün ən münasib ünvan Gürcüstanın paytaxtı Tiflisdir”

Ermənistanla danışıqlara, sülh sazişinin imzalanmasına gəldikdə, E.Şahinoğlu bildirdi ki, Brüssel görüşündə nəticə əldə olunacağını zənn etmir: “Çünki Paşinyan yenə də nala-mıxa vurur, həmçinin Ermənistanın baş nazirinə Fransanın təzyiqləri var. Paşinyan Rusiyanın vasitəçiliyini qəbul etmir. Bəli, başqa bir sual da aktuallaşıb ki, sülh sazişi harada imzalanacaq? Çünki böyük dövlətlər arasında rəqabət var. Bir neçə paytaxtda ola bilər: Moskvada, Brüsseldə və ya Tiflisdə. Mən hesab edirəm ki, sülh sazişini imzalamaq, ümumiyyətlə, danışıqları davam etdirmək, təmasları aparmaq üçün ən münasib, ən yaxşı ünvan elə Gürcüstan paytaxtı Tiflisdir. Gürcüstan Cənubi Qafqaz ölkəsidir, sülhdə daha çox maraqlıdır, Azərbaycanla strateji tərəfdaşdır, Ermənistanla da yaxşı münasibətləri var. Baş nazir İrakli Qaribaşvili dəfələrlə bunu təklif edib, İlham Əliyev Gürcüstanın vasitəçiliyinə razıdır. Nikol Paşinyan da dəfələrlə Tiflisə səfər edib. Lakin o, bu məsələ ilə bağlı da konkret rəy bildirməyə çəkinir, qorxur. Halbuki Tiflis onun üçün də faydalı olar, məhz Tiflisdə danışıqlar aparılsın və sənəd imzalansın”.

E.Şahinoğlu qeyd etdi ki, Azərbaycan üçün məkanın fərqi yoxdur: “Önəmli olan budur ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, biz də Ermənistanın ərazi bütövlüyünü tanıyacağıq. Qərbi Zəngəzurla bağlı qorxuları var. Sən Azərbaycanın ərazi bütövlüyünü tanı ki, biz də sənin ərazi bütövlüyünü tanıyaq, qorxun da ortadan qaldırılsın. Digər məsələlər var, məsələn, Zəngəzur dəhlizi, bunlar da gərək bizi narahat etməsin. Zəngəzur dəhlizinin indiki halda reallaşması mümkün deyilsə, İranla danışıqlar gedir, dəhliz İrandan keçəcək. Həmçinin şərti sərhəddə strateji yüksəkliklər nəzarətimiz altındadır. Burada da bir problem görmürəm. Əsas problemi zatən həll etdik. İndi Qarabağda quruculuq işləri aparmaq, məskunlaşdırmanı davam etdirmək lazımdır”. Politoloq bildirdi ki, hazırda bir əsas məsələ qalır: “Rusiya hərbi kontingentini Qarabağdan yola salmaq. Bu cür nəticələrin ardınca Rusiya hərbçiləri ilə bağlı da nəticə əldə edəcəyimizə ümid böyükdür. Rusiya da anlayır ki, artıq onun hərbçilərinə ehtiyac yoxdur. Deyir ermənilər qayıtsa, o halda ehtiyac ola bilər. Ermənilər Qarabağa qayıtmaq istəsə, Azərbaycan vətəndaşlığını qəbul etməli olacaqlar, Azərbaycanda başqa cür yaşaya bilməzlər. Onlar Azərbaycan vətəndaşlığını qəbul edib, qayıdacaqlarsa, bizim hansısa xarici qüvvəyə nə ehtiyacımız var? Özümüzün polisimiz və silahlı qüvvələrimiz var. Bu məsələnin bir tərəfi. Digər tərəfdən, Rusiya hərbi kontingenti postların sayını da azaldıb. Bu mənada müsbət nümunələrimiz də var, 90-cı illərin əvvəllərində Rusiya hərbi bazalarını Azərbaycandan çıxartdı, 2000-ci illərdə də Qəbələ RLS-in fəaliyyətinə son qoydu. Bu da üçüncü nümunə olacaq ki, Rusiya hərbi kontingenti Azərbaycan ərazisini tərk edəcək”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR