İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı və Astana Orta dəhliz üçün çarpışır - Rusiyadan asılılığın azaldılması niyə vacibdir?

İştirakçı ölkələr yaxın 5 ildə dəhliz infrastrukturunun genişlənməsinə 7,5 milyard dollar investisiya qoymağı planlaşdırırlar

Qazaxıstan Rusiyadan yan keçən nəqliyyat dəhlizindəki problemlərin aradan qaldırılması üçün yeni səylərə başlayıb, Azərbaycan və Gürcüstanla birgə logistika şirkəti yaratmaq barədə razılığa gəlib. Saziş ötən həftə Qazaxıstanın baş naziri Əlixan İsmayılovun Cənubi Qafqaza səfərinin sonunda imzalanıb. Bu barədə “Eurasianet” məlumat yayıb.

“Şirkətin yaradılmasında məqsəd Çin və Avropa arasında yüklərin daşınması prosesini və hesablaşma prosesini sadələşdirmək olacaq. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta dəhliz perspektivlərinin pessimist təhlili tez-tez yüklərin bir çox dövlət sərhədlərini keçməli olduğuna işarə edir. Azərbaycan-Gürcüstan-Qazaxıstan logistika şirkəti bu maneəni aradan qaldırmağın bir yolu kimi görünür.

Artıq malların keçidinin asanlaşdırılmasında mühüm irəliləyiş əldə olunub. Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi bildirib ki, Çindən Transxəzər marşrutu ilə malların Avropaya çatdırılma müddəti son bir ildə 53 gündən 18-23 günə enib. Məqsəd bu rəqəmi daha da azaldıb, 10-15 günə salmaqdır. Yüklərin fiziki həcmləri nisbətən kiçik olsa da, tendensiya müsbətdir. İlin əvvəlindən iyun ayınadək marşrut üzrə çəki əsasında yükdaşımaların həcmi 1 milyon tonu ötüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 64 faiz çoxdur. Lakin effektiv koordinasiya yolu ilə çatdırılma müddətləri azaldıla bilsə də, yeni infrastruktura sərmayə qoymadan həcmləri artırmaq mümkün deyil", - məlumatda deyilib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibə qlobal ticarət xəritəsində ciddi dəyişikliklərin edilməsinə səbəb olub. Qərb ən sərt sanksiyalara məruz qoyduğu Rusiyanı həm də qlobal ticarət meydanında sıxışdırmağa çalışır. Artıq Avropa İttifaqı Rusiyaya satışı qadağan olunan məhsulların bu ölkənin ərazisindən tranzitini də qadağan edir. Bu isə Rusiyadankənar marşrutların ticarət daşımalarında rolunu daha da artırır. Belə marşrutlardan biri Orta dəhliz, yaxud Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizidir. Çindən Avropaya Rusiyadan yan keçməklə yükləsin daşınmasını nəzərdə tutan bu dəhlizə beynəlxalq yükdaşıma şirkətlərinin marağı ötən ilin aprelindən sürətlə artmaqdadır. Əksər iri daşıma şirkətləri marşrutla daşımalara başlayıblar. Lakin proses heç də iştirakçıların istədiyi qədər sürətli getmir. Marşruta yüklərin kütləvi cəlb olunması üçün bir sıra mühüm işlər həyata keçirilməsinə ehtiyac var.

Hazırda Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi 8 ölkədən olan 20-dən çox  nəqliyyat qurumunu birləşdirir. Ekspertlər hesab edirlər ki, marşrutun keçdiyi ölkələrdə xidmət səviyyəsini qaldırıb, buraxılış məntəqələrinin işində effektiv əlaqələndirmə və sinxronlaşmaya nail olunarsa, yaxın 5 il ərzində TBND-nin yükötürmə gücü 15 milyon tondan yuxarı olacaq. Bu göstəriciyə nail olunması üçün həm Xəzər, həm də Qara dəniz sahillərindəki limanların ötürücülük gücü artırılmalı, dəmiryol, bərə və avtomobil daşımaları infrastrukturunun fəaliyyəti təkmilləşdirilməlidir. Marşrutun inkişafında maraqlı olan Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstanın müvafiq dövlət qurumları arasında təmaslar, müzakirələr dəfələrlə intensivləşib. Hər bir ölkə öz infrastrukturunu genişləndirməyə, modernləşdirməyə, prosesin rəqəmsallaşdırılması üçün addımlar atmağa başlayıb.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyasının baş katibi Qaydar Abdikerimovun fikrincə, dəhlizin tranzit potensialını ən çox məhdudlaşdıran “darboğaz” Cənubi Qafqazdır. Onun sözlərinə görə, zəif liman infrastrukturu imkanları məhdudlaşdırır və tıxaclara səbəb olur. Gürcüstanın baş naziri İrakli Qaribaşvili də İsmayılovla görüşü zamanı bu problemi etiraf edib: “Biz marşrutdakı darboğazları aradan qaldırmaq və Orta Asiya, Çin və ümumilikdə digər Asiya ölkələri üçün Orta dəhlizi daha da cəlbedici etmək üçün əməkdaşlıq edirik”.

Onu da qeyd edək ki, Avropa İttifaqı Orta dəhlizin inkişafında maraqlıdır və bu istiqamətdə fəaliyyətlərə maliyyə dəstəyi də verməyə hazırdır. Ötən ilin oktyabrında Qazaxıstana səfər edən Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin ölkə Prezidenti Kasım-Jomart Tokayevlə müzakirələrinin əsasında məhz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu dayanıb. Aİ Şurasının mətbuat xidmətinin yaydığı məlumatda tərəflərin bu marşrutun imkanlarını müzakirə etdikləri vurğulanır: “Mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, prezident Tokayev və prezident Mişel qlobal istehsal və təchizat zəncirlərini asanlaşdırmaq üçün Avropa və Mərkəzi Asiya arasında mövcud beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsinin və inkişafının vacibliyini qeyd ediblər. Onlar həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təklif etdiyi imkanlar və onun daha da inkişaf etdirilməsi variantları, regionda digər nəqliyyat əlaqələrinin rolunu müzakirə ediblər”.

Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisi layihəsi üzrə işlər sürətlə həyata keçirilir. Bu ilin mayında Pekində keçirilən “Çin-Mərkəzi Asiya” sammitində layihənin icrası ilə bağlı mühüm razılaşmalar əldə olunub. Çinin onun reallaşması üçün irihəcmli vəsait ayırması bu razılaşmalardan biridir. Bu xəttin işə salınması Orta dəhlizlə yükdaşıma müddətinin xeyli azalmasına gətirib çıxaracaq.

Astana və Bakının layihəsi: “Darboğaz” aradan qaldırılır

Çin həmçinin Mərkəzi Asiya ölkələrində nəqliyyat infrastrukturunun digər seqmentlərinin inkişafına da yatırım etməyə hazırlaşır. Rusiya və İranın Qərbin sanksiyaları altında olması Çinin diqqətini istər-istəməz Orta dəhlizə yönəldir. Rusiya-Ukrayna müharibəsi Şimal dəhlizi ilə yükdaşımaları kəskin məhdudlaşdırıb. Bu məhdudiyyətlərin yaxın və ortamüddətli dövrdə aradan qalxması ehtimalı demək olar ki, yoxdur. Belə şəraitdə Pekin ən böyük ticarət tərəfdaşlarından olan Avropa ilə ticarət əlaqələrinin effektiv təşkilində maraqlıdır. Hesablamalar göstərir ki, Çindən Avropaya gedən yük qatarı Orta dəhlizdən keçərsə, 12 gün ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə qət edər. Eyni qatar Cənub dəhlizi üzrə göndərilsə, Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət etməlidir. Bu o deməkdir ki, Orta dəhliz boyu zəruri təkmilləşdirmə və genişləndirmə işlərini vaxtında həyata keçirməklə onun Asiya-Avropa ticarətində mühüm həlqəyə çevrilməsinə nail olmaq mümkündür.

Dəhlizin əsas ölkələrindən biri olan Qazaxıstan Xəzərlə yükdaşımaları artırmaq üçün müvafiq limanların, terminal və dəmiryol xətlərinin yaradılması prosesinə başlayıb. Qazaxıstan hökuməti ticarət donanması üçün 10 yeni bərə alır, Aktau limanından konteyner habı yaradır. Hab üçün 19 hektar sahə ayrılıb ki, bu da 2025-ci ilədək limanın konteyner ötürmə gücünün indiki illik 35 min ədəddən 300 minə çatdırmağa imkan verəcək. Qazaxıstan həmçinin öz liman infrastrukturunu təkmilləşdirmək üçün Avropa İttifaqından vəsait cəlb etmək istiqamətində işləyir.

Orta Dəhliz: XXI əsrin meqalayihəsi

Dəhlizin açar ölkələrindən biri olan Azərbaycan da öz infrastrukturunu genişləndirmək və təkmilləşdirmək istiqamətində işləri sürətləndirib. Orta dəhlizin vacib elementinə çevrilmiş Bakı-Tiflis-Qars dəmir yolu xəttinin imkanlarının genişləndirilməsi üçün Azərbaycan dövlət büdcəsindən 100 milyon dollar vəsait ayrılıb. Həmin vəsait hesabına yolun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və Orta dəhliz vasitəsilə daha çox yükün daşınmasına imkan yaranacaq. Eyni zamanda Xəzər dənizi sahilində yerləşən Ələt dəniz ticarəti limanının ötürücülük qabiliyyətinin artırılması üçün zəruri vəsait ayrılıb, işlərə başlanıb. Bundan başqa, Azərbaycanın təşəbbüskarı olduğu Zəngəzur dəhlizi Orta dəhlizə inteqrasiya ediləcək layihələrdəndir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan ərazisindən illik təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər.

Ümumilikdə, iştirakçı ölkələr yaxın 5 ildə dəhliz infrastrukturunun genişlənməsinə 7,5 milyard dollar investisiya qoymağı planlaşdırırlar. Bu investisiyaların vaxtında yatırılması, layihələrin vaxtında və keyfiyyətlə icrası ilə yanaşı vahid tarif sisteminə keçidin təmin edilməsi Orta dəhlizin fəaliyyətinin genişlənməsi baxımından həlledici əhəmiyyət daşıyır. Çünki Rusiya Qərbin ticarət yollarını öz ərazisindən kənara çıxarmaq istəklərini sadəcə müşahidə etməklə kifayətlənmir. Artıq Moskvanın təşəbbüsü əsasında Qırğızıstan, Özbəkistan, Türkmənistan və Rusiyanın iştirakı ilə yeni “Multimodal Cənub Nəqliyyat Dəhlizi”nin yaradılması barədə razılaşma əldə olunub. Bu layihə Orta dəhlizə alternativ olaraq düşünülüb. Layihə yüklərin Qazaxıstandan kənar ərazilərdən keçməklə Çindən Rusiya ərazisinə çatdırılmasını nəzərdə tutur. Moskva Qazaxıstanla Qırğızıstan arasında yükötürmə sahəsində yaranan fikir ayrılıqlarını dərinləşdirməyə, Bişkeki Orta dəhlizdən uzaqlaşdırmağa çalışır. “Multimodal Cənub Nəqliyyat Dəhlizi” layihəsi bu məqsədə xidmət edir. Layihə yüklərin Qırğızıstanın cənubu ilə Özbəkistana, oradan Türkmənistanın Türkmənbaşı limanından Həştərxana çatdırılmasını nəzərdə tutur.

Rusiya həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi üzrə işləri sürətləndirir. İran ərazisində Rəşt-Astara dəmiryol xəttinin tikintisi ilə bu dəhlizlə Asiyadan Sank-Peterburqa yüklərin bütün digər marşrutlardan daha qısa müddətdə və daha ucuz çatdırılması mümkün olacaq.

Aydındır ki, Şimal-Cənub nəqliyyat dəhlizi də Azərbaycan ərazisindən keçdiyinə görə ölkəmiz bu layihədən də faydalanacaq. Lakin Azərbaycanın tranzit habına çevrilməsi üçün yalnız bu dəhlizin işləməsi yetərli deyil. Ölkə Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olmaqla, bu sahədə də daşımalar üçün mərkəz rolunu oynamaq niyyətindədir...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR