İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Sumqayıt alternativ yol layihəsinin müəllifi: "Yeni yol 3 istiqamətdə..."

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Proqramın məqsədi Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir. 

Qeyd edək ki, ekspertlər illərdir Bakının tıxac probleminin həlli üçün  təkliflər irəli sürürdülər. Xüsusilə də Bakı-Sumqayıt yolunda hökm sürən dəhşətli tıxacların aradan qaldırılması üçün Xırdalan dairəsində hərəkəti yenidən təşkil etməyi, o ətrafda hərəkətə mane olan tikililəri söküb zolağı genişləndirmək bu təkliflər sırasında idi. Ekspertlərə görə, Xırdalan dairəsində nəqliyyat axınının daha səmərəli idarə olunması üçün yeni tunellər və yol qovşaqları inşa olunmalıdır.
Bəs bu istiqamətdə yeniliklər nədən ibarətdir?

22025d36-2999-411b-8961-7019323c15e6.jpeg (48 KB)

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Musavat.com-a fikirlərini bölüşüb:

"Bakı-Sumqayıt yoluna alternativ yolla  bağlı layihənin  bir neçə il öncə kütləvi informasiya vasitələrində təqdimatını keçirdik. Burada məqsəd ümumilikdə hərəkət axınının istiqamətləndirilməsi və Bakı-Sumqayıt yoluna alternativ marşrutun yaradılmasıdır. Yeni yol, 9-cu mikrorayon dairəsi daxil olmaqla, Mircəlal Paşayev küçəsi, Adil Məmmədov küçəsi, Həmzə Babaşov küçəsi, Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzi, Heydər Məscidi daxil olmaqla Biləcəri qəsəbəsinədək davam edəcək.  Layihənin ikinci mərhələsi Saray-Novxanı istiqamətini, üçüncü mərhələsi isə  Sumqayıt şəhəri -Saray qəsəbəsi istiqamətində yolun tamamlanmasını nəzərdə tutur.  Prezidentin sərəncamına uyğun olaraq dünən Mircəlal Paşayev küçəsi ilə Biləcəri qəsəbəsini tam birləşdirəcək yolun inşası ilə bağlı tapşırıq verildi.

Bu nöqteyi-nəzərdən düşünürəm ki,   daha perspektivli bir layihə olacaq və gələcək üçün böyük əhəmiyyət kəsb edəcək".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR