Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın xuntanın “çirkli pullar”ına ehtiyacı yoxdur, lakin xeyli hissəsi sərvətlərimiz hesabına əldə edilib; Natiq Cəfərli: “Məhkəmə qərarı ilə daşınmaz əmlakın, bank hesablarının müsadirəsi mümkündür”
Qarabağda 32 il mövcud olmuş qeyri-qanuni rejimin başçıları təkcə ən müxtəlif cinayətlər törətməyiblər, həm də sərvətlərini talayıblar. “Yeni Müsavat” bildirir ki, məsələn, Araik Arutyunyanın Qarabağda böyük sərvət sahibi olması haqda erməni mediası çox yazıb.
Vaxtilə o, Xankəndidəki “Nairi” univermağının, Xocavənddə şərab zavodunun sahibi olduğunu da təsdiqləmişdi. Vaxtilə Qarabağda ona məxsus şirkətlərdə və torpaq sahələrində 2 minə qədər insanın çalışdığı təxmin edilirdi. Artıq fəaliyyəti dayandırılmış “Karabakh Telecom”un əsl sahibləri livanlı ermənilər - Pyer və Musa Fatuş qardaşları olub. Müharibədən əvvəl şirkətə 15 milyon dollar investisiya yatırılmışdı. Araik Arutyunyan İkinci Qarabağ savasında bu operatoru hərbi məqsədlə istifadə üçün zorla ələ keçirib özəlləşdirmişdi. Mobil rabitə, fiber-optik internet və s. xidmətləri göstərirdi. Araik böyük biznes şəbəkəsini tam satdıqdan, nağd pula çevirdikdən sonra ailə üzvləri və qohumlarını Xankəndidən çıxarmağa çalışsa da buna nail ola bilmədi.
Moderator.az-ın araşdırmasından isə bəlli olur ki, cinayətkar xuntanın 2023-cü il üçün qondarma “büdcə”sinin xərcləri 215 milyard 171,4 milyon dram (təxm. 505 milyon 900 min ABŞ dollar) məbləğində nəzərdə tutulubmuş. Bu pulların taleyi haqda “İravunk” qəzeti maraqlanıb. Ermənistan Mərkəzi Bankının keçmiş sədri Baqrat Asatryan bəhs edilən vəsaitin harada, kimlərin nəzarətində ola biləcəyi haqda heç bir açıqlama verməyib. Əlbəttə, Azərbaycan dövlətinin kriminal erməni xuntasının “çirkli pullar”ına ehtiyacı yoxdur. Lakin onların xeyli hissəsi də Azərbaycan torpaqları, sərvətləri hesabına əldə edilib. Və sözsüz ki, dövlətimizin müvafiq qurumları öncədən Qarabağdakı qanunsuz banklarda olan vəsaitlərin xeyli hissəsinin İrəvana ötürülməsinin qarşısını alıb və onlar ilk növbədə Azərbaycan vətəndaşlığını qəbul edərək ərazimizdə qalan erməni vətəndaşların ehtiyacları üçün xərclənəcək. Azərbaycan torpaqlarından qazanılmış bu pulları necə tapa bilərik? Xaricdəki bank hesablarına həbs qoydurmaq mümkündürmü?
“Son 3 ildə Qarabağa (separatçılar nəzərdə tutulur - red.) 1 milyard dollardan artıq maliyyə yardımı etmişik” - Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Paşinyan qeyd edib ki, son 3 il ərzində Qarabağdakı ermənilərin heç nəyə ehtiyacı olmayıb. Amma təkcə Ermənistanın göndərdiyi maliyyə mənimsənilməyib, həm də sərvətlərimiz talan edilərək gəlir götürülüb. Bəs Azərbaycan Araik və digər quldurların pullarını necə xəzinəyə qaytara bilər?
Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, erməni separatçıların əldə etdikləri vəsaitə Azərbaycanın iddia etməsi mümkündür. Onun fikrincə, buna qədər onların cinayətkar rejimini müstəqil bir subyekt kimi tanımırdıq deyə hüquqi cəhətdən iddia qaldırmaq, kompensasiya tələb etmək mümkün olmurdu, indi isə şərait fərqlidir: “1991-ci ildən bəri hansı sərvətlərimiz talanıbsa, torpaqlarımız hesabına gəlir götürülübsə, onların müsadirəsini tələb edə bilərik. Məhkəmə qərarı ilə daşınmaz əmlakın, bank hesablarının müsadirəsi, Azərbaycan dövlətinin sərəncamına keçirilməsi mümkündür. Buna görə beynəlxalq mexanizmlə bizə irad bildirilməsi də mümkün deyil. Beynəlxalq praktikada separatçıların oğurladığı vəsaitlərin geri alınması faktı olub. Ona görə də təkcə onların həbsi ilə iş bitməyəcək, bank hesabları, yığdıqları sərvətlə bağlı da məhkəmələrdə iddialar qaldırılacaq”.
Qeyd edək ki, qondarma rejimin keçmiş “prezidentləri” Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyan artıq həbs edilərək Bakıya gətiriliblər. Araik Arutyunyandan əvvəl separatçı rejimə 4 nəfər başçılıq edib. 1994-97-ci illərdə separatçıların rəhbəri Ermənistanın keçmiş prezidenti Robert Köçəryan olub. Köçəryandan sonra separatçılara 5 ay müddətində Leonard Petrosyan başçılıq edib. 1997-2007-ci ildə separatçıların rəhbəri Arkadi Quqasyan, 2007-2020-ci illərdə isə Bako Saakyan olub.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ