Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Rusiya arasında təyyarə qəzasından dolayı yaranan gərginliyi İrəvanın bəzi dairələri sevinclə qarşılayıb və hətta uzaqgedən nəticələr çıxarmağa başlayıblar. “Bakı-xəbər” həmin versiyaları bir yerə toplayıb.
İrəli sürülən versiyalardan biri budur ki, İranla Rusiya arasında bağlanan strateji tərəfdaşlıq haqqında müqavilədən sonra rəsmi Tehran Moskvadan xahiş edib ki, Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişsin. Yəni Rusiya Zəngəzur dəhlizini açmaq tələbindən vaz keçsin. Guya Tehranın xahişini Moskvanın “dərhal qəbul etməsi” Azərbaycanı qıcıqlandırıb.
Daha bir versiya belədir ki, guya Rusiyanın Azərbaycan ərazisindən Avropaya ixrac etdiyi tranzit qaz tariflərinin qiymətini Bakı bahalaşdırmaq istəyir. Məhz iki ölkə arasında gərginlik bununla bağlı ola bilər. Eyni zamanda ermənilər bu məsələdə Türkiyə faktorunu da istisna etmirlər. Guya Suriyada gedən son proseslərlə bağlı Türkiyənin təhriki əsasında Azərbaycan Rusiya ilə münasibətləri gərginləşdirir.
Erməni mediasına görə, guya Rusiya ilə münasibətləri gərginləşdirməklə Bakı Qərbə göstərmək istəyir ki, o, Rusiyadan uzaqlaşır.
Qeyd edək ki, son olaraq Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə iki ölkə arasında münasibətlər haqda danışıb. “Rusiya-Azərbaycan münasibətlərini pisləşdirməkdən ötrü Azərbaycanın AZAL aviaşirkətinin təyyarə faciəsindən istifadə etmək cəhdləri uğursuzluğa məhkumdur. Biz yaxşı başa düşürük ki, həm Azərbaycan vətəndaşlarının, həm də ölkəmizin vətəndaşlarının həyatına son qoymuş aviaqəza ilə bağlı faciə həm orada, həm də bizdə kəskin surətdə hiss edilir”, - deyə diplomat vurğulayıb.
M.Zaxarova əlavə edib: “Biz başa düşürük ki, bütün bunlar boş yerə baş vermir, çoxları bundan hansısa uğur əldə etmək istəyirlər. Bu isə uğurlu olmayacaq, çünki birgə tarixləri və regional məsuliyyət zonası olan ölkələrin, xalqların arasını vurmaq üçün bütün cəhdlər, bu cür inkişaf perspektivləri uğursuzluğa məhkumdur”.
Aydın Quliyev
“Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev hesab edir ki, Zaxarovanın “Biz bilirik rəsmi Bakını nə narahat edir” açıqlaması peşəsi sözlə işləməkdən ibarət olan hər kəsi düşündürdü: “Diplomat niyə belə deyib? Jurnalistlər, deputatlar, diplomatlar, QHT nümayəndələri - hamı bunu düşünür. Zaxarova "faciə orada da, burada da həssas durum yaradıb, başa düşürük ki, bütün bunlar qeyri-havasız məkanda baş vermir", - deyə əlavə edib. Zahirən çox sadə görünən sözlərin mahiyyətində təsirli suallar var. Rəsmi Bakını nəyin narahat etdiyini bilirsinizsə, Rusiya bu narahatlığı aradan qaldırmaq üçün niyə gərəkən addımları atmır? Bizim bildiyimizə görə, rəsmi Bakını narahat edən səbəblər aydındır - indiyədək ləyaqətli üzrün istənilməməsi, kompensasiya verilməməsi və cinayətkara konkret cinayət işinin açılmaması. Rəsmi Bakını “narahat edən başqa nələrin mövcudluğuna eyham vurulur”? İki ölkənin strateji münasibətlərinin davam edilməsi xatirinə bu deyilənlərə əməl etmək məgər qeyri-mümkündür? Təbii ki, yox. Zaxarova heç bir şübhə yeri qoymadan söhbətin yalnız bu 3 məqamdan getdiyini birmənalı ifadə edə bilməzdi? Təbii ki, bilərdi. Bizim bildiyimiz mətləblər budur. Bəs Zaxarovanın düşüncəsinə görə, “rəsmi Bakı niyə narahatdır?!”.. Açıqlaması çox vacibdir. Digər tərəfdən, Zaxarova burada niyə təkcə “Rəsmi Bakının narahatlığından” danışır? Təyyarəmizin faciəsindən məgər narahat olan təkcə rəsmi Bakıdır? Bəs rəsmi dairələrlə yanaşı 10 milyonluq Azərbaycan cəmiyyətinin narahatlığı niyə nəzərdən qaçırılıb? Yoxsa Zaxarova bu faciə ilə bağlı cəmiyyətimizdən fərqli olaraq “rəsmi Bakını narahat edən” xüsusi nələrinsə olduğuna diqqət çəkmək istəyir? Onun diqqət çəkmək istədiyi “xüsusi nələr nədir? Bu suallar cavabını gözləyir”.
Aydın Hüseynov
Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, erməni mediasının Bakının münasibətləri gərginləşdirməklə Qərbə Rusiyadan uzaqlaşdığını göstərmək istədiyi barədə iddiaları əsassızdır: “Əvvəla, Azərbaycanın Rusiya ilə münasibətlərində son vaxtlar yaşananların səbəbi hər kəsə bəllidir. Səbəbi Bakı gizlətmir. Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində vurulması və Moskvanın bu hadisə ilə bağlı nümayiş etdirdiyi beynəlxalq qanunlarla uyğun gəlməyən mövqeyi, təzminat ödənilməməsi, günahkarların cinayət məsuliyyətinə cəlb edilməməsi Azərbaycan dövləti və cəmiyyətində haqlı narazılıq yaradıb. Yəni narazı olan və Rusiyadan obyektiv münasibət gözləyən təkcə rəsmi Bakı deyil, eləcə də bütün Azərbaycan xalqıdır. Bu reallıq ortada olduğu halda məsələnin başqa əsassız versiyalar üzərində şərh edilməsi, başqa cür qələmə verilməsi, uzağagedən nəticələr çıxarılması, Qərblə bağlanması absurddur. Ermənilər Rusiya-Azərbaycan münasibətlərində son yaşananlardan öz maraqları üçün istifadə etməyə çalışırlar. İkincisi, Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil siyasət yürüdən dövlətdir və kənardan edilən sifarişlərlə hərəkət etmir, siyasətini Qərbə, Şimala, Şərqə, Cənuba xoş getmək üçün qurmur, milli, dövlət maraqları nə tələb edirsə, ona uyğun siyasət yürüdür. Guya Suriyada gedən son proseslərlə bağlı Türkiyənin təhriki əsasında Azərbaycanın Rusiya ilə münasibətləri gərginləşdirdiyi barədə erməni mediasının yazdıqları isə absurd olmaqla yanaşı, gülüncdür. Ermənilər, deyəsən, unudurlar ki, Türkiyə ilə Rusiya arasında münasibətlər yüksək səviyyədədir, əməkdaşlıq münasibətləri ilbəil daha da genişlənir. Türkiyə-Azərbaycan münasibətləri isə qardaşlıq münasibətləridir və Türkiyə Azərbaycanın qonşuluğunda yerləşən Rusiya kimi dövlətlə münasibətlərində gərginlik yaranmasında maraqlı deyil. Azərbaycanın özü də bunda maraqlı deyil. Sadəcə, Azərbaycan Rusiyadan imzaladığı müttəfiqlik münasibətləri haqqında sənəddən irəli gələn davranış gözləyir. Bu gözləntini başqa cür uzaqgedən nəticələr çıxarmaqla şərh etmək düzgün deyil”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
21 Fevral 2025
20 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ