Onlayn ictimai-siyasi qəzet
Ekspertlər hesab edir ki, bazarlarda süni qiymət artımı, inhisarçılıq hökm sürür...
“Ölkədə satılan kərə yağlarının qiyməti bahalaşıb. Bunu Dövlət Statistika Komitəsinin yaydığı statistik rəqəmlər də təsdiqləyir. Normalda yağlı və yağsız quru süd arasında qiymət fərqi hər tona görə 100-200 dollar olur.
Hazırda isə yağlı quru süd yağsız quru süddən 1200 dollar bahadır. Kərə yağına tələbat yüksək olduğundan istehsalçılar daha çox yağ istehsal edirlər. Yağlı süd yağsız südlə müqayisədə daha az miqdarda süd tozuna çevrilir. Bundan başqa, həmişə 1 ton kərə yağının qiyməti yağsız süd tozunun qiymətindən bir az baha olardı, 200-1200 dollar arası. İndi isə kərə yağının 1 tonu quru süd tozunun 1 tonundan 4400 dollar bahadır. Beləliklə, dünya bazarında yağ bahalaşır. Azərbaycan bazarı dünya bazarından asılıdır. Bu səbəbdən də bahalaşmanın Azərbaycana təsiri qaçılmazdır”.
Bunu Bakupost.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Eyyub Hüseynov
O deyib ki, qiymətlərin yüksək olmasında marketlərin də rolu var. Onlar qiyməti istədikləri şəkildə qaldıra bilirlər: “Bazarda qiymətlər razılaşma əsasında təyin olunur. Yerli kərə yağı istehsalımız mövcuddur. Lakin daxili bazarımızın tələbatını ödəyə bilmir. Tələbatın yalnız 30 faizini təmin edə bilir. Bu səbəbdən xarici ölkələrdən kərə yağı gətirilir. Yaxşı olardı ki, yerli istehsal daha da inkişaf etdirilsin”.
Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 15,6 milyon dollar dəyərində 2968 ton kərə yağı idxal edilib. Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 49.6% və ya 5.2 milyon dollar, həcm baxımından isə 68% və ya 1 206 ton artıb.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-fevral aylarında ölkədə 4225 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.5% azdır. Beləliklə, hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 42.4% çox olub.
Qeyd edək ki, bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 19.57 manat, yerli kərə yağının isə orta satış qiyməti 18.98 manat təşkil edib.
Satışda olan kərə yağları ilə bağlı bəzi iddialar da irəli sürülür. Qeyd edilir ki, bəzi oliqarx məmurlar ucuz yağ və piylərdən alınmış qatqını kərə yağı adı ilə əhaliyə baha qiymətə satırlar. 1 kiloqram (82,5 faizlik) kərə yağının istehsalı üçün 23 litr təzə inək südündən (3,6 %-li) istifadə olunur. Azərbaycan şəraitində kərə yağı istehsalı çox baha başa gəlir. Xammal istehsalı, daşınması, emalı və digər xərcləri nəzərə alanda 1 kiloqram əsl kərə yağının bazarda qiyməti ən azı 20-22 manat olmalıdır. Digər ölkələrdə, xüsusən Yeni Zelandiyada istehsal olunan kərə yağının xərcinin 50 faizini dövlət öz üzərinə götürür, sahibkara dotasiya, subsidiya verir. Bizim ölkədə süd, yağ istehsalçıları üçün güzəştlər nəzərdə tutulmur. Ona görə də işbazlar ucuz bitki yağlarını, heyvan piyini, marqarini qarışdırıb əldə olunan surraqatı əhaliyə kərə yağı kimi təklif edirlər. Həmçinin Azərbaycana digər ölkələrdən idxal olunan ucuz kərə yağlarının da keyfiyyəti aşağıdır.
Eyyub Kərimli
İqtisadçı-ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Yağın qiymətinin artmasına süni amillər təsir edir. DSK-nın statistik rəqəmlərə baxsaq, yağın idxal qiyməti kilosunda 50 qəpik ucuzlaşıb. Əgər ötən ilin müvafiq dövrü ilə müqayisədə yağ orta qiymətlə 9 manat 15 qəpiyə ölkəyə daxil olurdusa, hazırda bu qiymət 8 manat 60 qəpikdir. Bu onu deməyə əsas verir ki, yağın idxal qiyməti əslində aşağı düşüb. Hazırda yağın qiyməti süni xarakter daşıyır. Digər tərəfdən, quru südün qiymətində artım baş verib. Yerli istehsal bizdə idxal edilən quru süddən formalaşıb. Yerli məhsulun qiymətində artımlar bununla bağlıdır. Amma ümumilikdə hesab edirəm ki, qiymət artımı daha çox inhisarçılığın təsiridir. Ticarətdə bazar payı çox olan böyük şirkətlər tərəfindən süni qiymət artımına gedilib. Bunun qarşısını almaq üçün Rəqabət Məcəlləsinin təsirlərini və ciddi nəzarət mexanizmlərini tətbiq etməyə ehtiyac var".
Xalid Kərimli
İqtisadçı Xalid Kərimli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Azərbaycan süd məhsullarını, o cümlədən yağ, pendiri idxal edir. Bir-iki zavodumuz da var, onlar da xammal idxal edir. Fikirləşməyək ki, yerli istehsalçı varsa, ucuz olacaq. Niyə? Yerli istehsalçı qurulanda tikinti xərcləri ucuz olmur, avadanlığı xaricdən gətirir. Azərbaycan bir zavod quranda daha baha başa gəlir. Geridə qalmış ölkələrin belə okeana çıxışı var, okeanla ticarət rahatdır. Azərbaycanın logistik üstünlüyü yoxdur. Dünya ticarətinin 80 faizi okeanladır. Bizdən güclü dövlətlər ticarəti okeanla həyata keçirir. Dəhlizi indi qururuq ki, ticarət buradan gəlib keçsin. Azərbaycanda inəkçilik inkişaf etməyib, böyük fermalarımız yoxdur, çox sayda mal-qara saxlanılmır. Hətta cins inəkləri Almaniyadan 3-4 min avroya alırlar. Öz cins inəklərimizin sayı həm tələbata uyğun deyil, həm də o qədər məhsul vermir. Zelandiya, Almaniya, Hollandiya məhsuldarlığı artırmaqla inkişaf edir. Bizim on inəyin verdiyi südü onlarda bir inək verir. Onlar bunu biotexnologiya ilə əldə edirlər, cinslərin yetişdirilməsi asan olmur. On illərlə aparılan araşdırmaların nəticəsidir ki, belə nəticəyə nail olublar. Biz yerli istehsalı qursaq, heç bir üstünlüyümüz qalmır. Avadanlıq da, heyvanlar da, materiallar da xaricdən gəlir, okeanda da üstünlüyümüz yoxdur , ona görə çətin vəziyyətə düşürük. Südün qiymətinin fərqliliyi də bununla bağlıdır, baha alırlar, baha da təqdim edirlər.
Keçən ilin bu vaxtlarında bir konteyner 4500 dollar idi, indi 7000-8000-ə satılır. Təbii ki, bu, qiymətlərə təsir göstərəcək. Çünki bunlar məsafə aşırlar. Hələ dediyim qiymət standart qiymət deyil, bu, Çindən Azərbaycana gətirilmə qiymətlərdir, Zelandiyadan, ya başqa ölkədən fərqli qiymətlər gəlir. Daşıma xərclərində bahalaşma olub. İkinci məqam, Rusiya, Belarusa gedərkən zaman-zaman vaqon problemləri ortaya çıxır. Müharibə ilə bağlı vaqon defisitliyi var, bu da vaqon qiymətlərində bahalaşmaya təsir göstərir. Yəni burada bahalaşmanın səbəbi idxal qiymətlərinin artmasıdır. Sahibkar Yeni Zelandiyadan, Hollandiyadan, Fransadan malları alıb gətirəndə qiymət bahalaşdığına görə daxili bazara da baha qiymətə yerləşdirir. Burada hökumətin rolu nə olmalıdır?
Rəqabət Məcəlləsi qəbul edildi, bundan sonra rəqabət orqanı formalaşmalıdır. Bu hələ yoxdur deyə, İstehlak Mallarına Nəzarət və Antiinhisar Xidməti bu məsələyə nəzarət edir. Bu qurum bazara nəzarət etməlidir ki, inhisarçılıq olmasın. Qiymətin bahalaşmasında idxal böyük rol oynayır. Süni qiymət artımına da bu qurum nəzarət etməlidir".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ