Onlayn ictimai-siyasi qəzet
Yaşıllıqların salınması, yeni ağacların əkilməsi ekoloji vəziyyətə müsbət təsir göstərir. Ölkəmizdə yaşıllıq zolaqlarının salınması prosesinə uzun illərdir ki, başlanıb. İndi isə bu prosesin səngiyib. Hətta bir vaxtlar ölkədə əkilən ağaclara indi qulluq çox aşağı səviyyədədir.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva ötən ay Xankəndidə keçirilən elmi-praktiki konfransda bildirib ki, ekoloji problem hələ də qalmaqdadır. Nazirlik rəsmisi qeyd edib ki, Bakıda bir adama cəmi 5 kvadrat metr yaşıllıq düşür.
Onun sözlərinə görə, problemin həlli üçün böyük işlər görülməlidir, çoxlu maliyyə lazımdır: “Bunlar mərhələli şəkildə həyata keçirilir. Problemlərin həlli üçün yeni texnoloji işlər aparılır. Ətraf mühitə olan risklər də müşahidə olunur. Qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə işinin aparılmasının müsbət nəticələri müşahidə edilir. Bakıda orta hesabla bir adama 5 kvadratmetr yaşıllıq düşür. Norma burada 20-25 kvadratmetrdir. Görüləsi işlər çoxdur. Yaşıllıqların artırılmasına bütün dövlət orqanları qoşulur. Bu, çox müsbət haldır”.
Ekoloq Ənvər Əliyev də Publika.az-a bildirib ki, Bakıda əhalinin sayı ilə yaşıllıq nisbəti uyğun gəlmir:
“Əgər statistikanın dediyi kimi, hər bir insana 20-25 kvadratmetr yaşıllıq düşərsə, gərək Bakı ağaclar içində üzsün. Ona görə ki, paytaxtda əhalinin sayı çoxdur və bu, hər keçən gün artır. Burada yalnız yaşamaq uğrunda mübarizə gedir, yaşıllıq üçün yox. Bakı ərazisi yarımsəhra və quru çöl iqlim şəraitindədir. Ona görə də burada ağacların əkilib becərilməsi həm vacibdir, həm də problemdir. Ağacın vacibliyini hər kəs bilir. Bu, ilk olaraq sağlamlıq üçün önəmlidir. Problemə isə əkilən ağacların doğru yerdə olmamasıdır. Həmçinin əkilməsindən əlavə böyüdülməsi də doğru deyil”.
Ekoloq diqqətə çatdırıb ki, ortalama bir ağac il boyunca üç adamın oksigenini təmin edir:
“Paytaxtdakı əhalinin sayına baxsaq, bunun hesablanması üçün addımlar atılmalıdır. Bu iş yaxında həllini tapacağını düşünmürəm. Çünki Bakıya axın ilbəil artır. Rayonlarda kənd təsərrüfatını inkişaf etdirmək lazımdır. Bu məsələni illərdir deyirəm. Ölkəmizdə kənd təsərrüfatı strukturu darmadağın olub. Bunun yenidən qurulması üçün müxtəlif variantlar var. Dünyanın heç bir yerində mülki əhalinin 50 faizi paytaxtda yaşamır, bu, yalnız Azərbaycanda belədir”.
Terapevt Sübhan Hacıyev isə qeyd edib ki, insan orqanizmi yaşadığı mühitdən, iqlim və hava şəraitindən çox asılıdır:
“Havada olan oksigen bilavasitə qan dövranına təsir edir. Oksigenin olmadığı bir yerdə nəinki insan orqanizmi, ümumiyyətlə, heç bir canlı uzun müddət qala bilməz. Elə bu səbəbdən də ekologiyanın çirklənməsi, hava şəraitinin kəskin pisləşməsi insan orqanizminə mənfi təsir göstərir. Bu da nəticədə bir yox, bir neçə orqanların zədələnməsinə gətirib çıxarır. Oksigenimizin əsas mənbəyi yaşıllıqdır. Yaşıllıqların azalması ilk növbədə tənəffüs orqanlarına mənfi təsir edir. Bu zaman bronxit, pnevmoniya, amfizem və digər xəstəliklərin sayında artım olur”.
Terapevt əlavə edib ki, təbiətdən yaranan elə xəstəliklər var ki, bir çox hallarda tam müalicə olunmur:
“Ürək-damar sistemi xəstəlikləri də bundan qaynaqlana bilir. Çünki ürək və damar sisteminin oksigenə çox ehtiyacı olur. Hava şəraitinin kəskin çirklənməsi allergik xəstəliklərin artmasına gətirib çıxarır. Bütün bu sadalananları nəzərə alaraq, hər birimiz yaşıllığı və havanı qorumalıyıq. Bu, özümüzdən asılıdır. Çünki gələcəyimiz üçün də önəmlidir. Unutmamalıyıq ki, hava və su insanın yaşaması üçün ən önəmli faktorlardır”.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ