İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı İlahiyyat Kolleci yaradıldı - dini sahədə boşluqlar aradan qalxacaqmı...

Azərbaycan İlahiyyat İnstitutu publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılıb. “Yeni Müsavat”ın xəbərinə görə, bununla bağlı baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə bu Qərarın 2.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” qanunun 8.2-ci maddəsi ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək tapşırılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kollecin dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, Qərardan irəli gələn digər məsələləri həll etməlidir. Kollecin fəaliyyətinin təmin edilməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi məqsədilə Maliyyə Nazirliyi zəruri tədbirlər görməlidir. İqtisadiyyat Nazirliyi dövlət qeydiyyatına alındığı gündən Kollecin inzibati bina ilə təmin edilməsi məsələsinin həlli barədə təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd etmək yerinə düşər ki, artıq uzun müddətdir Azərbaycanda peşəkar dindarların yetişdirilməsi ilə bağlı müzakirələr aparılır. Mütəxəssislər ölkəmizdə bu sahədə boşluqların olduğunu bildirirlər. Son dövrlər isə bəzi dindarların dinə zidd açıqlamaları bu kimi mövzuları aktuallaşdırıb. Yeni yaradılan kollec bu boşluğu aradan qaldıracaqmı? “Onsuz da İlahiyyat İnstitutu fəaliyyət göstərirdi, kollecə ehtiyac var idimi”, - deyə sual  edənlər də var...  

Oxu.az - Ceyhun Məmmədov: “Bu formada şəxsi əşyaların aşkarlanması,  şəklinin çəkilib paylaşılması doğru deyil”

Deputat: “Azərbaycan özünün din təhsili modelini yaradır, çox önəmli qərardır”

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, belə bir müəssisənin fəaliyyət göstərməsinə ehtiyac var idi: “2018-ci ildə Prezident İlahiyyat İnstitutunu yaratdı. Bu gün isə kollec yaradıldı. Hesab edirəm ki, bu, Azərbaycanda dini maarifləndirmə, dini təhsilin inkişafına öz töhfəsini verəcək. Əvvəlki dövrdə vəziyyət belə idi ki, gənclərimiz orta məktəbdən birbaşa ali məktəbə gəlirdilər. Artıq kolleclərdə yeni biliklər əldə edərək İlahiyyat İnstitutunda daha yüksək təhsil almaq imkanına malik olacaqlar. O mənada hesab edirəm ki, çox önəmli bir qərardır. Bu həm də Azərbaycanda dini maariflərndirmə işinə, din xadimlərinin fəaliyyətinə, din sahəsində mövcud məsələlərin həllinə öz töhfəsini verəcək. Eləcə də din sahəsində dini biliklərin asan şəkildə əldə edilməsinə nail olunacaq. Bu gün Azərbaycan özünün din təhsili modelini yaradır, dini sahədə çox önəmli addım atır. Bu, ölkəmizdə bu sahəyə Prezident İlham Əliyevin həm də növbəti diqqət və qayğısının təzahürüdür”. 

Araşdırmaçı jurnalist, ilahiyyatçı Rəsul Mirhəşimli də mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Bakı İlahiyyat Kollecinin açılması müsbət hadisədir: “Bu qərar Azərbaycanın din xadimlərinin yetişdirilməsi ilə bağlı tədris bazasını genişləndirəcək. İlahiyyat İnstitutuna qəbul imtahanlarında yetərli bal toplaya bilməyənlərin, yaxud kollec təhsili almaq istəyən insanların arzusunu gerçəkləşdirə biləcək.

Rəsul Mirhəşimli - 55

İlahiyyatçı: “Kollecin açılması dinin dövlət siyasətinə uyğun tədris olunmasını inkişaf etdirəcək”

Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanması ilə kənar təsirlərdən qurtulmaq mümkün ola bilər. Etiraf etməliyik ki, xaricdə din təhsili alan insanların bəzilərinin dünyagörüşündə həmin ölkələrin siyasəti də yer alır. Bu da dinin təbliği zamanı neqativ halların ortaya çıxmasına səbəb olur. Bu kimi neqativ hallardan qaçmağın yollarından biri də Azərbaycanın təhsil bazasında din xadimlərinin hazırlanmasıdır.

Hələ bir müddət əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı orta məktəblərdə dinin tədris olunması ilə bağlı təklif vermişdi. Hesab edirəm ki, bu məsələnin də həlli üçün tədris bazasının yaradılmasına başlamaq lazımdır. Ola bilsin, bu gün Azərbaycanda dini tədris edən yetərincə kadr olmaya bilər. Onun üçün də ilkin mərhələdə orta məktəblərdə dinin tədris olunması problem yarada bilər. Lakin zaman keçdikcə bu sahədə hazırlanacaq mütəxəssislərin hesabına problemi aradan qaldırmaq mümkün olacaq". 

Ekspert əlavə edib ki, əgər orta məktəblərdə dinin ayrıca fənn kimi keçirilməsi ilə bağlı qərar verilsə, onun baza hissəsinə də fikir veriləcək və təkmilləşdiriləcək: “Bu gün Azərbaycanda İlahiyyat İnstitutu fəaliyyət göstərir, bu ali məktəbin hazırladığı kadrlar orta məktəblərdə dini tədris edə bilərlər. Bakı İlahiyyat Kollecinin açılması dinimizi dövlət siyasətinə uyğun tədris olunmasını inkişaf etdirəcək. Bütün hallarda, dinimizi özümüz tədris etməklə kənar təsirlərin rolunu aradan çıxarmış olacağıq”.

Dini mövzularda ixtisaslaşan jurnalist Kənan Rövşənoğlu da öz sosial media hesabından mövzuya fikir bildirib: “Azərbaycanda İlahiyyat İnstitutunun nəzdində İlahiyyat Kolleci yaradılması haqda qərar qəbul olunub. Yaxşı addımdır. Beş il əvvəl İlahiyyat İnstitutunun yaradılması barədə qərar qəbul olunduqdan təxminən altı ay sonra Bakı İslam Universiteti bağlandı. Belə başa düşürəm ki, yaxında QMİ-nin nəzdində olan Lənkəran İlahiyyat Kolleci bağlanacaq. Bununla da QMİ-nin nəzdində dini təhsil mərkəzi qalmayacaq”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR