Onlayn ictimai-siyasi qəzet
ABŞ və Qərbin Cənubi Qafqaz siyasətində müəyyən dəyişikliklər müşahidə olunmağa başlayıb. Belə ki, Qərb bu regiona yönəlik hədəflərində yeni istiqamətlərə üstünlük verdiyini sezdirir. Xüsusilə də, ifrat ermənipərəst mövqenin artıq iflasa uğramaq üzrə olduğu da müşahidə olunur. Və bu baxımdan, Cənubi Qafqazın yeni geopolitik mərhələyə keçid etmək üzrə olduğu qətiyyən şübhə doğurmur.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin Cənubi Qafqaz siyasətində müəyyən dəyişikliklərin baş verməsində Azərbaycanın prinsipial mövqeyinin həlledici rolu mövcuddur. Hər halda, rəsmi Bakı Qərbin ifrat ermənipərəst mövqeyinə müqavimət göstərməyi bacardı. Nəticədə ABŞ və Qərbin Cənubi Qafqaz maraqları böyük ölçüdə bloklanmış oldu və ciddi risk altına düşdü. Və Qərb siyasi dairələrində nəhayət ki, anladılar ki, Azərbaycanın maraqlarından yan keçməklə, Cənubi Qafqazda geopolitik uğur qazanmaq mümkün olmayacaq.
Ona görə də, son vaxtlar ABŞ və Qərb Cənubi Qafqazda yalnız erməni narrativləri üzərindən irəliləmək planından vaz keçməyə başlayıb. İndi rəsmi Bakının mövqeyi və şərtləri Qərb siyasi dairələrinin regional hədəflərinə yenidən baxılmasına səbəb olub. Qərbdə artıq anlayırlar ki, yalnız Ermənistan üzərindən Cənubi Qafqazda geopolitik oyunçuya çevrilmək niyyəti qətiyyən real deyil. Ermənistan kimi zəif və geopolitik manevr potensialından uzaq dövlət buna münbit şərait yarada bilməz. Və bu səbəbdən də, Qərb siyasi dairələri Cənubi Qafqazda regional sülh prosesinə yanaşma tərzini də dəyişmək məcburiyyətində qalıblar.
Məsələ ondadır ki, ABŞ, Avropa Birliyi və Fransa son vaxtlara qədər Cənubi Qafqazda sülh prosesini əngəlləyə biləcək addımlar atırdı. Fransa hələ də bu mövqeyində qalmaqdadır. Ancaq ABŞ və Avropa Birliyi sülh sazişi imzalanmadan əsas hədəflərindən uzaq qala biləcəkləri barədə qənaətə gəlmiş kimi görünürlər. Ona görə də, son vaxtlar Azərbaycan və Ermənistana ən qısa zamanda sülh sazişinin imzalanmasının vacibliyi barədə çağırışlar edilir. Və bu prosesin Qərb tərəfindən dəstəkləndiyi açıq mətnlə vurğulanır.
Maraqlıdır ki, ABŞ rəsmi dairələri Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasının vacibliyinin yalnız Azərbaycan və Ermənistanın problemi olmadığını qabartmağa başlayıblar. Belə ki, ABŞ Dövlət Departamentinin yüksək rütbəli təmsilçisi Ceyms O'Brayn bildirib ki, bu məsələ həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya üçün olduqca vacibdir. ABŞ rəsmisi bu önəmli prosesin uğur qazanma vacibliyini yalnız siyasi deyil, həm də iqtisadi-ticari faktorlarla izah etməyə çalışıb. Və bu baxımdan, Ağ Evdə Cənubi Qafqazla bağlı artıq daha fərqli prioritetlərin ön planda olduğunu iddia etmək mümkündür.
Belə anlaşılır ki, ABŞ və Qərb Azərbaycan və Ermənistan arasında ən qısa zamanda sülh sazişinin imzalanmasında maraqlıdır. Amerikalı siyasətçi Orta Asiya ölkələrinin dünya bazarlarına məhz Rusiya və ya Çin üzərindən çıxmaq məcburiyyətində qaldıqlarını xatırladıb. Onun fikrincə, Orta Asiya dövlətlərinin alternativ marşrut üçün Azərbaycanla əməkdaşlığa böyük ehtiyacı var. Və bu baxımdan, Cənubi Qafqazda sülhün və əmin-amanlığın yaradılması indi daha çox aktualdır.
ABŞ Dövlət Departamentinin təmsilçisi onu da xatırladıb ki, Orta Asiya dünya bazarına çıxaran marşrutlardan biri hazırda Azərbaycan, Gürcüstan və Qara dəniz üzərindən keçir: “Digər potensial olaraq, daha böyük marşrut isə Azərbaycan, Ermənistan və Türkiyə ərazilərindən keçə bilər. Ona görə də, Cənubi Qafqazda müharibəyə son qoyulmasına, 1990-cı ildən bəri mövcud olan bu dəhşətli münaqişənin başa çatması üçün Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına ehtiyacımız var. Bizim mesajımız budur: artıq sülh zamanıdır".
Göründüyü kimi, ABŞ və Qərbin Cənubi Qafqaz üzrə prioritet hədəfləri artıq dəqiqləşməyə başlayıb. Belə ki, Qərb Cənubi Qafqazda sülhə ehtiyac duyur. Çünki bu, regionda qarışıqlıq yaratmaq imkanları olan xarici güclərin – Rusiya və Fransanın hərbi-siyasi manipulyasiya mexanizmlərini sıradan çıxara bilər. Nəticədə ABŞ və Avropa Birliyinin Cənubi Qafqazda yalnız geopolitik deyil, həm də geoiqtisadi hədəflərini reallaşdırma imkanları genişlənmiş olar.
Məsələ ondadır ki, ABŞ rəsmisi Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasından sonra Avropa və Orta Asiyanı birləşdirəcək Zəngəzur dəhlizinin açıla biləcəyinə eyham vurub. Belə anlaşılır ki, ABŞ və Qərb Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Çünki bu önəmli geoiqtisadi layihə ABŞ və Qərb üçün yalnız Cənubi Qafqaza deyil, həm də Xəzəryanı və Orta Asiya regionlarına da real “pəncərə” rolunu oynaya bilər. Və bu, Rusiya-Çin cütlüyünün Orta Asiyada təsir gücünün zəifləməsinə səbəb ola biləcək məsələdir.
Təbii ki, bütün bunların baş verməsi üçün ilk növbədə Azərbaycanın maraqlarını təmin etmək, rəsmi Bakının şərtlərini reallaşdırmaq lazım gələcək. ABŞ Dövlət Departamentinin yüksək rütbəli təmsilçisi Ceyms O'Braynın dediklərindən belə nəticə çıxartmaq olar ki, rəsmi Bakının şərtləri Ağ Evdə artıq qəbul edilib. Rəsmi İrəvanın məhz Ağ Evdən gələn bütün təlimatları dərhal icra etdiyini nəzərə aldıqda, Ermənistanın mövqeyi ümumiyyətlə, elə bir əhəmiyyət daşımayacaq. Və bu baxımdan, yaxın vaxtlarda Cənubi Qafqazda cərəyan edəcək prosesləri artıq təxmin etmək mümkündür.
Birincisi, böyük ehtimalla rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddiaları olan Ermənistan konstitusiyasının dəyişdirilməsinə məcbur olacaq. Çünki əks halda, rəsmi Bakı Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını real hesab etmir. Dugər tərəfdən, yekun sülh sazişindən sonra Ermənistan Azərbaycanın maraqlarına zidd olmayan şərtlər daxilində Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdən də yayına bilməyəcək. Hər halda, bunu yalnız Azərbaycan deyil, ABŞ və Qərb də tələb edir.
Rəsmi Bakının yaxın vaxtlarda yekun sülh sazişinin imzalanması istiqamətində pozitiv proseslərin olacağına dolayısı eyham vurması da Azərbaycanın ABŞ və Qərblə bu məsələ ətrafında prinsipial anlaşmaya nail olduğunu göstərir. Bu, o deməkdir ki, Azərbaycan geopolitik şərtləri diqtə edir, Ağ Ev razılaşır və onları rəsmi İrəvana təlimat kimi ötürür. Və indi bu baxımdan, Cənubi Qafqazın gələcək taleyi qarşısında yeni mərhələ artıq açılmaq üzrədir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ