İnsanlara hürriyət, millətlərə istiqlal!

Azyaşlı qızın boynuna məftil dolayıb videoya çəkdi, yaşadığı qadını şantaj etdi - məhkəmə işi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Xəzər rayonu, Qala qəsəbəsində 4 yaşlı qızı döyüb öldürməkdə, meyitini isə quyuya atmaqda ittiham olunan Mehman Mansurovun məhkəməsi davam edir.  Məhkəmə iclasında hadisə baş verən dövrdə Mehman Mansurovun qeyri-rəsmi nikahda birlikdə yaşadığı Xəyalə adlı qadının azyaşlı oğlu Vüsal şahid kimi dindirilib. O, bildirib ki, anası Mehman Mansurovdan uşağı aparıb atasına verməsini istəyirdi. Vüsalın sözlərinə görə, Məryəmi Mehman Mansurov döyüb və nəticədə uşaq ölüb.

Bundan əvvəki məhkəmə iclasında Mehman Mansurov bildirmişdi ki, qonşunun uşağı olan Məryəmi özü yox, birlikdə yaşadığı Xəyalə öldürüb. Onun sözlərinə görə, hadisə günü – yanvarın 23-də işdən evə qayıdanda Xəyalənin artıq Məryəmi öldürdüyünü görüb: “Mən ancaq onunla birlikdə meyiti büküb, aparıb quyuya atmaqda iştirak eləmişəm. Uşağın öldürülməsindən mənim xəbərim olmayıb”.

Mehman Mansurovun sözlərinə görə, Xəyalə Məryəmin onlara gətirilməsinə etiraz edib, uşağa baxmaq istəməyib. O isə qadının narazı olmasını uşağın atasına deyə bilməyib: “Xəyalə hirslənəndə Məryəmi döyürdü, deyirdi ki, mən onun-bunun uşağına baxan deyiləm. Hadisə günü də əsəbiləşib döyüb, uşaq ölüb. Mənə dedi ki, meyiti gizlətməyə kömək elə. Mən də elədim”.

Lakin Mehman Mansurov istintaqa ifadəsində demişdi ki, hadisəni yanvarın 22-dən 23-nə keçən gecə törədib: “Ağlayırdı, yatmağa imkan vermirdi. Onu sakitləşdirə bilmirdik. Buna görə döydüm”.
Mehman Mansurov sözügedən qadının dindirilməsini, onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Lakin 5 aya yaxındır ki, onun yeri haqda heç bir məlumat olmadığı bildirilir.

Məhkəmədə dindirilən Vüsal da anasının yerini bilmədiklərini deyib.

2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyiti yanvarın 31-də quyudan tapılıb. Meyitin üstünə də torpaq tökülüb. Araşdırma zamanı məlum olub ki, uşağı atası sonuncu dəfə işə gedəndə qonşuluqda yaşayan 32 yaşlı Mehman Mansurovgilə qoyub. Ümumiyyətlə, uşaq tez-tez onlarda qalırmış. Çünki Məryəmin atasıyla anası ayrılıb, uşaq atasında qalıb. Atası Taleh Allahyarov işə gedəndə uşağı qoymağa yer olmadığına görə Mehman Mansurovgilə verirmiş.

Mehman Mansurova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 133.2.4-cü (Əzab vermə) maddələrilə ittiham verilib.
Hadisədən az sonra Məryəmin atası Taleh Allahyarov da həbs olunub. Onun cinayəti ayrıca icraata ayrılıb.

Taleh Allahyarovun həbsindən əvvəl ATV-nin “Bizimləsən” proqramında iştirak edib. Veriliş zamanı Taleh Allahyarovun həyat yoldaşına göndərdiyi videogörüntülər yayımlanıb.

Videoda Taleh Allahyarovun 4 yaşlı Məryəmin boğazına məftil keçirdiyi görünür.

Taleh Allahyarovun arvadı ondan boşanmaq üçün azyaşlı uşağını da qoyub, çıxış gedib. İddia olunur ki, o, arvadını barışmaq üçün azyaşlı uşaqla şantaj edib. Yəni həmin videonu arvadına göndərərək, evə geri dönməyəcəyi halda, uşağı öldürəcəyilə hədələyib.

Bu görüntülərdən sonra Xəzər rayon Polis İdarəsinun əməkdaşları studiyaya gələrək Taleh Allahyarovu saxlayıblar.

E.Məmmədəliyev,
"Yeni Müsavat"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR