Onlayn ictimai-siyasi qəzet
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb. Şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Diləfruz Məmmədova (şərti ad) rayonun Səfikürd kənd sakini olan 21 yaşlı sevdiyi oğlan tərəfindən evlənmək məqsədilə qaçırılıb. Faktla bağlı Goranboy rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya və rayon Polis Şöbəsində araşdırma başlanıb.
Son məlumata görə, evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi, Goranboy Rayon İcra Hakimiyyəti, Goranboy polis şöbəsinin nümayəndələri hər iki ailənin yaşadığı ünvana yollanıblar. Oğlan və qız polis şöbəsinə aparılıb, izahatları alınıb. Hər iki ailəyə qanunvericiliklə bağlı məlumat verilib.
Azərbaycanda evlənmək məqsədilə qız qaçırma halları mütəmadi baş verir. Daxili İşlər Nazirliyi (DİN) bildirib ki, qız qaçırma adam oğurluğudur, hansısa istisna yoxdur. Yəni kimsə nikaha məcbur edilə bilməz, bu, qadağandır, məsuliyyət yaradır.
Konkret halda isə söhbət həm də qanunla nikah yaşına (18) çatmamış məktəblinin qaçırılmasından gedir.
Dövlət Statistika Komitəsindən saytımıza verilən məlumata görə, 2020-ci ildə 21 nəfər, 2021-ci ildə 43 nəfər, 2022-ci ildə isə 57 nəfər adam oğurluğu faktına görə məhkum olunub. 2023-cü ildə 31 adam oğurluğu hadisəsi törədilib ki, bunun da 17-si qız qaçırma olub. Ötən ilin statistikası hələlik açıqlanmayıb.
Cinayət Məcəlləsinə əsasən, adam oğurluğu beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda-on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yəni qız oğlanla könüllü getmiş, lakin qızın 16 yaşı tamam olmamışdırsa, bu zaman da qızı könüllü qaçıran şəxsi cinayət məsuliyyəti gözləyir.
Bəs cəzalar kifayət qədər sərt olsa da, nikah yaşı ilə bağlı 1 illik güzəşt (17 yaş) ləğv edilsə də, bu qəbil faktlar niyə azalmır? Səbəb evdə və məktəbdə maariflənmənin zəif olmasıdırmı? Daha hansı preventiv tədbirlərə ehtiyac var?
Ekspertlərin fikrincə, qız qaçırma hallarının davam etməsinin əsas səbəbi ailələrdə və cəmiyyətdə maariflənmə səviyyəsinin aşağı olmasıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri də bildirir ki, bir çox hallarda valideynlər özləri də erkən nikahın fəsadları haqqında yetərli məlumata malik deyillər. Məktəblərdə isə bu mövzuda xüsusi tədris proqramlarının olmaması uşaqları təhlükəyə daha çox açıq vəziyyətdə qoyur.
Sosioloqların fikrincə, mentalitetdə hələ də “qız qaçırma”nın romantik və ya normal bir hadisə kimi qəbul edilməsi ciddi problemlərə yol açır. Bir çox icmalarda bu hallar ailə və cəmiyyət tərəfindən sükutla qarşılanır.
Nə etməli?
Mütəxəssislər problemi həll etmək üçün aşağıdakı tədbirləri təklif edir:
Beləliklə, hər nə qədər cəzalar sərtləşdirilsə də, problemin həlli yalnız qanunvericiliklə mümkün deyil. Cəmiyyətin şüurunda köklü dəyişikliklər edilməli, ailələrdə və məktəblərdə düzgün maarifləndirmə aparılmalıdır. Əks təqdirdə, bu problem həll olunmamış qalacaq.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, son illərdə qız qaçırma və erkən nikahla bağlı faktların sayında azalmalar müşahidə olunur:
“Bu cür halların xeyli qarşısı alınıb. Qeyri-hökumət təşkilatları və cəmiyyətin məsələyə aktiv müdaxiləsi, eləcə də qanunların sərtləşdirilməsi nəticəsində ciddi azalmalar var. Apardığımız monitorinqlər bunu təsdiqləyir. Erkən nikahlarla bağlı icra hakimiyyətlərindəki xüsusi qurumlara, polislərə, hətta mollalara belə göstəriş verilib ki, yetkinlik yaşına çatmamış şəxslərə dini nikah kəsilməsin.
Ancaq problemi tamamilə həll etmək üçün məktəblərdə şagirdlərlə, həmçinin qız və oğlan anaları ilə maarifləndirmə söhbətləri aparılmalıdır. Uşaqlar evdə əsasən analarını müşahidə edir və onların tərbiyəsini alırlar. Valideynlərə izah edilməlidir ki, qız uşaqlarına təhsil vermək, onları peşə sahibi etmək vacibdir. Çünki həyat yoldaşı itki və ya boşanma səbəbilə ailəni tərk etdikdə, qadının əlində peşəsi olmalı, uşaqlarına baxıb onları böyüdə bilməlidir.
Hazırda zorla qız qaçırma halları ya yoxdur, ya da çox nadir rast gəlinir. Lakin belə hadisələr baş verdikdə, mütləq şəkildə valideynlər hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Çünki bu, adam oğurluğudur. Təəssüf ki, bəzən qızın valideynləri qarşı tərəflə razılığa gəlir, oğlan isə cəzadan yayına bilir. Halbuki bu hallarda mütləq şəkildə şikayət edilməli, belə şəxslər cəzalandırılmalıdır ki, digərləri bu hərəkəti təkrarlamasın.
Televiziyalar isə ucuz şou proqramları yayımlamaq əvəzinə, ailə dəyərlərini təbliğ etməli, erkən nikah və qız qaçırmanın fəsadları, hüquqi məsuliyyəti barədə maarifləndirici proqramlar hazırlamalıdır. Bu, cəmiyyətin məlumatlılığını artırmaq və problemin həllinə töhfə vermək baxımından çox vacibdir".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
18 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ