İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azpulmat”ın xəzinədarı “yüklənib”?: “Təhlükəsizlik sıfır idi...”

“AZPUL” Məhdud Məsuliyyətli Cəmiyyətinin xəzinədar-inkassatoru hakim qarşısına çıxarılıb. O, çalışdığı bank olmayan kredit təşkilatının (“Azpulmat”) 53 min manat vəsaitini mənimsəməkdə ittiham olunub.

Musavat.com xəbər verir ki, ona qarşı külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb.

Təqsirləndirilən Rüfət Məmmədov ittihamla özünü qismən təqsirli bilib. Məbləğin 53 min yox, 37 min manat olduğunu deyib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Rüfət 53 min manat ziyanı tam olaraq ödəyib və şirkətlə barışıq əldə edib.

Rüfətin ifadəsində maraqlı məqamlar üzə çıxıb. O, pulları necə götürdüyünü etiraf edib.

Onun sözlərinə görə, götürdüyü 37 min manatı yerinə qoysa da, sonradan məbləğin artdığını müşahidə edib:

“Götürdüyüm məbləği yerinə qoyduqca borcun azalmaq əvəzinə daha da çoxaldığını gördüm. Baş xəzinədara məlumat verdim. Mən pulları terminallardan götürmüşdüm. Terminalların iki açarı var idi və biri məndə idi. Açar məndə olduğu üçün terminala müdaxilə edə bilirdim. Təhlükəsizlik demək olar ki, sıfıra bərabər idi. Pulları götürüb inkassasiya zamanı da yerinə qoyurdum. Pulları terminaldan götürəndə sistemdə görünmürdü. Yalnız fiziki cəhətdən sayanda məbləğ bilinirdi. Terminalı açanda da müəssisəyə heç bir xəbərdarlıq siqnalı getmirdi. Məsələni rəhbərliyə məlumat verəndə çatışmayan məbləğin hamısının mənə aid olmadığını dedim”.

Rüfət Məmmədov ifadəsində göstərib ki, terminalların ikinci açarının kimdə olması araşdırılmayıb. Əlavə edib ki, bu barədə şirkətə məlumat versə də, araşdırılmayıb. Onun sözlərinə görə, bu məsələ istintaq zamanı da araşdırılmayıb.

Məhkəmədə zərərçəkmiş MMC zərər ödənildiyi üçün şikayətçi olmadığını bildirib.

Məhkəmənin hökmü ilə Rüfət Məmmədov barəsində şərti cəza təyin edilib.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR