Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Muğam Mərkəzinin rəhbəri Sahib Paşayev “Özbəkistanın mədəniyyət elçisi” adını aldı
Beynəxalq Muğam Mərkəzi birgə əməkdaşlıqla bağlı əlaqələrini günü-gündən genişləndirir. Muğam sənətinin geniş inkişaf etdiyi Özbəkistanla əlaqələrin qurulması da muğam ifaçılığı və tədrisi, eləcə də muğam irsinin araşdırılması yönündə təcrübə və sənət mübadiləsinə xidmət edir.
Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin köklü tarixi var. Müasir dövrdə bu əlaqələr daha da genişlənərək inkişaf edir. Bu günlərdə Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, Əməkdar artist Sahib Paşazadə “Özbəkistanın mədəniyyət elçisi” fəxri adına layiq görülüb. O, 10 ildən artıqdır ki, Özbəkistanda təşkil edilən mədəni tədbirlərin fəal iştirakçısıdır. Tanınmış tarzən 2017-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” festivalında 20 illik fasilədən sonra tar ifaçısı kimi Qran-Pri mükafatına layiq görülüb. 2018-ci ildə isə Özbəkistanın Şəhrisəbz şəhərində keçirilən I Beynəlxalq muğam (makom) sənəti Forumu çərçivəsində Beynəlxalq Muğam Festivalında Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” instrumental musiqi qrupu birincilik qazanıb. 2018-ci ilin may ayında Özbəkistandakı Heydər Əliyev Mərkəzinin dəvəti və təşkilatçılığı ilə Daşkənddə Türkistan sarayında Azərbaycan Respublikasının yaranmasının 100 illiyi münasibətilə Özbəkistanın Simfonik Orkestri (dirijor Kamoloddin Urinbayev) ilə solo konsert proqramı ilə çıxış edib. 2022-ci ilin mart ayında Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif edilib. 2019-cu ildə isə Xarəzm vilayətinin Xivə və Ürgənc şəhərlərində keçirilən mədəni tədbirlərdə çox yüksək səviyyədə iştirakına görə Xarəzm valisinin fəxri fərmanı ilə təltif edilib. 2020-ci ildə Azərbaycan və Özbəkistan arasında Xalq Çalğı Alətləri üzrə I Beynəlxalq Festivalda münsif kimi iştirak edib, 2022-ci ildə Özbəkistanın Xivə şəhərində keçirilən “Lazgi” Beynəlxalq Musiqi Festivalında fəxri qonaq kimi iştirak edərək Xarəzm vilayətinin şəhərlərində ustad-dərsləri verib. İstedadlı tarzən dəfələrlə Özbəkistanın Daşkənd, Səmərqənd, Buxara, Nəvai, Xivə, Ürgənc və bir çox şəhərlərində keçirilən çoxsaylı mədəni tədbirlərdə ölkəmizi layiqincə təmsil edib.
Bütün bu fəaliyyət iki ölkə arasında mədəni əlaqələrin daha da sıx olmasına xidmət etməklə yanaşı, Azərbaycan muğam sənətinin Özbəkistanda layiqli şəkildə təbliğidir.
Məhz bu məhsuldar fəaliyyət nəticəsində hazırda Sahib Paşazadənin rəhbərlik etdiyi Beynəlxalq Muğam Mərkəzi Özbəkistanın bir çox ali təhsil müəssisələri və muğam üzrə mərkəzləri ilə birgə əməkdaşlıq haqqında memorandum imzalayıb. Eyni zamanda Özbəkistanın musiqi təhsili müəssisələrində ustad dərsləri ilə çıxış edən tarzənin yüksək peşəkarlığı nəzərə alınaraq bu ali təhsil müəssisələrinin “Fəxri professoru” adına layiq görülüb.
Bu ilin aprel ayında Özbəkistanın Xivə şəhərində keçirilən IV Beynəlxalq Baxşı Festivalı və UNESCO və ICESCO-nun himayəsi ilə təşkil edilən II Türk Dünyası Mədəniyyət Forumunda fəxri qonaq qismində iştirak edən Sahib Paşazadə Yunus Rəcəbi adına Özbəkistan Musiqi Sənəti İnstitutunun “Fəxri professoru” adına layiq görülüb. Fəxri professor diplomunu ona Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov təqdim edib.
Diplom Sahib Paşazadəyə Özbəkistan və Azərbaycan arasında musiqi sahəsində əlaqələrin inkişafında və möhkəmləndirilməsində xidmətlərinə görə təqdim edilib.
Xatırladaq ki, bundan əvvəl Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun “Fəxri professoru” adına da layiq görülmüşdü.
“Yeni Müsavat”
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ