Onlayn ictimai-siyasi qəzet
Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş. Azərbaycanla Ermənistan uzun müddət idi bu saziş layihəsi üzərində danışıq aparırdı. Martın 13-də həm rəsmi Bakı, həm də rəsmi Yerevan danışıqların yekunlaşdığını, mətnin bütün maddələrinin razılaşdırıldığını bəyan etdi.
Medianews.az bildirir ki, saziş layihəsi 17 maddədən ibarətdir. 13 mart bəyanatlarına qədər 15 maddə razılaşdırılmış, 2 maddə qalmışdı.
Saziş layihəsi çap olunmayıb, ictimaiyyətə açıqlanmayıb. Amma istər Azərbaycanda, istərsə də Ermənistanda ictimaiyyətin sazişdə nələrin nəzərdə tutulduğu haqda məlumatlı olduğunu söyləmək mümkündür.
O ki qaldı razılaşdırıldığı martın 13-də bəyan edilən iki maddəyə, bu məsələdə Azərbaycan mediasında gedən müəyyən xəbərlərdə bir qədər yanlışlığa yol verilir. Məsələn, rəsmi Bakı çoxdandır Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması üçün Ermənistandan konstitusiyasını dəyişməyi tələb edir. Eyni zamanda Bakı ATƏT-in Minsk qrupunun buraxılması tələbini irəli sürür. Minsk qrupunun ləğv olunması üçün isə Azərbaycanla Ermənistanın ATƏT-ə (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) birgə müraciəti gərəkdir.
Azərbaycan mediasında gedən bəzi materiallarda hərdən bunlar – Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Minsk qrupunun buraxılması – sülh sazişinin maddələri kimi təqdim olunur. Əslində isə bu iki tələb sülh sazişinin maddələri deyil, Azərbaycanın həmin sazişi imzalaması üçün irəli sürdüyü ön şərtlərdir. Yəni get konstitusiyanı dəyiş, gəl Minsk qrupunun buraxılması haqda birgə müraciətə qoşul, sonra saziş imzalayaq.
Bəs razılaşdırıldığı 13 martda bəyan edilən iki maddə nədən ibarətdir?
Medianews.az qeyd edir ki, həmin maddələrdən biri Azərbaycan-Ermənistan sərhədində hansısa başqa ölkənin qüvvələrini yerləşdirməmək haqqındadır.
Digər maddə isə tərəflərin beynəlxalq məhkəmələrdə bir-birinə qarşı qaldırdığı iddiaları geri çəkməsidir.
Yəni saziş imzalansa, Bakı və Yerevan Azərbaycan-Ermənistan sərhədində başqa ölkənin qüvvələrini yerləşdirməmək və beynəlxalq məhkəmələrdə bir-birinə qarşı qaldırdığı iddiaları geri çəkmək öhdəliyi götürmüş olacaq.
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ