Onlayn ictimai-siyasi qəzet
Əslində, sırf jurnalistin missiyası, hətta vəzifəsi ziddiyyətləri “malalamaq” yox, onları aşkar etmək, aktuallaşdırmaq və diqqətə gətirməkdir – ziddiyyətlərin “malalanması” ilə bütün dünyada siyasətçilər, diplomatlar və məmurlar məşğul olurlar.
Jurnalist isə fəaliyyətində tamam azaddır, hətta müxtəlif ziddiyyətləri aşkar edəndə belə bunun mümkün nəticələri onu qəti maraqlandırmır və heç maraqlandırmamalıdır da, çünki “nə etmək?” məsələsi artıq siyasətçilərin, diplomatların və məmurların işidir.
Amma buna baxmayaraq, bu sətirlərin müəllifi İkinci Qarabağ Savaşı qələbə ilə bitəndən sonra bir az çətin, ağır olsa da, Ermənistana qarşı əvvəlki illərdən fərqli olaraq döyüşkən ritorikanı bir az azaltmağa, hətta indiki erməni baş naziri Nikol Paşinyana münasibəti dəyişməyə çağırıbdır, çünki nə olubsa, o, olubdur, artıq bitib qurtarıbdır, müdriklər demişkən: həmişə keçmişlə yaşamaq olmaz! Bunun başqa səbəblərini də bircə - bircə yazının gedişində deyəcəm...
Bəli, daim irəliyə hərəkət etmək lazımdır, baxmayaraq ki, cəmi dörd il bundan əvvəl biz qanlı müharibədən keçdik, necə deyərlər, yaralar hələ tam sağalmayıb! Amma yenə də deyirik ki, indi hətta İrəvanla da yeni münasibətlər qurmağa çalışmağın vaxtıdır, xüsusən də unutmayaq ki, biz QALİBİK və bu müharibədə qalib gəlmişik, MƏĞLUBLARA qarşı barışdırıcı münasibət göstərmək, hətta rəhm nümayiş etdirmək qaliblərə baş ucalığından başqa bir şey gətirməz...
Daim qeyd edirik ki, hətta indiki erməni hökuməti, onun başçısı Nikol Paşinyanın özü imkan daxilində, hələ ziddiyyətli və qeyri-ardıcıl şəkildə olsa da, vətəndaşlarının psixologiyasını, onların Azərbaycana və qardaş Türkiyəyə qarşı münasibətini dəyişməyə cəhd edirlər – bunu tamamilə inkar etmək insafsızlıq olardı. Bəli, çətindir, çünki insanların yaddaşında cəmi dörd il bundan əvvəl Qarabağda yallı gedən Paşinyan da var...
Bəli, demək lazımdır ki, rəsmi Bakı da əsasən bu kursu götürüb. Amma bunlara rəğmən, erməni hakimiyyəti, onun baş naziri bugünlərdə, Azərbaycanda COP29 tədbirləri keçiriləndə nə etdi? Bəli, onlar Bakıya gəlmədilər! Etiraf edim, biz əvvəldən heç fikirləşmirdik ki, Paşinyan özü Bakıya gələcək, yox, daha çox belə düşünürdük ki, Bakıya Ermənistanın digər vəzifəli şəxsləri, məsələn, parlamentin spikeri, xarici işlər naziri və yaxud da lap uzağı, bu ölkədə simvolik bir fiqur olan prezident gələcək! Demək lazım gəlir ki, bir neçə həftə bundan əvvəl KİV-lərdə də belə bir informasiya səsləndi ki, bəs Bakıya xarici işlər naziri Ararat Mirzoyan gələcək, amma bu məlumatlar da heç təsdiqlənmədi, Bakıda COP29 keçirilən zaman Mirzoyan cənabları, az qala, nümayişkaranə bir şəkildə İsveçə “işgüzar səfər”ə yollandı!..
Bəs nə baş verdi? Bəzi siyasi təhlilçilər belə fikir söylədilər ki, guya İrəvan Bakıda keçirilən COP29 tədbirlərini boykot edir və ya bunu boykot etməyə səsləyən ölkələrlə bir cərgədə olmağa çalışır. Amma COP29-un Bakıda keçirilməsinə qərar verilərkən Ermənistan bunun əleyhinə olmamışdı axı! İndi nə oldu? Yoxsa yenə də bunların “milli xəstəliyi” baş qaldırdı, axı yaza hələ çox var!..
Digərləri bunu, erməni nümayəndə heyətinin Bakıya gəlməməsini (bəzi məlumatlara görə, onlar ilkin qeydiyyatdan da keçiblərmiş!) onunla izah edir ki, guya İrəvan Bakıda həbsdə olan keçmiş Dağlıq Qarabağ separatistlərinin başçılarının azad olunmasını tələb edir və ya istəyirlər!
Bəli, belə informasiyalar oldu, hətta mənim daim “On iki stul”dakı keşiş Fyodr ata ilə müqayisə etdiyim üzdəniraq Qalstanyan da guya ki, Nikola belə çağırış etdi! Amma rəsmi Bakı dəfələrlə bəyan edibdir ki, bu separatçılar adi hərbi əsirlər deyillər, onlar hərbi canidirlər! Adi hərbi əsirlərə gəldikdə isə, Bakı onların da məsələsini Ermənistanla müzakirə etməyə və əsirlərin, itkin düşənlərin mübadiləsini aparmağa həmişə hazırdır...
Amma bizə elə gəlir ki, hətta İrəvanın özündə Dağlıq Qarabağ separatçılarının başçılarını görməyə heç də şad olmazlar, çünki onlar azad olsalar, Nikol Paşinyan hakimiyyəti üçün əlavə baş ağrısından, problemdən savayı bir şey olmayacaqlar!..
Belə fikirlər də var ki, Paşinyan və nazirləri guya ictimai rəydən qorxdular. Bəli, belə bir problem də var. Mən amerikalıların keçirdiyi sorğulara inanıram. Bir neçə ay bundan əvvəl onların keçirdiyi sorğularda, əgər yaddaşım aldatmırsa, cəmi üçcə faiz Nikol Paşinyanın konstitusiyanı dəyişməklə bağlı planlarına dəstək vermişdi! Üstəlik, həmin sorğulara görə də, elə digər sonrakı sorğulara da görə Nikolun siyasi vəziyyəti o qədər də dayanıqlı deyil, onun partiyası formal olaraq birinciliyi saxlasa da elə də böyük dəstəyə malik deyil. Amma hələ ötən əsrin doxsanıncı illərində, münasibətlər daha soyuq və gərgin olanda erməni nümayəndələri Bakıda keçirilən tədbirlərdə iştirak edirdilər, mən hələ erməni idmançılarını demirəm, onlar dəfələrlə Azərbaycanda olub!
Qərəz, bütün bunlara baxmayaraq, Nikol Paşinyanın ən azı cəsarəti çatmadı ki, real sülhə və əməkdaşlığa doğru daha bir addım atsın - axı onun Bakıdakı tədbirlərdə iştirakını hamı birmənalı şəkildə xoş məram və həqiqətən də regional sülhü bərqərar etmək istəyi kimi qəbul edəcəkdi, xüsusən də nəzərə alanda ki, COP29 ərəfəsində o, Bakını sülh sazişi imzalamağa çağırırdı! Doğrudanmı bütün bunlar yalnız və yalnız boş bir səs-küy, akustika imiş?..
Biz daim onu da qeyd etmişik ki, təəssüf, Paşinyan ardıcıl deyil, onun bəyanatları və əməlləri həmişə ziddiyyətlidir. Belə təəssürat yaranır ki, oda keçmişin qayıtmasının intizarındadır. Belə narahatlıq var ki, onun hətta “qərbçiliy”i də o qədər də ardıcıl deyil, istənilən vaxt öz geosiyasi kursunu dəyişə və Rusiyanın geosiyasi orbitinə qayıda bilər.
Belə bir gedişin ehtimalı indiki halda, Donald Tramp prezident seçiləndən sonra artmış kimi görünür, çünki Dünyada yenə də qeyri-müəyyənlik yaranıb, belə hesab olunur ki, guya Tramp Rusiyanın geosiyasi ambisiyalarına daha çox meydan və sərbəstlik verəcək, nəinki Gürcüstanı və Moldovanı, hətta Ukraynanı, eləcə də indi Qərbə doğru ilk, bir az da qeyri-ardıcıl, ziddiyyətli addımlarını atan, ABŞ-da erməni diasporası kimi güclü dayağı olan Ermənistanı da yarı yolda qoyacaq!
Biz bu haqda artıq çox və ətraflı yazmışıq. Bir daha deyirik ki, D.Trampın artıq bir idarəçilyini görmüşük. O vaxt Tramp Paşinyana da ismarış göndərmişdi ki, ölkənizin vəziyyətini həqiqətən də dəyişmək istəyirsinizsə, regional siyasətinizi dəyişin! Üstəlik, Paşinyan “göylərdə uçanda”, “Dağlıq Qarabağ Ermənistandır- nöqtə!” deyərək sülh üçün heç bir addım atmayanda, səhv etmirəmsə, erməni diasporasının səylərinə baxmayaraq, bir ABŞ yüksək vəzifəlisi onda onu qəbul etmədi! Burada demək artıqdır ki, yəqin, Trampa da aydındır ki, Ermənistanın Rusiyanın geosiyasi orbitindən uzaqlaşa bilməsinin ən əsas şərtlərindən biri də Azərbaycan və Türkiyə ilə münasibətləri dəyişməkdir - əlbəttə, Tramp ABŞ-ın Cənubi Qafqazdakı geosiyasi maraqlarının fərqində olacaqsa!..
Odur ki, burada “Azərbaycanla Ermənistan arasında hər şey bitdimi?” sualına biz belə cavab verərdik: yox, biz hələ ümidliyik, optimistik! Bu günlərdə rəsmi Bakı belə bir bəyanat verdi ki, COP29-dan sonra İrəvanla sülh danışıqları davam etdirələcək. Elə Paşinyan da bildirdi ki, Kazanda Azərbaycan prezidentilə apardığı danışıqlara böyük önəm verir! Əlbəttə, yenə də sual yaranır burada: Azərbaycan prezidentilə dialoq Nikol üçün həqiqətən də önəmli idisə, o, niyə Bakıya gəlmədi? Axı bu, dialoq üçün, müzakirələr üçün daha bir imkan və daha bir fürsət idi!..
Nəhayət, oxucu da soruşa bilər ki, doğrudanmı, Ermənistanla sülh və sülh sazişi bu qədər önəmlidir?
Bəli, önəmlidir! Ona görə ki, nə qədər Azərbaycanla Ermənistan arasında münasibətlər tamam yoluna qoyulmayıb, nə qədər ki, etibarlı sülh sazişi imzalanmayıb, bizim də, Ermənistanın da Kremlin geosiyasi ilgəyində qalmaq və ya ona təkrar keçmək ehtimalımız böyük və realdır.
Bilirsiniz, indi çox deyirlər ki, bəs Qərb Ermənistanı silahlandırır və s. və i. Mən bunlara inanmıram, həm də düşünmürəm ki, Qərb Ermənistanı nə vaxtsa Türkiyəyə, hətta Azərbaycana qarşı qaldıra bilər! Yox, bu, heç vaxt olmayacaq,- əlbəttə, Bakı da, qardaş Ankara da Qərblə normal münasibətlər saxlamaqda davam etsə, özlərini onlara qarşı qoymasa!
ABŞ da, əsas Qərb ölkələri də daha çox Ermənistan üçün regional sülh və müəyyən təminat istəyirlər. Biz real təhlükəni isə yenə də Şimaldan – Rusiyadan görürük, çünki onlar yenə də Cənubi Qafqazı da bütünlüklə nəzarətə götürməyə cəhd edə bilər. Ona görə də sülh bizə də, elə ağılları olsa, hətta Ermənistana da hava və su kim lazımdır...
16 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ