İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın “xristian klubu”na mümkün üzvlüyünə nöqtə!

“Bizi oraya qəbul etməyəcəklərsə, niyə qapını döyüb özümüzü biabır edək?” - Prezident 

Azərbaycanın xarici siyasi konsepsiyasında ölkənin Avropa İttifaqına daxil olması nəzərdə tutulmur. Bu barədə dövlət başçısı İlham Əliyev dekabrın 6-da Bakıda beynəlxalq konfransın iştirakçıları qarşısında çıxışında bildirib.

“Bu, çox praqmatik yanaşmadır və onun səbəbi aydındır. Biz virtual dünyada deyil, real dünyada yaşayırıq. Bizi oraya qəbul etməyəcəklərsə, niyə qapını döyüb özümüzü biabır edək? Biz əməkdaşlıq və münasibət qurmağın tərəfdarıyıq”, - deyə Prezident İ.Əliyev bildirib.

Avropa İttifaqı Azərbaycanla Assosiasiya Sazişinə dair danışıqlara 2010-cu ildən başlasa da, 2013-cü ildə Azərbaycan rəsmiləri bu sazişin onlar üçün maraqsız olduğunu bildirdilər və əvəzində Avropa ilə yeni strateji əməkdaşlıq sazişi bağlaması təklifi ilə çıxış etdilər.

Bu, bir tərəfdən də partnyorlar arasında bərabər münasibətlər naminə assimmetrik münasibətlərdən imtina demək idi. Lakin bu həm də inteqrasiyaya yox, əməkdaşlığa maraq olmasının göstəricisi idi.

Bakının nəzərinə görə, strateji əməkdaşlıq enerji təhlükəsizliyi şəklində reallaşmalı idi. Aİ Azərbaycanın əsas ticarət partnyorudur, Azərbaycan isə Avropa İttifaqının enerji təhlükəsizlyinin mühüm təminatçılarından biridir.  

Yuxarıda sadalananlardan başqa Aİ ilə münasibətlərdə qərarların qəbuluna əhəmiyyətli təsir göstərən daxili faktorlardan biri də cəmiyyətin iştirakı məsələsidir.  Son illər Azərbaycan xüsusilə Qarabağ müharibəsi kontekstində Avropa Birliyinin (ümumilikdə Qərbin) qərəzli mövqeyindən narazı qalıb. Yəni yaxın ətrafda baş verənlər Avropa Birliyinə  olan inamı sarsıtdı. İlham Əliyevin tədbirdə dedikləri əlbəttə ki, həm də cəmiyyətin əhval-ruhiyyəsini əks etdirir. İkinci bir tərəfdən, “xristian klubu” adlanan Aİ illərdir ki, Türkiyənin bu quruma üzvlüyünə ən müxtəlif bəhanələrlə əngəl olur.

Oxu.az - Aydın Mirzəzadə iradlara cavab verdi: “Onlara quru “sağ ol” deyim?”

Aydın Mirzəzadə

YAP-çı deputat Aydın Mirzəzadə dövlət başçısının tam reallıqlardan çıxış etdiyini diqqətimizə çatdırdı: “Hər bir ölkə ilk növbədə daxili və xarici təhdidlərdən azad olmağı qarşısına məqsəd qoyur, onların dövlətin dayanıqlığı durumuna mane olmaq imkanlarını minimuma endirməyə çalışır. Bu baxımdan, Azərbaycan əvvəl Ulu öndərin, indi də cənab Prezidentin apardığı siyasət nəticəsində güclü, demokratik, beynəlxalq birlikdə özünə xüsusi yer tutan bir ölkəyə çevrilib. Cənab Prezident tamamilə düzgün olaraq, ölkə daxilində hər hansı bir risk faktorlarının olmadığını bildirdi. Bu gün ölkəmizdə milli birlik var, ölkədə bütün məsələlər konstitusiya ilə cəmiyyətin hüquqlarının qorunması sistemi üzərində gedir. Azərbaycan dövləti uzun illərdən sonra torpaqlarını işğaldan azad etdi, həmin yerlərdə bərpa-quruculuq işləri apararaq, qısa müddətdə 3 minə yaxın məcburi köçkünü o yerlərə köçürdü. 2026-cı ilin sonlarına qədər 140 min insanın həmin yerlərə köçürülməsi nəzərdə tutulub. Bütün bunlar onu göstərir ki, Azərbaycan daxilində bu gün hər hansı bir təhdid yoxdur. İçəridən bizə hər hansı bir problem yaradacaq amil mövcud deyil. Bu da daha çox hakimiyyətin cəmiyyət problemlərini həll etmə mexanizminin cəmiyyət tərəfindən bəyənilməsindən, ona dəstək verilməsindən irəli gəlir. Xarici təhdidlər isə müəyyən qədər var. Ermənistanın Azərbaycanla döyüşlərdə məğlub olmasına baxmayaraq, yenə də ölkəmizə qarşı revanşist fikirlər bildirməsi, Ermənistanın Fransa və Hindistan tərəfindən silahlandırılması Azərbaycana xaricdən müəyyən təhdidlərin artmasına səbəb olur. Buna görə də cənab Prezident forumdakı çıxışında beynəlxalq birlikdən, ilk növbədə, Ermənistanla yaxın əlaqələri olan ölkələrdən qarantiya istədi ki, Ermənistan bir daha Azərbaycana hücum etməyəcək, ciddi problemlər yaratmayacaq. Ermənistana bu gün normal qonşuluq, əməkdaşlıq, sülhü birlikdə bərqərar etmək təklifləri veririk. Çox təəssüflər olsun ki, hələ də Ermənistandan bir konstruktiv cavab ala bilməmişik. Azərbaycanla bu gün normal münasibətlərdə olmaq istənilən dövlət üçün inkişaf, yaxşı bir dost qazanmaq deməkdir. Azərbaycan bu gün beynəlxalq birliyin aktiv iştirakçılarından birinə çevrilib. Qoşulmama Hərəkatına 5 il ardıcıl rəhbərlik etməsi Azərbaycanın yüksək nüfuzunu göstərir. Cənab Prezidentin çıxışı reallığı əks etdirir, Azərbaycanın bu gün güclü dövlət olması faktorunu bir daha diqqətə çatdırır. Bu da inkişafımız, vətəndaşımız, gələcək nəsillərimiz üçündür”.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli isə Avropa Birliyinin ölkəmizə olan düşmən münasibətindən danışdı: “Prezident İlham Əliyev çıxışında bir çox aspektlərə toxundu. Avropa ilə münasibətlərə bir daha aydınlıq gətirdi. Əvvəllər də bu barədə dövlət başçısının konkret fikri olub. LGBT Avropasına Azərbaycanın yol tutmayacağını bildirib. Ələlxüsus da son 3 ildə Avropa Birliyinin işğalçı Ermənistanın yanında olmasından sonra Azərbaycanın hansısa avrointeqrasiya etməsi mümkünsüz hala çevrildi. İşğalçı Ermənistanın baş naziri Paşinyanı ayaqüstə alqışlamaqla Avropa parlamentariləri Azərbaycan dövlətinə qarşı olduğunu bildirdilər. Avropa  "səlib yürüşləri" keçmişinə qayıtmaq üzrədir. Bu qitədə islamofobiya, türkəfobiya tuğyan edir. Müsəlmanların müqəddəs həssasiyyətləri təhqir edilir. Azərbaycanın hər kəs tərəfindən tanınan toxunulmaz əraziləri Avropa siyasətçiləri, rəsmləri tərəfindən şübhə altına salınır. PKK terrorçuları Avropa ölkələrində məskən salıblar, orada vəzifələrə gətirilirlər. Azərbaycan işğaldan ərazilərini azad etmə prosesinə başlayandan Avropa Birliyi bizə düşmən kəsilib. Avropa və ümumilikdə Qərbin qərəzi, düşmənçiliyi haqqında çox yazmaq olar. Ölkə başçısının Avropa İttifaqı və Zəngəzur haqqında qoyduğu mövqeyini doğru və yerində olduğunu hesab edirəm".

Asif Nərimanlı: Xankəndinə 40 ton unun göndərilməsi ilə ilk addım atıldı –  Qərb Xəbər

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı Azərbaycan siyasətinin hər keçən gün bir daha doğru olduğunun göründüyünü söylədi: “Avropa İttifaqına üzvlük istəyi, ümumilikdə Qərbə inteqrasiya xətti MDB məkanında təhlükəli prosesdir. Bununla bağlı kifayət qədər təcrübə var. Gürcüstanın bu xətti problemlər yaratdı, Ukrayna da eyni tale ilə üzləşdi və faktiki poliqona çevrildi. Bu ölkələrin itkilər hesabına da olsa, Qərbə inteqrasiya addımlarının əvəzinə heç nə almamaları da acınacaqlı reallıq yaradıb. Gürcüstan illərdir Avropa İttifaqına üzvlük statusunu ala bilmir, müharibənin getdiyi Ukrayna hələ də qapı ağzında gözlədilir. Bu təcrübələr fonunda Azərbaycanın Avropa İttifaqına üzvlük siyasəti aparmaması doğru seçimdir. Azərbaycanın müstəqil xarici siyasəti var və təcrübə də təsdiq edir ki, ölkənin təhlükəsizliyi məhz bu xəttin hesabına qorunub. Artıq suverenliyimiz və ərazi bütövlüyümüz bərpa edilib, bundan sonra Bakının mövqeləri daha da güclənib. Bizim ehtiyacımız olan dövrdə Avropa İttifaqı lazım olan dəstəyi verməyibsə, artıq ehtiyacımız olmadığı vaxt niyə bu xətti seçməliyik?! Nəzərə alsaq ki, Avropa Birliyinə üzvlük istəyi dividentlərdən çox, təhlükələr vəd edir, o zaman Bakının siyasətinin nə qədər doğru olduğu bir daha aydın olur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR