İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanın səbr kasası daşa və o, öz haqlarını yenə “Dəmir Yumruq”la ala bilər”-POLİTOLOQ

 

“Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisini – keçmiş Dağlıq Qarabağ və Azərbaycana aid anklavlar da olmaqla - tanımaqla bağlı bəyanatından sonra Ermənistan cəmiyyətində ziddiyyətli fikirlər səslənməkdədir”.

Politoloq Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib. Bildirib ki, Qarabağdakı separatçı rejim və buradakı həm Ermənistana, həm də Rusiyaya aid emissarlar - Vardanyan və Babayandan söhbət gedir - Qarabağın heç zaman Azərbaycanın tərkibində olmayacağı barədə bəyanatlar səsləndirirlər:

 “Bu mənada proseslər gərginləşməyə doğru cərəyan etməkdədir. Paşinyan bu fikri səsələndirməklə bütün hesablamalarını beynəlxalq birliyə görə edir, guya Ermənistanın konstruktiv mövqedə olduğu görüntüsü yaratmağa çalışır. Əslində isə Ermənistan iki ildən artıqdır Qarabağ ermənilərinin “təhlükəsizliyi” və “haqları” adı altında absurd iddialar irəli sürməkdədir. Rəsmi İrəvan bu məsələlərin sülh sazişinə daxil edilməsini gündəmə daşımaq məqsədi güdür. Son Vaşinqton danışıqlarında “razılaşdırılmamış” məsələ də budur. Amerika rəsmən Qarabağ ermənilərinin Azərbaycan hakimiyyəti altında müəyyən haqlara sahib olmasında anormal bir şey görmədiyini bildirsə də, Ermənistan bunun “mexanizmlərini” istəyir. Bu isə o deməkdir ki, Rusiya sülhməramlılarına bənzər hansısa bir kontingent yeni bir missiya ilə buraya gəlməlidir”.

Bəs, Azərbaycan buna razı olacaqmı? Q.Çaxmaqlı:

“Ən azından Rusiya bu ideyanı heç cür qəbul etməyəcək. Çünki ABŞ-ın əsas məqsədi burada ədalətli sülhə nail olmaq deyil, Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqdır. Sülh danışıqlarının, sərhədlərin müəyyənləşməsinin, Qarabağ ermənilərinin durumunun ayrı-ayrı ölkə və beynəlxalq ortamda müzakirə edilməsi problemlərin həllindən çox ona mane olur. Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin çoxvektorlu olması iki ölkəni razılaşmalardan uzaqlaşdırır. Bölgəmizdə maraqları olan super güclər öz mənafeləri naminə işi daha da gərginləşdirirlər. Amerikanın çıxarları bəzi hallarda nə Fransanın, nə İranın, nə də Rusiyanın maraqları ilə üst üstə düşmür. Amerika açıq siyasət ortaya qoyub, istəyir ki, Rusiya buradan sıxışdırılıb çıxarılsın, özü Cənubi Qafqazda təkbaşına söz sahibinə çevrilsin. Ona Rusiyanın bu şəkildə, yəni sülhməramlı adı ilə qalması sərf etmir, həmin səbəbdən Ermənistan-Azərbaycan danışıqlarının sülhlə bitməsinə çalışan ölkə rolunu oynamaqdadır. Bölgədə münaqişə olmayacaqsa, Rusiyanın burada işi qalmayacaq və hərbi kontingenti çıxarmaq məcburiyyəti qarşısında qalacaqdır. Bunun baş verməməsi üçün Rusiya iki ölkə arasında münaqişələrin, təxribatların davam etməsi üçün əlindən gələni etməkdədir. Vaşinqtonda davam edən görüşlər vaxtı Qarabağdakı təxribatların müəllifi Rusiya idi. ABŞ-ın, ya da Avropa Birliyinin sülhlə bağlı hər hansı addımları bundan sonra da Rusiyanın provakasiyaları ilə önlənəcəkdir. Vaşinqtonda son görüş zamanı bildiriləndə ki, tərəflərin əsas prinsipləri ilə bağlı razılaşmaları vardır, dərhal Rusiya işə qarışdı, Kremlin sözçüsü səviyyəsində əks reaksiya verildi. Digər oyunçular Fransa və İran da ayrı ayrılıqda Azərbaycanla Ermənistanın barışa gedən yolunda pozitiv rol oynamırlar. Nədən bu ölkələrin rəsmi şəxsləri tərəfindən Ermənistanın 10 noyabr 2020-ci il Bəyanatında Ermənistanın üzərinə düşən öhdəliklərindən fikir bildirilmir?” Politoloq qeyd etdi ki, keçmiş XİN rəhbəri Vardan Oskanyan da, digər erməni politoloqlar da yaxşı bilirlər ki, bir gün Azərbaycanın səbir kasası daşa və o, öz haqlarını yenə “Dəmir Yumruq”la ala bilər. Paşinyan da bunu çox gözəl anlayır, amma hələ istədiyi beynəlxalq dəstəyi almadığına görə oyununu davam etdirir: 

“Ermənistanda belə bir düşüncə var ki, guya Azərbaycan sülh prosesini ona görə uzadır ki, Zəngəzur dəhlizinin açılmasına nail olsun. Absurddur, əksinə, bağlanacaq sülh bu işi daha asan həll etməyə imkan verərdi. Mənə elə gəlir ki, ermənilər sülhün daha çox Ermənistana gərəkli olduğunu anlamalı və bu vasitəçilik institutlarından imtina edərək Azərbaycanla birbaşa dialoqa getməlidirlər. Ya da region ölkəsi olan Gürcüstanın vasitəçilik təklifini qəbul etməlidirlər. Yaranan indiki situasiyada tərəflər sülhə deyil, daha çox müharibəyə doğru gedirlər. Çünki Ermənistan indiyə qədər öhdəsinə götürdüyü prinsipial məsələlərdə vədlərini yerinə yetirmir. Xüsusən Qarabağdakı separatçı rejim və silahlı birləşmələrə son verilməyib, kommunikasiya xətlərinin açılması məsələsində manipulyasiyanı davam etdirir və sair. Azərbaycan 44 günlük müharibədə qələbə qazanmış ölkə kimi şərtlərini diktə etməlidir. Necə ki Qarabağda separatizm qalır, orada erməniləri himayə edən Rusiya hərbi varlığı mövcuddur, sülhə nail olmaq çətin olacaq. Mən bu ilin sonunadək hansısa sazişin olacağına inanmıram”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR