Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) iyulda keçirilməsi nəzərdə tutulan beynəlxalq seminarına dəvət alıb. Energetika Nazirliyindən verilən məlumata görə, bu məsələ Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazovla OPEC-in baş katibi Haysam Əl-Qais arasında keçirilən danışıqlar zamanı müzakirə olunub.
Tərəflər OPEC+ formatında əməkdaşlıqdan məmnunluq ifadə edib, Azərbaycanın neft bazarının tənzimlənməsində rolu qiymətləndirilib. Enerjiyə tələbatın artması şəraitində karbohidrogen ehtiyatlarına, o cümlədən neft sənayesinə investisiyaların əhəmiyyəti də qeyd edilib. Söhbət zamanı qlobal neft bazarının inkişaf tendensiyaları, OPEC və qeyri-OPEC ölkələri tərəfindən neft hasilatı üzrə öhdəliklərin yerinə yetirilməsi səviyyəsi, o cümlədən neftin enerji balansında gələcək rolu müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan OPEK üzvü olmasa da, təşkilatla yaxından əməkdaşlıq edir. Eyni zamanda OPEK-in təşəbbüskarı olduğu OPEK+ razılaşmasının iştirakçısıdır.
2021-ci ildən etibarən ölkəmiz razılaşma çərçivəsində müəyyən olunan hasilat limitinə tam əməl edir.
Mayın 28-də OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 39-cu iclasında gündəlik neft hasilatının 2026-cı ilin sonuna qədər sabit qalması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib. Energetika Nazirliyindən verilən məlumata əsasən Azərbaycanın gündəlik 551 min barel həcmində olan mövcud xam neft hasilatı kvotası bu dövrdə sabit saxlanılacaq.
Nazirliyin açıqladığı məlumata görə, bu ilin aprel ayında Azərbaycanda gündəlik neft hasilatı 465 min barel təşkil edib ki, bu da OPEK+ razılaşması çərçivəsində müəyyən olunan kvotadan 86 min barel azdır. Kvotadan aşağı hasilat ölkədə istismar olunan neft yataqlarının təbii qocalması ilə bağlıdır. Rəsmi rəqəmlərə əsasən bu ilin yanvar-aprel aylarında Azərbaycanda 9,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 5,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,3 milyon ton təşkil edib.
Bu dövr ərzində 7,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 6,6 milyon tonu konsorsiumların, 1 milyon tonu SOCAR-ın, 0,2 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
Xatırladaq ki, 2024-cü ilin yanvar - aprel aylarında ölkədə 9,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilmişdi. Neft hasilatının 5,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,4 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 mln tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,5 milyon ton təşkil edib.
Ötən ilin 4 ayında xaricə 7,9 milyon ton neft (kondensatla birlikdə) satılıb. Bunun 6,9 milyon tonu konsorsiumun, 1 milyon tonu isə SOCAR-ın payına düşüb.
Beləliklə, aydın olur ki, bu ilin dörd ayında Azərbaycanda neft hasilatı 500 min ton azalıb. Azalmanın 200 min tonu AÇG, 100 min tonu “Şahdəniz”, 200 min tonu isə SOCAR üzrə qeydə alınıb.
İxracda qeydə alınan 100 min tonun hamısı konsorsiumların hesabınadır.
Azərbaycan hökuməti, milli neft şirkəti olan SOCAR və yataqlarda işləyən xarici şirkətlərlə əldə olunan razılaşmaya əsasən neft hasilatında düşmə sürətini azaltmaq üçün bir sıra addımlar atılır. Bu addımlardan biri ölkənin ən böyük neft yatağı olan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları yerləşən “Mərkəzi Azəri” platformasında yeni qaz kompressor qurğusunun quraşdırılmasıdır. BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellin açıqladığı məlumata görə, bu layihə AÇG-də neft hasilatının sürətinin azalması və stabilləşdirilməsi tədbirləri çərçivəsində həyata keçiriləcək.
Bildirilib ki, yeni qurğu laylara qazın vurma həcmini artırmağa imkan verəcək. Qordon Birrell qeyd edib ki, AÇG-də hasilatın düşmə sürətini azaltmaq məqsədi ilə bir sıra tədbirlər görülür. Bu tədbirlər sırasında, təzyiqin artırılması üçün laylara daha çox su və qaz vurulur.
SOCAR daxilində isə ötən bir il ərzində müasir suvurma üsullarının tətbiqi ilə bağlı əhəmiyyətli layihələr icra edilib və gələcəkdə bu istiqamətdəki layihələrin daha da genişləndirilməsi qarşıya hədəf qoyulub. SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanovun sözlərinə görə, hasilatın stabilləşdirilməsi istiqamətində mühüm hesab edilən suvurma prosesinin “Günəşli” və “Neft Daşları” ilə yanaşı, digər yataqlarda da tətbiq edilməsi vacib sayılır, bununla bağlı planlama aparılır. Artıq “Pirallahı” yatağında suvurma sisteminin qurulması ilə əlaqədar ilkin addımlar atılır. “Qərbi Abşeron”, “Lökbatan” və s. yataqlarda da mühüm layihələrin icrası planlaşdırılır: “Fəaliyyət strategiyamıza uyğun istismar üsullarının optimallaşdırılması prioritetlər sırasındadır. Belə ki, istismar üsullarının optimallaşdırılması hesabına hasilatın dayanıqlılığının təmini və artırılması hədəflənib. Quyularda istismar üsullarının dəyişdirilməsi ilə bağlı mühüm layihələr icra edilir”.
O əlavə edib ki, quyularda istismar üsüllarının dəyişdirilməsi ilə bağlı mühüm layihələr icra edilir. 2024-cü ildə 46 quyuda üsul dəyişikliyi icra edilib, orta gündəlik səmərə 15-20 faiz artıb. Quyuların təmirlərarası müddəti 90 gündən 365 günə kimi uzanıb. Bu da mexaniki üsulla işləyən quyunun davamlı istismarının il ərzində 60 günə qədər uzanması ilə nəticələnib. 2025-ci ildə 226 quyuda istismar üsullarının dəyişdirilməsi nəzərdə tutulur. Əldə olunması gözlənilən nəticə isə illik 50 min tona yaxın neft hasilatı ilə ölçülür.
“Neft Daşları” və “Palçıq Pilpiləsi” yataqlarında ötən aylarda həyata keçirilən uğurlu tədbirlər nəticəsində hazırda gündəlik neft hasilatı 3300 tona qədər çatdırılıb: “Bu da son 34 ildə qazanılan ən yüksək göstəricidir. 2025-ci ilin də elə bu tepmlə-rekord nəticələrlə (1,2 milyon tondan çox neft) tamamlanması qarşıda duran əsas hədəflərdən biridir”.
Onun sözlərinə görə, dünyada sənaye üsulu ilə ilk neftin çıxarıldığı, 180 ilə yaxın yaşı olan “Bibiheybət” yatağında bu gün böyük dinamika müşahidə edilir. Bu ilin aprel ayında 503 işlək quyu ilə gündəlik neft hasilatı 400 tona çatdırılıb. Bu rəqəmlər NQÇİ-nin yaxın 30 illik fəaliyyəti ərzində ən yüksək hasilat göstəriciləridir.
Əli Qurbanov qeyd edib ki, Ə.C.Əmirov adına NQÇİ-də də əldə olunan nəticələr peşəkar komanda işinin uğurları sırasındadır. Hazırda NQÇİ-nin gündəlik neft hasilatı 270 tondur, bu rəqəmin ilin sonuna qədər 310 tona kimi artırılması (35 faiz) hədəflənib. Qeyd edilən bu rəqəm NQÇİ-nin yaxın 30 illik fəaliyyəti ərzində ən yüksək hasilatdır.
Bundan əlavə, iki gün əvvəl Bakı Enerji Forumu çərçivəsində bp şirkəti ilə SOCAR arasında Böyük Britaniya şirkətinin “Qarabağ” yatağının işlənməsi layihəsinə qoşulmasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən bp Bakıdan 120 km şərqdə, Günəşli yatağından 20-25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən “Qarabağ” neft yatağının kəşfiyyatı və işlənməsi layihəsində 35 faiz pay alıb. Bu, müstəqillik dövründə Azərbaycanda kəşf olunan ilk neft yatağıdır. 2020-ci ildə SOCAR və Norveçin Equinor şirkəti yatağın açıldığını elan ediblər. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır. Yatağın işlənməsinə dair müqavilə 1995-ci ildə imzalanmışdı. 2023-cü ilin dekabrında Equinor 50 faizlik iştirak payını SOCAR-a sataraq yataqdan çıxıb.
BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellin dediyinə görə, “Qarabağ” yatağında yaradılacaq infrastruktur “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda mövcüd infrastruktura qoşulacaq. Onun sözlərinə görə, qeyd olunan proses “Qarabağ” yatağının işlənilməsinə tez bir zamanda başlamağa imkan verəcək: “Plana görə, "Qarabağ"dan ilk neftin çıxarılması 2029-cu ildə baş tutacaq. Çox güman ki, yataqda kiçik platforma quraşdırılacaq və bu platforma AÇG-nin mövcud infrastrukturuna qoşulacaq".
Onu da qeyd edək ki, Azərbaycan hökumətinin hazırladığı ortamüddətli büdcə çərçivə sənədinə 2029-cu ilədək hasilatın azalması səbəbindən neft-qaz sektorundan dövlət büdcəsinə daxilolmaların azalacağına dair gözləntilər daxil edilib. Belə ki, 2029-cu ildə neft və qaz hasilatının artacağı proqnozlaşdırılır. İqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən, 2025-ci ildə neft hasilatının azalacağına baxmayaraq qaz hasilatının artması sektorun inkişafına artırıcı təsir edəcək. 2027-2029-cu illərdə neft və əmtəəlik qaz hasilatı (2029-cu il istisna olmaqla) üzrə azalmanın davam etməsi nəzərə alınaraq neft-qaz sektorunda azalma proqnozlaşdırılıb.
Buna uyğun olaraq 2029-cu ildə qeyri-neft/qaz gəlirlərinin dövlət büdcəsinin gəlirlərindəki payı 2026-cı ilin göstəricisi ilə müqayisədə 6,9 faiz bənd artaraq 61,9 faiz, mütləq ifadədə isə 19,4 faiz artaraq 25,8 milyard manat təşkil edəcək. Eyni zamanda dövlət büdcəsinin neft-qaz gəlirləri 2026-cı illə müqayisədə 10,3 faiz azalaraq dövrün sonunda 15,8 milyard manata qədər enəcək. Müvafiq olaraq 2025-ci ildə neft-qaz sektorunun ÜDM-ə töhfəsinin 37,3 milyard manat (28,5 faiz), 2026-cı ildə 34,4 milyard manat (25,3 faiz), 2027-ci ildə 34,1 milyard manat (23,7 faiz), 2028-ci ildə 32,5 milyard manat (21,4 faiz), 2029-cu ildə isə 33,5 milyard manat (20,6 faiz) təşkil edəcəyi gözlənilir.
Dünya SAKİT,
“Yeni Müsavat”
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ