İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın kriptovalyuta bazarına yolu açılır - Yaxın zamanda...

Ölkəmizdə bu sahəyə marağın artması nəticəsində kriptovalyuta ilə əməliyyatların həcmi 4,4 milyard dollara çatıb.

“Azərbaycanda rəqəmsal aktivlərə, o cümlədən kriptovalyutalara marağın artdığını müşahidə edirik”. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Ər-Riyadda keçirilən “İqtisadiyyatı inkişaf etməkdə olan ölkələr üçün Əl-Ula” adlı konfransda çıxışı zamanı bildirib.

Xatırladaq ki, ötən il Mərkəzi Bankın virtual aktivlərin tənzimlənməsi üçün qanun layihəsi hazırladığı haqda informasiya yayılmışdı. Bildirilirdi ki, 2024-2026-cı illəri əhatə edən maliyyə bazarlarının inkişafı strategiyası çərçivəsində “Virtual aktivlər və virtual aktiv xidmət təminatçılarının fəaliyyətinin tənzimlənməsi haqqında” qanun layihəsi üzərində iş aparılır. Strategiya çərçivəsində bu qanun layihəsinin tamamlanması nəzərdə tutulub. 

Qeyd edək ki, Donald Trampın seçkilərdəki qələbəsi kriptovalyuta bazarına güclü təkan verib, kriptovalyutaların bahalaşmasına şərait yaradıb. Hazırda ekspertlər bu bazarın həcmini 3,3 trilyon dollar qiymətləndirirlər.

Tramp ABŞ-ın “dünyanın kriptovalyuta paytaxtı” edəcəyinə söz verib, halbuki cəmi üç il əvvəl o, Bitcoini fırıldaq adlandırmışdı.

Trampın ritorikasındakı bu dəyişiklik Bitcoinin prezident seçkisindən sonrakı ayda 40 faiz, 2024-cü ilin əvvəlindən isə iki dəfədən çox bahalaşmasına səbəb olub.

Mövcud olduğu 16 il ərzində Bitcoin qiymətdə sıçrayışlı yüksəlişlər və nəhəng enişlər yaşayıb.  Lakin indiki yüksəlişin bir daha kəskin və davamlı enişə keçməyəcəyi gözlənilir, çünki dünyada bu rəqəmsal valyutaya maraq çox sürətlə artır. Analitik mərkəzlər tezliklə kriptovalyutaların əsas ödəniş, mübadilə vasitələrindən birinə çevriləcəyini proqnozlaşdırırlar. 

Son illərdə kriptovalyuta bazarı bütün dünyada olduğu kimi, Cənubi Qafqazda da dinamik inkişaf edir. Azərbaycanda bu sahəyə marağın artması nəticəsində kriptovalyuta ilə əməliyyatların həcmi 2023-cü ildə 4,4 milyard dollara çatıb və ölkədə 120 min kriptovalyuta istifadəçisi qeydə alınıb. Bu göstəricilər region ölkələri ilə müqayisədə diqqətəlayiq nəticələrdir.

Regionun digər ölkəsi Gürcüstanda 2023-cü ildə kriptovalyuta əməliyyatlarının həcmi təxminən 2,5 milyard dollar təşkil edib. Gürcüstan kriptovalyuta hasilatında (mining) üstünlük təşkil edir və elektrik enerjisinin ucuzluğu bu sahəyə əlavə təkan verib. Ölkə xüsusilə "Bitfury" kimi böyük şirkətlərlə əməkdaşlıq edir və rəqəmsal valyuta əməliyyatlarını aktiv şəkildə həyata keçirir.

2023-cü ildə Ermənistanda kriptovalyuta bazarının həcmi 1 milyard dollar təşkil edib. İstifadəçi sayı Azərbaycana nisbətən daha aşağı səviyyədədir. Kriptovalyuta əməliyyatları əsasən fərdi istifadəçilər tərəfindən həyata keçirilir və ölkədə bu sahənin tənzimlənməsi hələ tam formalaşmayıb.

Kriptovalyuta ticarətinin leqallaşdırılması və tənzimlənməsi işində Qazaxıstanın ardınca Özbəkistan da irəliyə doğru ciddi addımlar atıb. Bu ilin yanvarından Özbəkistan hökuməti dünyanın ən böyük kriptovalyuta birjası olan Binance platformasının ölkədə fəaliyyətinə icazə verib. Platformanın açıqlamasına görə, Binance-nin Özbəkistandakı tərəfdaşı olan Coinpay.uz fəaliyyətə başlayıb. Bildirilir ki, bütün inteqrasiya mərhələləri başa çatıb və Özbəkistandakı istifadəçilər artıq Binance kriptovalyuta birjası tərəfindən yaradılan həlli birgə platforma vasitəsilə rəsmi olaraq istifadə edə bilərlər.

Xatırladaq ki, 2022-ci ilin avqustunda Özbəkistanda Binance, Kraken, FTX və Huobi Global-dan başqa ən populyarları da daxil olmaqla, səkkiz kriptovalyutanın veb-saytlarına giriş bloklanıb. 2023-cü il yanvarın 1-dən isə Özbəkistanda vətəndaşlar və hüquqi şəxslər yalnız milli xidmət provayderləri vasitəsilə kriptovalyutaları ala, sata və mübadilə edə bilərlər. 

Onu da qeyd edək ki, Binance Azərbaycanda da öz fəaliyyətini rəsmiləşdirməyə hazırlaşır. Ötən il şirkətin yüksək vəzifəli nümayəndələri Bakıya gələrək, rəsmi qurumlarla görüşlər keçiriblər. Şirkətin Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Afrika üzrə regional rəhbəri Kirill Xomyakovun  dediyinə görə, son illər Azərbaycanda rəqəmsal texnologiyalara, o cümlədən blokçeyn və kriptovalyutalara maraq artmaqdadır: “Bu, ölkənin iqtisadiyyatının modernləşdirilməsi və innovativ həllərin tətbiqi üzrə ümumi strategiyasının bir hissəsidir. Hökumət orqanları investisiya cəlb etmək və istifadəçilərin maraqlarını qorumaq üçün rəqəmsal aktivlərin tənzimlənməsinin vacibliyini başa düşür ki, bu da müvafiq qanunvericiliyin hazırlanması üçün zəmin yaradır. Bu gün Azərbaycan rəqəmsal aktivlər üçün infrastrukturun formalaşması mərhələsindədir. Dövlət sektorunda blokçeyn texnologiyalarının tətbiqi artıq müzakirə olunur ki, bu da qanunvericiliyin gələcək inkişafı üçün stimul ola bilər. Perspektivlərdən danışırıqsa, qeyd etmək lazımdır ki, Azərbaycan rəqəmsal iqtisadiyyat üçün mütərəqqi qaydaların işlənib-hazırlanması üzrə Qafqazda liderlərdən birinə çevrilmək potensialına malikdir. Əsas odur ki, bütün bazar iştirakçıları üçün optimal şəraitin inkişafı istiqamətində dövlət, biznes və ekspert icması arasında dialoq təmin olunsun”.

“Triple-A”nın məlumatına görə, 2023-cü ildə 10 milyondan çox azərbaycanlı istifadəçi rəqəmsal aktivlərdən fəal istifadə edirdi və bu rəqəm artmaqda davam edir. K.Xomyakovun fikrincə, bazarın tənzimləməsi ilə bağlı mühüm addım aydın və şəffaf qanunvericilik bazasının yaradılması olacaq: "Gözlənilməzlik və ya qaydaların olmaması çox vaxt bazar iştirakçılarını (böyük şirkətlər və ya özəl investorlar) ruhdan salır. Qanunvericilik aydın olmalı, istifadəçi hüquqlarını qorumalı və sənayeyə hədsiz təzyiq göstərməməlidir. Tənzimləyicilər birjalar və mədən şirkətləri üçün lisenziya tələblərini həyata keçirməyi bacaran Qazaxıstandan nümunə götürə bilərdilər ki, bu da bazar üçün sabit baza yaratmağa kömək etdi.

Eyni zamanda Binance kimi qlobal oyunçular yerli səviyyədə kriptovalyuta infrastrukturunun inkişafında mühüm rol oynayırlar. Biz təkcə qlobal tendensiyaları yayımlamırıq, həm də qabaqcıl məhsulları, infrastrukturu və texnologiyaları yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdırırıq. Bu yanaşma istifadəçilərin rəqəmsal aktivlərlə inamla işləyə biləcəyi bir ekosistemin yaradılmasına kömək edir və bazar inkişaf üçün stimul alır".

Binance rəsmisinə görə, Azərbaycanda kriptovalyutaların tənzimlənməsi ilə bağlı hazırkı vəziyyət ilkin mərhələdədir: “Əsas təkmilləşdirmə istiqamətləri bazar iştirakçılarının hüquqi müdafiəsini təmin edən, innovativ inkişaf üçün stimul yaradan və fırıldaqçılıq da daxil olmaqla, maliyyə risklərini minimuma endirən hərtərəfli qaydaların hazırlanmasıdır. Müasir texnologiyaların ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirmək üçün biznes sektoru ilə hökumət arasında səmərəli dialoqun yaradılmasına da diqqət yetirmək lazımdır. Növbəti 1-2 ildə Azərbaycanda kriptovalyutaların tənzimlənməsinin əsas vəzifələri aydın qanunvericilik bazasının yaradılması, eləcə də istifadəçilərin hüquqlarının müdafiəsi mexanizmlərinin hazırlanması olmalıdır. Bu baza rəqəmsal aktivlərin vəziyyətini, vergitutma və onlardan istifadə qaydalarını müəyyən edəcək. İstehlakçıların kriptovalyutalarla bağlı risklər barədə məlumatlılığının artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi və mübahisələr zamanı hüquqi dəstəyin göstərilməsi vacibdir. Bu cür addımlar bütün iştirakçılar üçün şəffaf və təhlükəsiz bazar yaratmağa kömək edəcək.

Qazaxıstan regionda kriptovalyutanın tənzimlənməsinin ən uğurlu nümunələrindən biridir, Mərkəzi Asiyada liderə çevrilir və kriptovalyuta bazarının inkişafı üçün innovativ şərait yaradır. Ölkə Maliyyə Xidmətlərini Tənzimləmə Təşkilatında (Astana Financial Services Authority - AFSA) bir “FinTech” laboratoriyasını işə saldı, burada kriptovalyuta birjaları öz xidmətlərini sınaqdan keçirə bildi və 2024-cü ilin payızında AFSA kriptovalyuta platformalarına tam tənzimləyici lisenziyalar verməyə başladı. Mühüm nailiyyət Binance Qazaxıstanın belə bir lisenziya alan ilk kriptovalyuta birjası olması idi. Bu cür təcrübə kriptovalyuta bazarını tənzimləmək və vətəndaşların hüquqlarını qorumaq üçün oxşar tədbirlər tətbiq etməklə Azərbaycan üçün uyğunlaşdırıla bilər".

Eldeniz.jpg (385 KB)

İqtisadçı Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycan hökumətinin kriptovalyutalarla bağlı yanaşması doğrudur: “Əksər ölkələr kriptovalyutalarla bağlı qanunverici baza hazırlayıb, bir sıra addımlar atıblar. Azərbaycanın bu məsələdə ehtiyatlı davranışını doğru hesab edirəm. Çünki kriptovalyuta ticarətinin riskləri çox böyükdür. Mən hətta onu köpük effekti hesab edirəm və düşünürəm ki, bir gün onun partlaması baş verəcək. Kriptovalyutalardan istifadə edən ölkələr əsasən onun müsbət tərəflərini qabardırlar. Lakin hamıya məlumdur ki, bunun mənfi tərəfləri çoxdur, risklər hədsiz böyükdür. Məhz bu risklərə görə böyük dövlətlərin çoxu kriptovalyutalara ehtiyatlı yanaşma sərgiləyir. Elə ölkələr vardır ki, onlar Bitcoini milli valyuta səviyyəsində qəbul edir. Məsələn, Salvador. Bu ölkənin maliyyə strukturu dağılmış vəziyyətdədir. Belə itirməyə heç nəyi olmayan ölkənin kriptovalyutaya qucaq açması təbiidir”. 

E.Əmirov kriptovalyuta ticarətinin çirkli pulların yuyulması imkanlarına görə ən böyük risklərə sahib olduğunu bildirir: “Burada ən böyük risk şəffaflıqla bağlıdır. Kriptovalyuta ilə çirkli pulların yuyulması imkanları çox genişdir və indiyədək bunun qarşısını alacaq effektiv bir mexanizm heç bir ölkədə tətbiq olunmayıb. Əgər Azərbaycan kriptovalyutaların ölkəmizdə işləməsini istəyirsə, ciddi qanunverici baza formalaşdırılmalıdır. Bu qanunvericilikdə, əvvəla, bu sahədə oyunçuların hüquqlarının müdafiəsi, ikincisi isə çirkli pulların yuyulmasına qarşı effektiv tədbirlər əksini tapmalıdır. Digər bir məsələ, əməliyyatların vergiyə cəlb olunmasıdır ki, bu da şəffaflıqdan keçir. Şəffaflıq olmasa, vergiyə cəlb olunmada da uğur qazanılmayacaq. Düşünürəm ki, yalnız kriptovalyuta sahəsində deyik, ümumilikdə blokçeyn texnologiyasının tətbiqi üçün müəyyən addımların atılması vacibdir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR