İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın hərbi blok(lar)da təmsilçiliyi - NATO, yoxsa KTMT...

Ekspert: “Azərbaycanın KTMT-də müşahidəçi statusu alması NATO ilə əməkdaşlığımıza maneçilik törədə bilməz”

Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusu alması ilə bağlı məsələ gündəmə gəlib. Rusiya prezidenti Vladimir Putin KTMT-nin Moskvada keçirilən sammitində MDB-yə üzv ölkələrə KTMT-də müşahidəçi statusu verilməsini təklif edib: “Bizim Şanxay Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi üzrə tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti genişləndirməyimiz lazımdır. Yeri gəlmişkən, fikrimizcə, MDB-yə KTMT-də müşahidəçi statusunun verilməsi uyğun olardı. Biz bu məsələni müzakirə etməliyik”.

Ekspertlərə görə, Azərbaycanın belə status alması ölkəmizin ziyanına deyil. Düzdür, müşahidəçi statusu alan ölkələr KTMT strukturlarında həlledici səsə malik olmur. Lakin bununla belə, bu ölkələr sənədlərin hazırlanmasında və kollektiv qərarların yaradılmasında iştirak etmək hüququna sahibdir. Elə bu səbəbdən Azərbaycanın KTMT-də belə status almaq niyyəti daim Ermənistanın narazılığına səbəb olub.

Qeyd edək ki, hələ bu ilin əvvəlindən MDB ölkələrinin  KTMT-də kollektiv müşahidəçi statusu almaq imkanı gündəmdə yer almağa başlayıb. MDB İcraiyyə komitəsinin katib köməkçisi Leonid Anfimov bildirib ki, bu məsələ cari ilin fevralında Minskdə, MDB ölkələrinin daimi səlahiyyətli nümayəndələri Şurasının iclasında müzakirə olunub (mənbə:bakı-xəbər.az)  Hazırda MDB-yə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Özbəkistan, Rusiya və  Tacikistan daxildir. Əgər MDB müşahidəçi statusu almaq üçün ərizə göndərərsə, qərarı KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şurası Katiblərinin Komitəsi ilə məşvərətdən sonra verə bilər. Müşahidəçi statusu KTMT-nin tədbirlərində iştirak hüququ, eləcə də müxtəlif məsələlərdə təşkilatın rəhbər orqanları və üzv ölkələrlə məşvərət aparmaq səlahiyyəti verir. Bu zaman müşahidəçi KTMT-nin və ya onun iştirakçı ölkələrinin maraqlarına ziyan vura biləcək fəaliyyət və çıxışlardan çəkinmə öhdəliyi götürür. Ekspert hesab edir ki, MDB və KTMT platformalarında dialoqun aktivləşməsi dünya siyasətindəki qlobal proseslərin nəticəsidir. Onun fikrincə, Asiya bölgəsində və Yaxın Şərqdə təhlükəsizlik vakuumu yaranıb və o, sürətlə dolmaqdadır. Qazaxıstan və Əfqanıstandakı böhran göstərdi ki, köhnə birqütblü dünya reseptləri reallığa uyğun gəlmir: “ABŞ-ın Əfqanıstanı tərk etməsi ilə qarşılıqlı cilovlama və tarazlıq sistemləri sıradan çıxdı. Makroregionda təhlükəsizlik çatışmazlığı, müəyyən vakuum yaranıb deyə bilərik. Vakuum qala bilməz, o doldurulmalıdır və dolur da. Demək olar ki, Amerika amilinin olmadığı, digər regional güc mərkəzlərinin, xüsusən Rusiya və Çin amilinin təzahür etdiyi bir zamanda regional və makroregional təhlükəsizlik konturlarının formalaşması çox aktiv surətdə gedir”.

Alexey Dzermant: Uzbekistan assumes the role of driver of the updated  integration agenda

Belaruslu politoloq Aleksey Dzermant isə xatırladır ki, KTMT-də müşahidəçi statusu avtomatik olaraq təşkilata üzvlük demək deyil: “Kollektiv müşahidə təşkilatların qarşılıqlı fəaliyyətinin doğrudan da yeni formasıdır. Burada vacib olan cəhət budur ki, bunun avtomatik üzvlük olmadığı, yaxud da dövlətlərin statuslarının kəskin dəyişmədiyi nəzərə alınmaqla, MDB ölkələrinin konsensus qərarı olacaqmı? İkinci məsələ - bunun MDB iştirakçılarının özünə və iştirakçı dövlətlərə nə verdiyini dəyərləndirmək lazımdır. Ümumilikdə isə əlahiddə bir şey təklif olunmayıb, heç kəs velosiped icad eləmir. Bilirik ki, məsələn, Avropa İttifaqı və ya ATƏT bir çox qurumlarda müşahidəçi kimi iştirak edir”.

Azərbaycanın KTMT və NATO ölkələri ilə yaxın münasibətləri  mövcuddur. Burada qeyd etmək lazımdır ki, 44 günlük müharibədən sonra yeni reallıqlar formalaşıb. Bunlara müvafiq olaraq da Azərbaycan müharibədən əvvəl mümkün olmayan addımları indi ata bilər. Putinin yuxarıda səslənən fikirləri isə MDB-nin, onun üzvü kimi Azərbaycanın KTMT-də müşahidəçi statusu almasına imkan verir. Bəs Azərbaycanın NATO-da mümkün təmsilçiliyi necə, mümkünmü? Azərbaycanın MDB xətti ilə KTMT-də müşahidəçi status alması NATO-da hər hansı formada təmsilçiliyimizin qarşısında əngəl ola bilərmi?

Anar Əliyev: “Rusiya həm region xalqlarına və dövlətlərə, həm də beynəlxalq  ictimaiyyətə göstərdi ki...” Pravda.az

Anar Əliyev 

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, KTMT-nin 30 illik yubiley iclasında Vladimir Putin bir sıra maraqlı fikirlər səsləndirib. Həmin fikirlərdən biri də digər regional təşkilatların, xüsusilə də MDB-nin müşahidəçi statusunda KTMT-də iştirakı ilə bağlıdır: “Putinin səsləndirdiyi maraqlı fikirlərdən biri də NATO üzvü olan, NATO-nun ən aparıcı dövlətlərindən biri olan Türkiyənin KTMT-yə üzvlüyü ilə bağlı çağırış etməsi idi. Hesab edirəm ki, hər iki fikir, sadəcə, söz xatirinə deyilən təkliflər deyil. Bu təkliflərin arxasında çox ciddi məqsədlər, məramlar dayanır. Ona görə də bu məsələlərə çox ciddi şəkildə mövqe bildirilməlidir. Bildiyiniz kimi, Azərbaycan hələ 44 günlük Vətən müharibəsindən öncə də KTMT-də müşahidəçi statusda iştirak etməyi məqbul hesab edirdi və bunun Azərbaycanın bu günə qədər əsas tutduğu qoşulmama siyasətinə ziddiyyət təşkil etmədiyi bəyan olunurdu. Mən də hesab edirəm ki, Azərbaycanın istənilən hərbi blokda müşahidəçi statusunda iştirak etməsi onun qoşulmama siyasətinin fəlsəfəsinə ziddiyyət təşkil etmir. Ümumiyyətlə, qoşulmama fəlsəfəsi hər hansı hərbi xarakterli bloklarda yalnız birbaşa iştirakçılığa məhdudiyyət qoyur. Bu mənada Azərbaycan daim müşahidəçi statuslu iştiraka maraq göstərirdi. Burada əsas vacib məqam ondan ibarət idi ki,  bizi KTMT-nin iclaslarına müşahidəçi statuslu almaqla qəbul olunan qərarların həm istiqamətinə, həm Azərbaycanla bağlı tərəflərinə münasibət bildirmək və KTMT üzvü olan dost dövlətlərin əli ilə müəyyən proseslərin qarşısını almaq, yaxud  loyallaşdırmağa çalışa bilərik. Ermənistan uzun illər ərzində Azərbaycanın KTMT-də müşahidəçi statusda iştirak etməsinə qarşı çıxırdı. KTMT nizamnaməsinə əsasən, üzv dövlətlərdən birinin etirazı olduğu üçün Azərbaycan bu təşkilatda müşahidəçi statusunda iştirak edə bilmirdi. Beynəlxalq münasibətlərin indiki vəziyyətində, Rusiyanın təkləndiyi dövrdə Moskva öz ətrafında yaratdığı birliklərin, xüsusilə də hərbi birlik olan KTMT-nin statusunu gücləndirmək istəyir”.

A.Əliyev qeyd etdi ki, beynəlxalq hüququn şərtlərinə uyğun olaraq da Azərbaycanın KTMT-də müşahidəçi statusu alması heç bir halda onun hərbi mövqe seçimi kimi qiymətləndirilə bilməz: “Eyni zamanda indiki situasiyada Rusiyanın yanında yer aldığını da nümayiş etdirmir. Digər ikinci bir vacib məqam Azərbaycan qanunvericiliyinin bu məsələyə uyğunlaşdırılmasıdır. Hesab edirəm ki, Azərbaycanın hərbi ittifaqlarda və ərazisində hər hansı dövlətin, hərbi birliyin  bazasının yerləşdirilməsi ilə bağlı ciddi məhdudiyyətləri yoxdur. Amma eyni zamanda buna icazə verilməsi ilə bağlı bəndlər də yoxdur. Hesab edirəm ki, KTMT-də belə bir müşahidəçi statusunun alınması Azərbaycan qanunvericiliyi ilə ziddiyyət təşkil etmir”.

Ekspertin sözlərinə görə, üçüncü məqam Azərbaycanın xüsusilə NATO ilə əməkdaşlığı məsələsidir: “Bildiyiniz kimi, Azərbaycan həm NATO ilə, həm də NATO-ya daxil olan ayrı-ayrı dövlətlər, əsasən də Türkiyə ilə çox ciddi hərbi, texniki əməkdaşlıq münasibətlərindədir. Azərbaycanın formalaşdırdığı modern ordunun indiki səviyyəyə çatmasında hərbi-texniki bazamızın yüksəldilməsində Rusiya hərbi sənayesinin istehsalı olan hərbi texnikalarla yanaşı, həm də NATO üzvü olan dövlətlərin hərbi sənayesinin məhsullarının rolu kifayət qədərdir. Həmçinin Azərbaycan ordusu ilə Türkiyə ordusu arasında çox ciddi qarşılıqlı münasibətlər mövcuddur. Həyata keçirilən çoxsaylı birgə təlimlərlə Azərbaycan ordusu məhz Türkiyə ordusu, NATO ordusu sistemində yenidən qurularaq daha bir üst səviyyəyə qaldırılıb. Burada vacib bir neçə məqam mövcuddur ki, onlardan birincisi Rusiyanın indikin təkləndiyi şəraitdə onun heç də tək olmadığını nümayiş etdirmək üçün bir psixoloji gedişə ehtiyacı var. Hesab edirəm ki, daha çox buna hədəflənərək Rusiya tərəfindən bu təklif səsləndirilib. İkinci vacib məqam ondan ibarətdir ki, bəli, indiki situasiyada KTMT-yə üzvlük Rusiyaya qarşı birləşən Qərb dünyasının Azərbaycana münasibətini gərginləşdirə bilərmi? Hesab edirəm ki, Azərbaycanın bu günə qədər sərgilədiyi qoşulmama siyasəti və mümkün qədər qarşı-qarşıya duran qüvvələr arasında balanslı mövqe nümayiş etdirməsi NATO üzvü olan dövlətlərdə onlara qarşı olmadığımız əminliyini yaratmağa imkan verəcək. Bu mənada hesab edirəm ki, Azərbaycanın KTMT-də müşahidəçi statusu alması indiki zamanda ölkəmizin maraqlarına uyğun addım olardı. Bu, Ermənistan tərəfindən də indiki şəraitdə narazılıqla qarşılanmayacaq. Azərbaycanın MDB təşkilatı daxilində KTMT-də müşahidəçi statusu almasına Ermənistan tərəfindən də hər hansı bir veto qoyulacağını düşünmürəm. Azərbaycanın KTMT-də müşahidəçi statusu alması NATO ilə əməkdaşlığımıza maneçilik törədə bilməz”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR