Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Avropanın qaz təminatında oynadığı rol getdikcə artır. Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) hesabatına əsasən bu ilin yanvar-iyul aylarında Avropa ittifaqı boru kəmərləri ilə 93 milyard kubmetr qaz idxal edib, bu da illik müqayisədə 5 faiz çoxdur.
Bu artıma 2023-cü ilin eyni dövrü ilə müqayisədə Rusiyadan idxalın 3,1 milyard kubmetr, Norveçdən idxalın 1,4 milyard kubmetr və Azərbaycandan 0,7 milyard kubmetr artması nəticəsində nail olunub.
Diqqətə çatdırılıb ki, həm Rusiya, həm də Azərbaycandan 2024-cü ilin hər ayında Aİ-yə boru kəməri qazının tədarükü üzrə illik artım qeydə alınıb (APA).
Xatırladaq ki, Avropaya Azərbaycan qazının nəqlinə 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizinin son komponenti olan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə başlanılıb. Ondan bəri hər il Avropaya qaz ixracında artım qeydə alınmaqdadır.
2022-ci ilin iyulunda Avropa Komissiyası Azərbaycanla Avropaya qaz nəqlinin 20 milyard kubmetrə qədər artırılmasına dair anlaşma memorandumu imzalayıb. Bu hadisədən sonra TAP kəmərinin nəql gücünün 20 milyard kubmetrə çatdırılması üçün müzakirələr, danışıqlar başlayıb. Lakin bu iş üçün tələb olunan investisiyaların yatırılması məsələsində Aİ ilə Azərbaycan arasında fikir ayrılığı yaranıb. Belə ki, Aİ qalıq yanacaq olan qazla bağlı layihələrə sərmayə yatırılmamasını nəzərdə tutan akta istinad etməklə TAP-ın genişləndirilməsi prosesinə hər hansı sərmayə qoyuluşu etməmək mövqeyini tutur. Bundan əlavə, Avropa mənşəli maliyyə qurumlarına da belə investisiyalar qadağan olunub. Digər tərəfdən, Aİ 2040-cı ildən etibarən qalıq yanacaq hesab etdiyi təbii qazın istehlakından da imtina etməyi hədəfləyir. Bütün bunlar Azərbaycan tərəfindən haqlı tənqid olunur. Rəsmi Bakı infrastrukturu genişləndirmək üçün bütün xərcləri öz üzərinə götürmək niyyətində olmadığını dəfələrlə Prezident İlham Əliyev səviyyəsində açıqlayıb.
Qeyd edək ki, yaxın gələcəkdə Avropada qaza olan tələbatın artması ilə yanaşı, onun təminatçılarından biri olan Rusiyadan nəqlin kəskin şəkildə məhdudlaşması gözlənilir. Belə ki, Ukrayna öz ərazisindən Rusiya qazının tranzitinə dair müddəti 2024-cü ilin dekabrında bitən müqavilənin uzadılmayacağını elan edib. Aİ bu mövqeyi qəbul etməklə, Rusiyadan nəqlin dayanması variantına tam hazır olduqlarını açıqlayıb. Lakin avqustun əvvəlində Ukrayna Rusiya qazının nəql olunduğu Kursk vilayətində hərbi əməliyyata başladıqdan dərhal sonra Avropada qaz qiymətləri kəskin şəkildə artıb: Rusiyadan nəqlin dayanması təhlükəsinə görə. Qısa müddətdə qiymətlər min kubmetr üçün 450 dolları keçib. Sonradan qiymətlər tədricən düşməyə başlasa da, Sucadan nəqlin dayanması təhlükəsi hələ də qalır. Hollandiyanın TTF qaz birjasında təbii qazın oktyabr fyuçersləri avqustun 14-də son səkkiz ayda ən yüksək qiymət olan MVt/saat üçün 41,2 avro və ya 1000 kubmetr üçün 475,9 dollardan MVt/saat üçün 39,8 avroya və ya 1000 kubmetr üçün 459,7 dollara düşüb. Ukraynanın Kursk bölgəsinə daxil olması ərəfəsində qiymətlər MVt/saat üçün 36,4 avro və ya 1000 kubmetr üçün 420,4 dollar təşkil edirdi.
Sentyabr ayından Norveçdə qaz sənayesində planlaşdırılmış texniki xidmət işləri ilə bağlı Avropaya qaz nəqlinin azalması gözlənilir. Baxmayaraq ki, Aİ-nin qaz anbarları 88,47 faiz doludur (97,4 milyard kubmetr), müşahidəçilər payız və qış aylarında bu sahədə problemlərin yaranmasını istisna etmirlər.
Xüsusilə Rusiyadan Ukrayna üzərindən nəql dayanarsa, Avstriya və İtaliyanın qaz təchizatında problemlərin yaranacağı gözlənilir. Burada söhbət bilavasitə çatışmazlıqdan deyil, digər mənbələrdən alınan qazın qiymətinin daha yüksək olmasından gedir. Belə ki, Avstriya öz tələbatını ödəmək üçün İtaliya və Almaniya vasitəsilə LNG almağa məcbur olacaq ki, bu da ona xeyli baha başa gələcək. Slovakiya üçün də çətin olacaq, çünki onun təchizatla bağlı daha az logistik imkanları var. Yalnız “Türk axını” ilə qaz ala biləcək Macarıstan Ukrayna üzərindən nəqlin dayanması halında hər hansı çətinliklə üzləşməyə bilər.
“Fitch” reytinq agentliyi isə fərqli mövqedədir. Agentlik qeyd edir ki, Ukrayna ərazisindən tranzitin dayandırılmasından ən çox Avstriya, Slovakiya və Macarıstan zərər görəcək. Bununla belə, Avstriyanın neft-qaz şirkəti OMV-nin bu yaxınlarda Avropanın təbii qaz nəqli imkanlarına əlavə çıxış əldə etdiyinə və Avstriyanın onu il ərzində təmin etmək üçün kifayət qədər qaz anbarına malik olduğuna diqqət çəkir. Macarıstanın Rusiyanın “Türk axını” qaz kəmərinə və qonşu ölkələrlə bir sıra qaz birləşdiricilərinə çıxışı var. Agentliyin şərhində deyilir ki, Slovakiyada Rusiya qazının tədarükündəki fasilələr Polşa və Xorvatiyanın LNG terminallarından qazı çatdıran tranzit marşrutları üzrə tədarük həcminin artırılması ilə kompensasiya edilə bilər.
“Fitch Ratings”in şərhində deyilir ki, hətta tədarükün tamamilə dayandırılması avropalı istehlakçılara məhdud təsir göstərəcək. 2023-cü ildə Sudjadan qaz tranzitinin həcmi 14,6 milyard kubmetr təşkil edib. Bu da Aİ-nin ehtiyaclarının yalnız 5 faizini təşkil edir. "Fitch Ratings" analitikləri qeyd edirlər ki, Kurskda hərbi əməliyyatlara baxmayaraq qaz tədarükü davam edir, lakin onlar dayansa belə, avropalı alıcılar bu boşluğu mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü ilə doldura biləcəklər. Yüksək qaz saxlama səviyyələri həm də hər hansı ani tədarük itkilərini kompensasiya etməyə kömək etməlidir və təbii qaza tələbat 2022-ci ildən əvvəlki səviyyədən xeyli aşağı olaraq qalır.
Energetika Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, bu ilin 7 ayı ərzində Azərbaycanda təxminən 29,5 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 7,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşlı” yataqları blokundan (AÇG), 16,5 milyard kubmetri “Şahdəniz” yatağından, 0,9 milyard kubmetri Abşerondan, 4,4 milyard kubmetri SOCAR üzrə hasil olunub: “Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 1,3 milyard kubmetr artım qeydə alınıb”.
Hesabat dövründə xaricə qaz satışı təxminən 14,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz çoxdur: “Cari ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,8 milyard kubmetr, Avropaya təqribən 7,5 milyard kubmetr (13,6 faiz artım), Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,3 milyard kubmetr qaz nəql olunub”.
İlham Şaban
Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, hazırda TAP-ın ötürücülük gücü 11,8 milyard kubmetrdir: “Bu gücə daxili resurslar hesabına nail olunub. Amma rəsmi Bakı anlayandan sonra ki, Avropa İttifaqı qaz hasilatının artırılması, Cənub Qaz Dəhlizinin genişləndirilməsi kimi layihələrə investisiya yatırmaq, ucuz kreditləşməyə şərait yaratmaq niyyətində deyil, Azərbaycan başqa yol seçdi. Bu ilin iyununda SOCAR-la Türkiyənin BOTAŞ şirkəti ilə bir neçə müqavilə imzaladı. Onlardan biri də həm Azərbaycanın, həm də üçüncü ölkənin qazının Türkiyə ərazisindən tranzit nəqlinə dair idi. Sonradan açıqlanan məlumatlar göstərdi ki, müqavilə Türkiyə üzərindən qazın Türkiyə-Bolqarıstan interkonnektoru vasitəsilə nəqlini nəzərdə tutur. Bu interkonnektorun hazırda nəql gücü ildə 3,5 milyard kubmetrdir. Artıq Azərbaycan öz qazının bir hissəsini bu kəmərlə Avropaya nəql edir. Ona görə də Azərbaycan Energetika Nazirliyinin Avropaya qaz ixracına dair göstəriciləri ilə TAP-la nəql həcminə dair göstəricilər arasında fərq yaranır. Bu fərq artıq 500-600 milyon kubmetrə çatıb. Bu fərq o deməkdir ki, biz alternativ yolla Avropaya qaz ixracını həyata keçirməyə başlamışıq. Bu, bizə nə verir: əlavə xərc çəkmədən Avropaya qaz nəqlini artırmaq, qaz ixracı corafiyasını genişləndirmək. Azərbaycan Prezidenti demişdi ki, 2027-ci ilədək Azərbaycan Avropaya qaz nəqlini minimum 16 milyard kubmetrə çatdıracaq. Məlumdur ki, 2026-cı ilin sonunadək TAP-ın ötürücülük gücü 13 milyard kubmetrə çatdırılacaq. Bütün bunlar onu göstərir ki, Azərbaycan öz məhsulunu əlverişli bazarlara çıxarmaq üçün imkanlar əldə etməkdə çətinlik çəkmir.
Bir məsələni də vurğulamaq lazımdır ki, Avropaya ixracın artması ucuzlaşma nəticəsində qaz satışından gəlirlərin azalmasını qismən kompensasiya edə bilir. Belə ki, rəsmi məlumata əsasən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin əvvəlindən avqustun 1-dək “Şahdəniz” yatağından (qaz və kondensat) 364,465 milyon dollar gəlir əldə edib. Məlumatdan aydın olur ki, “Şahdəniz” yatağı üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 dəfə azalıb. Eyni zamanda “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 2,3 dəfə azalaraq 113,878 milyon dollar təşkil edib.
Fondla yanaşı, qaz qiymətlərinin azalması dövlət büdcəsinə gəlirləri də azaldır. Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, sari ilin ilk altı ayında dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8 milyard 797,7 milyon manat təşkil edib. Bunun 2 milyard 407,2 milyon manatı vergi daxilolmalarıdır. Bu dövrdə neft-qaz sektoru üzrə vergi daxilolmalarının 48,5 faizini və 1 milyard 167,0 milyon manatını “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 34,6 faizini və ya 833,3 milyon manatını Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 16,9 faizini və ya 406,9 milyon manatını isə ABƏŞ-in mənfəət vergisi təşkil edib. Ötən ilin eyni dövründə “Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət vergisi 2 milyard 630,4 milyon manat olmuşdu. Göründüyü kimi, yataqdan büdcəyə daxilolmalar 2 dəfədən çox azalıb.
Dünya SAKİT,
“Yeni Müsavat”
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ