Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Azərbaycan xaricdən 66 baş at idxal edib.
Musavat.com xəbər verir ki, bunlardan yalnız biri – Qırğızstandan 1,2 min dollara alınan cins at olub. Qalan 65 baş at ətlik və digər məqsədilə idxal edilib.
Ötən il Qazaxıstdandan gətirilən 55 baş belə at üçün cəmi 11 min dollar ödənilib – 1 başına 500 dollar xərc çəkilib.
Rusiyadan alınan 7 baş atın hərəsinə 1898,6 dollar, Gürcüstandan alınan 1 baş ata 1,2 min dollar, Belçikadan alınan 1 başa 1,38 min dollar, Macarıstandan alınan 1 başa isə 1,44 min dollar ödənilib. Qiymətindən görünür ki, bu atlar əslində cins atlardır, onların ətlik məqsədlə gətirilməsi inandırıcı görünmür, ən azından Azərbaycanda at ətinin yeyilmədiyi səbəbindən.
Ötən il Azərbaycandan ətlik və digər məqsədlərlə 1969 baş at ixracı qeydə alınıb. Orta ixrac qiyməti 1 baş üçün 199,4 dollar təşkil edib. Ən çox atı əvvəlki illərdə olduğu kimi, Qazaxıstana satmışıq – 1864 baş atın birini 198,4 dollara satmışıq. Özbəkistana 30 atını birini 200 dollara, Gürcüstana bir atı 1,5 min dollara, Türkiyəyə 74 atın birini 207,2 dollara ixrac etmişik.
Qeyd edək ki, Azərbaycandan Xəzərin o tayına, əsasən də Qazaxıstana ətlik at ixracı 2015-2016-cı illərdə neft qiymətlərinin kəskin düşməsindən sonra başlayıb. 2016-cı ildə 1155, 2017-ci ildə 7619 baş, 2018-ci ildə 2071 baş, 2019-cu ildə 1969 baş at ixracı qeydə alınıb. Həmin illərdə bu prosesin qışlaq yerlərinin əkinə cəlb olunması nəticəsində heyvandarlığın, xüsusilə də qoyunçuluğun geriləməsi ilə izah olunurdu. At ixracının sürətli artımı ölkədə qoyun sayının kəskin azalması ilə müşayiət olunurdu deyə, bu izahatın reallığı əks etdirdiyi aydın görünürdü.
2020-2021-ci illərdə at ixracı 400-500 başa qədər azaldıqdan sonra 2022-ci ildə yenidən vüsət götürüb. Həmin il 3524 baş, 2023-cü ildə 2793 baş at ixracı qeydə alınıb. Bunların 90 faizdən çoxu Qazaxıstana satılıb.
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ