İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanı talayan xarici şirkətlər həm də hərbi cinayət törədib - onları beynəlxalq tribunala da verə bilərik

Azərbaycanın Qarabağ bölgəsi işğalda olduğu 30 ilə yaxın vaxt ərzində buradakı faydalı yataqlarımızı ermənilərlə bərabər xarici ölkə şirkətləri də talayıb. Azərbaycanlıların evlərini, yurdlarını ermənilərlə bərabər bəzi İran vətəndaşları söküb daşıyıbsa, işğal dövründə “Söyüdlü”, “Vejnəli”, “Dəmirli” və “Qızılbulaq” yataqlarını da digər dövlətlərin şirkətləri qanunsuz istismar ediblər.

Həmin cinayət xarakterli işlə məşğul olan şirkətlərin adları açıqlanıb. Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib ki, sözügedən şirkətlər aşağıdakılardır: - Kanadanın “Sterlite Gold” LTD və “First Dynesty Mines”; İsveçrənin “Base Metals”, “Vallex Group”; Rusiyanın “Geopro Mayninq Gold Company”; İsveç və lixtenşteynli sahibkarların ortaq olduğu Ermənistanın “Armenian Copper Programme”; ABŞ-ın “Global Gold”; Hindistanın “Vedanta Resourcess”.

O bildirib ki, “Söyüdlü” qızıl yatağında 112,5 ton resurs olub:

“Həmçinin "Vejnəli"də 6,5 ton qızıl, 10,75 ton gümüş, 4 min tona yaxın mis, “Dəmirli” yatağında 457 min ton mis, “Qızıbulaq” yatağında 13,7 ton qızıl olub. Lakin işğalçı rejim tərəfindən istismar edilmiş həcmlər haqqında bu gün konkret rəqəm demək doğru olmaz. Bu rəqəmlər hazırda hesablama mərhələsindədir. İstismarla bağlı dövlətin müvafiq qurumları tərəfindən beynəlxalq təşkilatlara müraciət hazırlanıb".

Beynəlxalq təşkilatlara müraciət əlbəttə ki, mühümdür. Eyni zamanda bu şirkətləri rəsmi qaydada məhkəməyə verib, vurduqları ziyanı Azərbaycan dövlətinə ödətdirmək haqqımız, hüququmuz var. Bundan başqa, həmin ərazilər faktiki olaraq işğal altındakı ərazilər sayılıb, dünya rəsmən belə qəbul edib.  Bu həm də o anlama gəlir ki, adları açıqlanan şirkətlər Ermənistanla birlikdə Azərbaycana qarşı hərbi cinayətlər törədiblər. Bu şirkətləri beynəlxalq tribunala da verə bilərikmi?

Hikmət Babaoğlu: Azərbaycan mətbuatı böyük inkişaf yolu keçib - Yeni Gəncə

Hikmət Babaoğlu: “Hətta bir neçə istiqamət üzrə cinayət işi qaldırmaq mümkündür, müvafiq qurumlarımız hazırda bu işlə məşğuldur”

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanın faydalı qazıntılarını istismar edən şirkətlərin adı artıq bəllidir: “Onlar iqtisadi cinayətkarlıqla məşğul olublar. Məsələ burasındadır ki, onlar iqtisadi cinayətkarlıqla məşğul olublar və bilərəkdən bu cinayət əməlinə imza atıblar. Normal vəziyyətdə hər bir beynəlxalq şirkət yatırım etdiyi ərazi ilə bağlı müfəssəl məlumatlar əldə edir. Ərazinin kimə aid olması, investisiya mühitinin necə olması, onun təhlükəsizliyinin təmin olunması hər bir investorun öz sərmayəsini yatırmadan öncə öyrəndiyi birinci məsələlər sırasındadır. Demək ki, Azərbaycan ərazisinə gələn və iqtisadi cinayətkarlıqla məşğul olan bu şirkətlərdə əvvəlcədən bu torpaqların, ehtiyatların kimə aid olması haqqında müfəssəl məlumat olub. Onlar bilərəkdən iqtisadi cinayətkarlığa gediblər. Şübhəsiz ki, bu prosesdə motivasiyanın nə olduğunu təxmin edə bilərik. Digər normal vəziyyətdən fərqli olaraq artıq payın verilməsimi, yaxud onların arxasında şirkətlərdən başqa mənsub olduqları dövlətlərin siyasi qərarımı onları buna motivasiya edib, bu, məsələnin ikinci tərəfidir. Bu, hüquqi araşdırmalar prosesində ortaya çıxacaq məsələdir. Ancaq fakt bundan ibarətdir ki, adıçəkilən o şirkətlər iqtisadi cinayətkarlıqla məşğul olublar və Azərbaycana külli miqdarda ziyan vurublar. Şübhəsiz ki, bunlar beynəlxalq iqtisadiyyat məhkəməsində sübut olunası faktlardır, həmin şirkətlər Azərbaycana qarşı etdikləri bu cinayətkarlığa görə cavab verəcəklər. Ancaq təkcə burada iqtisadi cinayətkarlıqdan söhbət getmir. Eyni zamanda Azərbaycanın ərazisinə onun suveren hüquqlarını pozaraq, ondan iznsiz daxil olmaları, onların texnikalarına daxilolmaları bu prosesdə Azərbaycanın ətraf mühitinə vurulmuş ziyan, əldə edilən təbii sərvətlərin miqdarı, Azərbaycan yollarının istismarı və sair kimi çox sayda məsələlərlə bağlı ayrı-ayrı bir neçə istiqamət üzrə cinayət işi qaldırmaq mümkündür.  Azərbaycan dövləti, müvafiq qurumlarımız hazırda bu işlə məşğuldur. Məsələni beynəlxalq hüquq əsasında həll olunacaq bütün hüquqi instansiyalara daşımaqdadırlar. Hazırda bu proses gedir”.

Aparıcı valyutalar və qızıl ucuzlaşır, ölkələr borc böhranı və devalvasiya  ilə üz-üzə

Vüsalə Əhmədova: “Azərbaycan BMT Təhlükəsizlik Şurasına komissiyanın yaradılması üçün müraciət edə bilər”

İqtisadçı-alim Vüsalə Əhmədova da “Yeni Müsavat”a dedi ki, illərdir işğal nəticəsində ərazilərimizin təbii sərvətləri Ermənistan tərəfindən talan edilir: “İndi də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki təbii ehtiyatların monitorinqinin aparılmasına və dəymiş zərərin müəyyən edilməsinə heç bir şərait yaradılmır. Bu ərazilərdə qanunsuz fəaliyyət göstərən şirkətlər fəaliyyətlərini hələ də dayandırmayıblarsa, istismar demək olar ki, davam edir. Əvvəlcə ondan başlayaq ki, işğal faktoru, işğalçı dövlətə işğal etdiyi ərazilərdəki təbii ehtiyatları istifadə etmə hüququ verirmi? İlk öncə onu qeyd edim ki, işğal faktoru işğalçı dövlətə ərazi üzərində suverenlik hüququ vermədiyi üçün, bu ərazilərdəki təbii sərvətləri istismar edə bilməz. Yalnız bölgədəki resursların bölgədəki xalqın ehtiyaclarının ödənilməsi üçün istifadəsinə icazə verilir və bütün bu istifadələr də mülayim olmalıdır, işğal olunmuş bölgədəki insanların ehtiyacları çərçivəsindən kənara çıxmamalıdır. Əlbəttə ki, beynəlxalq hüquqa zidd hər bir hərəkət, zərər və ya səbəb-nəticə əlaqəsi beynəlxalq məsuliyyətin yaranmasına gətirib çıxarır. Zərər vuran tərəfin vurduğu zərəri lazımi qaydada kompensasiya etmək öhdəliyi beynəlxalq hüququn fundamental prinsiplərindən biridir. Zərər vuran tərəf olaraq bu ərazilərdə fəaliyyət göstərən şirkətlərin beynəlxalq məsuliyyətə cəlb olunmasına gəlincə, onu qeyd edim ki, Beynəlxalq Ədalət Məhkəməsində iddiaçı və ya cavabdeh tərəflər yalnız dövlətlər ola bilər. Bu baxımdan, buradakı məsuliyyət daha çox dövlətin məsuliyyətidir. Yalnız BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən, işğal olunmuş ərazilərdə fəaliyyət göstərən beynəlxalq şirkətlərin adları ifşa olunan qara siyahılar hazırlanır. Ancaq təəssüf ki, "soft law" olaraq nəzərdən keçirilən bu sənədlərin beynəlxalq hüquq baxımından sanksiya gücü yoxdur. Sadəcə, bu şirkətlərin boykot edilməsi üçün hökumətlərə çağırışlar edilməsi ilə kifayətlənilir".

Ekspert əlavə edib ki, BMT-nin Beynəlxalq Hüquq Komissiyasının hazırladığı “Dövlətlərin beynəlxalq hüquqa zidd əməllərinə görə məsuliyyəti” haqqında maddələr Layihəsinin 36-cı maddəsinin 2-ci bəndində deyildiyi kimi, maliyyə baxımından qiymətləndirilə bilən hər cür zərər (financially assessable damage) kompensasiya edilməlidir: "Bu səbəbdən də, beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycana dəymiş zərərin hesablanması və lazım gələrsə, faiz də hesablanaraq təzminat miqdarının müəyyən edilməsi üçün Ermənistan məsuliyyətə cəlb olunmalıdır. Yəni kompensasiya edilməli olan zərərin həcmini müəyyən etmək və bu zərərlə bağlı iddiaları araşdırmaq və həll etmək üçün BƏM-ə müraciət edilə bilər və ya BMT-nin vasitəçiliyi ilə xüsusi məhkəmələr (ad hoc) təsis edilə bilər. Və ya digər bir nümunə, 1990-cı ildə İraqın Küveyti işğalı nəticəsində dəymiş ziyanı aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurasının köməkçi orqanı olaraq Kompensasiya Komissiyası yaradılmışdı. Nəticədə, İraq Küveytə ümumi 52,4 milyard dollar təzminat ödədi. Küveyti tərk edən İraq əsgərləri Küveyt Neft Şirkətinin obyektlərini yandırdığı üçün, 14,7 milyard dollar məbləğində ən yüksək təzminat Küveyt Neft Şirkətinə ödənmişdi. Bu baxımdan, Azərbaycan da BMT Təhlükəsizlik Şurasına bənzər komissiyanın yaradılması üçün müraciət ünvanlaya bilər".

Afaq MİRAYİQ,

“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR