İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanı şərləyən Avropa Parlamenti rüsvay oldu...

Araik və digərləri ilə bağlı kağız parçası qəbul edən deputatların yeni korrupsiya qalmaqalı üzə çıxdı

Martın 13-də Avropa Parlamenti Bakıda saxlanılan ermənilərlə bağlı növbəti dəfə qərəzli, şər-böhtan dolu qətnamə qəbul etdi. Separatçı-quldurların, insanlıq əleyhinə cinayətlər törətmiş ünsürlərin “dərhal və qeyd-şərtsiz azad edilməsini” tələb etdi. Sənəd adlanan kağız parçasında hətta müttəhimlərə qadağan edilmiş psixotrop dərmanların yeridilməsi barədə sərsəmləmə yer alır.

Əlbəttə ki, bu qərarla Avropa İttifaqı bir daha beynəlxalq hüquq normalarını ayaqlar altına ataraq, separatçılara və Azərbaycana qarşı təxribatlarda iştirak edən şəxslərə himayədarlıq etdiyini nümayiş etdirib. Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərini işğal etməsi, orada hərbi cinayətlər və etnik təmizləmə aparması Avropa üçün önəm daşımadığı halda, qanuni məhkəmə proseslərinə qarşı çıxması İttifaqın ikili standartlarla fəaliyyət göstərdiyini bir daha bariz şəkildə ortaya qoyur. Avropa Parlamenti belə mövqeyi ilə separatizmi dəstəklədiyini və Cənubi Qafqazda davamlı sülhə mane olduğunu bir daha nümayiş etdirib.

Sözsüz ki, qətnamənin ərsəyə gəlməsində erməni puluna satılmış deputatların həlledici rol oynayıb. Yeri gəlmişkən, bu arada Avropa Parlamentində növbəti korrupsiya qalmaqalı alovlanıb. Belə ki, Belçikanın RTBF telekanalının məlumatına görə, ötən cümə axşamı səhər saatlarında keçirilən polis əməliyyatı Avropa Parlamentindəki nüfuzlu şəxsləri, o cümlədən parlament üzvləri və onların köməkçilərini əhatə edib, onların müxtəlif qazanlar müqabilində Çin texnoloji nəhəngi “Huawei”-nin maraqlarını təbliğ etdikləri üzə çıxıb.

Aylarla davam edən gizli araşdırmadan sonra federal polis korrupsiya, çirkli pulların yuyulması və sənəd saxtakarlığı ilə bağlı sübut və sənədlərlə bağlı 21 axtarış aparıb. Belçikanın federal prokurorluğu təhqiqatın genişmiqyaslı lobbiçilik sxemi ilə bağlı olduğunu təsdiqləyib.

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə: “Bizə “bunu et və ya etmə” kimi qeyd-şərtsiz tələblər irəli sürmək onların hüququ deyil”

Avropa İttifaqının bu mövqeyi beynəlxalq hüququn hansı prinsiplərini pozur? Ermənistanın 30 illik işğalı və törətdiyi hərbi cinayətlər Avropa tərəfindən niyə görməzdən gəlinir? Avropa Parlamenti qətnamə qəbul etməklə Cənubi Qafqazda sülhə necə mane olur?

Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a danışıb:

“Əslində, Avropa Parlamentində geniş və təşkilatlanmış bir anti-Azərbaycan qrup fəaliyyət göstərir. Üstəlik, təkcə Avropa Parlamenti ilə məhdudlaşmayan bu fəaliyyət, bir çox beynəlxalq təşkilatlarda da özünü göstərir. Həmin qurumlarda lobbiçilik fəaliyyəti ilə məşğul olanlar müəyyən qruplar formalaşdıraraq, onların başında dayanır və anti-Azərbaycan mövqelərini açıq şəkildə ifadə edirlər. Avropa Parlamentində bu kimi qrupların mövcudluğuna isə biz zaman-zaman şahid olmuşuq.

Avropa Parlamenti dəfələrlə Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edib, birtərəfli bəyanatlar səsləndirib. Xüsusilə, Azərbaycan 30 il ərzində erməni işğalına məruz qaldığı dövrdə, Avropa Parlamenti beynəlxalq hüququn pozulmasına göz yumaraq, işğalçı Ermənistanın cinayətlərinə qarşı bir dəfə də olsun qətnamə qəbul etmədi. Ancaq indi, separatçılarla bağlı qəbul edilən bu dırnaqarası qərar - əslində, hüquqi əhəmiyyəti olmayan bir kağız parçasından başqa bir şey deyil. Çünki heç bir dövlətin daxili işlərinə Avropa Parlamenti birbaşa müdaxilə edə bilməz".

Çingiz Qənizadə qeyd edib ki, Avropa Parlamenti istənilən məsələ ilə bağlı tövsiyə xarakterli çağırışlar edə bilər, lakin “bunu et və ya etmə” kimi qeyd-şərtsiz tələblər irəli sürmək onların hüququ deyil: “Bu baxımdan, separatçıların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edən Avropa Parlamentinin qətnaməsi Azərbaycan üçün heç bir hüquqi məna daşımır. Qətnamələr tövsiyə xarakterli olsa da belə, onun bu tərzdə təqdim edilməsi Azərbaycanın daxili işlərinə və məhkəmə sisteminə kobud müdaxilədən başqa bir şey deyil.

Ermənistanın siyasi hakimiyyəti isə yenə də köhnə təxribatlarına əl ataraq, guya saxlanılan separatçılara qadağan edilmiş psixotrop dərmanlar verildiyini, onların ifadə verməsinə mane olunduğunu və təzyiqə məruz qaldıqlarını iddia edir. Lakin bu sərsəm iddiaların heç biri təsdiqini tapmayıb. Əksinə, Avropa İnsan Hüquqları Şurasının Vardanyanla bağlı açıqlamasında da Ermənistanın irəli sürdüyü iddiaların əsassız olduğu göstərildi və bu ittihamlar açıq şəkildə rədd edildi. Beynəlxalq hüquq dövlətlərin üzərinə müəyyən öhdəliklər qoyur. Ancaq bu öhdəliklərin heç birində dövlətlərin ərazisində separatçılıqla məşğul olmaq, ölkənin ərazi bütövlüyünü parçalamaq, silahlı qruplar yaratmaq, dövlət hakimiyyətinə və mülki əhaliyə qarşı silahlı qiyamlar təşkil etmək və işğal yolu ilə soyğunçuluq törətmək hüquqi əsas kimi göstərilmir. Əksinə, bütün bunlar beynəlxalq və yerli qanunlarla qadağan edilmiş cinayətlərdir".

Hüquq müdafiəçisi Azərbaycanın separatçılara qarşı başladığı istintaq və məhkəmə prosesi beynəlxalq hüquq normalarına və milli qanunvericiliyə tam uyğun şəkildə aparıldığını vurğulayıb: “Bu proseslərdə həm yerli, həm də xarici müşahidəçilər iştirak edir, məhkəmə iclasları televiziya vasitəsilə ictimaiyyətə təqdim olunur. Əlavə olaraq, təqsirləndirilən şəxslərin istədikləri vəkillərlə təmin olunması, onların vəsatətlərinin dinlənilməsi və müzakirə olunaraq qərarların qəbul edilməsi də hüquqi prosedurların şəffaf şəkildə həyata keçirildiyini sübut edir”.

Ç.Qənizadənin fikrincə, separatçıların istintaq zamanı verdikləri ifadələr Ermənistan hakimiyyətini ciddi narahat edir, bu da səbəbsiz deyil: “Çünki bu ifadələr, separatçı rejimin 30 ildən artıq bir müddət ərzində Ermənistan siyasi hakimiyyətinin birbaşa nəzarəti altında fəaliyyət göstərdiyini sübut edir. Təqsirləndirilən şəxslər açıq şəkildə bütün tapşırıqları İrəvandan aldıqlarını etiraf edirlər. Bu isə məsələnin təkcə separatçıların cinayətləri ilə məhdudlaşmadığını, Ermənistan dövlətinin Azərbaycana qarşı apardığı cinayətkar siyasətin bir parçası olduğunu ortaya qoyur. Separatçılar məhkəmə və istintaq orqanları ilə əməkdaşlıq edərək hər şeyi etiraf edirlər. Onlar təkcə əvvəlki hakimiyyətin deyil, elə Paşinyan dönəmində də cinayətkar əməllərin davam etdiyini söyləyiblər. Bu isə Ermənistandakı siyasi hakimiyyəti təşvişə salıb. Ona görə də Avropa Parlamentindəki havadarları vasitəsilə bu proseslərə müdaxilə etməyə çalışırlar. Amma bu cəhdlər mənasızdır. Azərbaycanda məhkəmə hakimiyyəti müstəqildir və heç bir beynəlxalq qurum ədalətli məhkəmə prosesinə mane ola bilməz. Separatçıların törətdikləri cinayətlər faktlarla sübuta yetirilməkdədir və hər biri layiqli cəzasını alacaq”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Mart 2025

BÜTÜN XƏBƏRLƏR