İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanı ÇALXALAYAN məsələyə nöqtə qoyuldu - “Nümunə yoxdur...”

“İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində cərimələnməklə bağlı sanksiya var. Lakin cərimənin nümunəsi olmalıdır. Məsələn, əgər avtomobiliniz radara düşürsə, sığorta olunmayıbsa, cərimələnirsiniz. Bu barədə vətəndaşa inzibati protokol göndərilir. Mənzilini sığorta etdirməyən vətəndaşların cərimələnməsi barədə isə inzibati protokolun nümunəsi yoxdur”.

Bu fikirləri Musavat.com-a açıqlamasında sığorta üzrə ekspert İlkin İbrahimov deyib.

ilkin.PNG (534 KB)

Ekspert xatırladıb ki, fiziki şəxslərə münasibətdə nəzarət edən orqan yerli icra hakimiyyəti orqanlarıdır:

“Bu orqanlarda isə cəriməni yazmaq üçün nümunə yoxdur. İcbari Sığorta Bürosu və sığorta şirkətləri vətəndaşların manipulyasiyasında maraqlıdır. İlk növbədə Mərkəzi Bank bu sahə ilə bağlı məsuldur, istehlakçı hüquqlarının qoruyucusudur. Lakin Mərkəzi Bank bu mövzuda hərəkətsizlik göstərir, yəni manipulyasiyaya rəvac verir. Onun susması ajiotaj yaradır”.

Sığorta üzrə ekspert sənədsiz evlərdən də danışıb:

“Məlumdur ki, sənədsiz evlərin siyahısı Əmlak Məsələləri Dövlət Xidmətində olur. İcbari Sığorta Bürosu isə texniki qurumdur. İyunun 1-dən bu iki qurum arasında elektron mübadilə proqramı yekunlaşıb. Bu o deməkdir ki, İcbari Sığorta Bürosu sənədsiz evlərin siyahısını görəcək. Məsələ sadəcə bundan ibarətdir. Cərimələnmədən söhbət getmir.
Dövlət 12 ildir bu məsələni saxlayıb. Daşınmaz əmlakın sığortası ilə bağlı mütəxəssislər arasında fikir ayrılığı var. Bəzi ekspertlər deyir ki, daşınmaz əmlak sığortalanmamalıdır, çünki toxunulmazdır. Mənə gəlincə, hesab edirəm ki, daşınmaz əmlak sığortalanmalıdır. Məsələn, 1999-cu ildə Türkiyədə güclü zəlzələ oldu. Zəlzələdən sonra hökumət büdcədən çox böyük məbləğdə ayırmalar etdi. 2004-cü ildə Kür daşqınları oldu. Büdcədən 240 milyon manat ayrıldı. Yəni bu, çox böyük məbləğdir. Daha sonra Zaqatala-Balakən zonasında torpaq sürüşmələri oldu. Bu hadisələrdən sonra sığortanın sosial xarakterli, yəni icbari edilməsi qərara alındı. Məcburi etməklə yanaşı, vətəndaşların narazılığı ilə bağlı yumşalma edildi.

Bu gün ölkəmizdə 1,5 milyondan çox sənədsiz ev var. Qanun ədaləti bərpa etmək deməkdir. Burada avtomatik olaraq sənədsiz evlər sığortaya cəlb edilməyəcək. Bu da onlara münbit şərait yaradır. İnzibati protokolu tərtib etmək çox asan məsələdir. Ola bilər ki, hansısa kompromis olacaq, deyəcəklər ki, evlərin siyahısı tutulsun, onlar da sığortaya cəlb olunsun, etməsələr, onlara da cərimə sanksiyası tətbiq edilsin. Amma hazırkı vaxtla bağlı dövlət yumşaq siyasətini yeridəcək”.

Ekspert bildirib ki, Bakıdakı mənzillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40, digər şəhər və rayonlarda isə 30 manatdır:

“Paytaxtdakı mənzillərə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki mənzillərə 20 min, digər şəhər və rayonlardakı mənzillərə isə 15 min manat sığorta təminatı verilir.

2011-ci ildə müəyyən etdilər ki, orta statistik azərbaycanlı üçün mənzil sığortası 25 min manatla aradan qaldırıla bilər. Məişətdə qaz partlayışı və təbii fəlakətlərin bütün növləri bura aid edilir. Dəymiş ziyan 25 min manatı ötsə, qalan hissəni vətəndaş könüllü sığorta etdirəcək”.

İlkin İbrahimov vurğulayıb ki, “İcbari sığortalar haqqında” Qanunun 40.3-cü maddəsinə görə, dövlət ünvanlı sosial yardım alan şəxsi də düşünüb:

“Belə ki, onların adına olan evin sığortası Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR