Onlayn ictimai-siyasi qəzet
Ədliyyə Nazirliyinin Probasiya xidmətinə rəis təyin edilib.
Musavat.com report-a istinadən xəbər verir ki, ədliyyə nazirinin müvafiq əmri ilə Vüqar Ağayev Probasiya xidmətinin rəisi təyin olunub.
Qeyd edək ki, V.Ağayev 1980-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2004-cü ildə isə magistr dərəcəsi ilə bitirib.
O, 2002-2006-cı illərdə Bakı şəhəri Nizami rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsində böyük məhkəmə icraçısı (probasiya üzrə) vəzifəsində çalışıb. Vüqar Ağayev 2006-2013-cü illərdə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsində müxtəlif vəzifələrdə, 2013-2021-ci illərdə isə Nazirliyin Təşkilat-nəzarət baş idarəsində baş məsləhətçi vəzifəsində işləyib.
Vüqar Ağayev bərpaedici ədliyyə sahəsində nüfuzlu qurumlardan biri olan Avropa Bərpaedici Ədliyyə Forumunun (European Forum for Restorative Justice-EFRJ) üzvüdür.
O, Probasiya xidmətinin rəisi təyin edilənədək Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəis müavini vəzifəsində çalışıb.
***
Ədliyyə nazirinin müvafiq əmri ilə Elşad Məmmədli Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Trend xəbər verir ki, Elşad Məmmədli 1986-cı ildə anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2010-2012-ci illərdə Almaniyanın Julius Maksimilian Vürzburq Universitetində Avropa hüququ ixtisası üzrə magistratura təhsili alıb, həmçinin həmin dövrdə Universitetin hüquq fakültəsində elmi işçi kimi fəaliyyət göstərib.
Elşad Məmmədli 2013-2019-cu illərdə Azərbaycan Dövlət Neft Fondunun Hüquq Departamentində hüquq məsləhətçisi və baş hüquq məsləhətçisi vəzifələrində çalışıb. Həmçinin 2017-2022-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin SABAH qruplarında mülki hüquq fənnini tədris edib.
Qeyd edək ki, Elşad Məmmədli 2019-2023-ci illərdə Almaniyanın Martin-Luter adına Halle-Vittenberq Universitetində müqayisəli hüquq üzrə doktorantura təhsili alıb və həmin dövrdə mülki hüququn müxtəlif sahələrində bir çox elmi tədqiqatlar aparıb.
O, bu vəzifəyə təyin olunanadək Almaniyanın nüfuzlu "Lupp+Partner Partnerschaft mbB" hüquq şirkətində hüquq məsləhətçisi vəzifəsində çalışıb.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ