İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda yük maşını aşdı - ölənlərin kimliyi bilindi - YENİLƏNİB - FOTO

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub.

"Report"un Şimal bürosunun məlumatına görə, Bakı-Quba yolunda yük maşınının dəmir yolu xəttinə aşması nəticəsində ağır bədən xəsarətlərindən ölən iki nəfər - Naxçıvan sakinləri - 1985-ci il təvəllüdlü Rəşid Məmmədtağı oğlu Əskərov və 2006-cı il təvəllüdlü İnşallah Cəsur oğlu Məhərrəmovdur.

Onların meyitləri müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, hadisə nəticəsində ciddi zədələnmiş kontakt şəbəkə sistemi qısa müddətdə bərpa edilib.

Bildirilib ki, bu istiqamətdə qatarların hərəkəti qrafik üzrə təmin olunub.

***

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində DAF markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil körpüdən aşıb. Qəza nəticəsində avtomobilin ön hissəsi yanıb, sürücü və sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Bu gün saat 04:00-da Qızılburun-Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, hadisə nəticəsində yanğın baş verib, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilib və yanğın qısa müddət ərzində söndürülüb.

Hadisənin baş verdiyi vaxt həmin sahədə qatarlar hərəkətdə olmayıb. Hazırda yük maşınının sahədən götürülməsi üçün tədbirlər görülür və dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.

İlkin araşdırmalara əsasən dəmiryol xəttinin kontakt şəbəkəsi ciddi zədələnib və hazırda həmin istiqamət üzrə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

***

Bu gün səhər saat 4-5 radələrində Siyəzəndə yük maşını aşıb.

Bizim.Media xəbər verir ki, hadisə Bakı-Quba yolunun 104-cü km-də, Siyəzən rayonu ərazisində baş verib.

Hələlik kimliyi məlum olmayan sürücü idarə etdiyi "Shacman" markalı yük maşınını körpüdən aşırıb.

Nəticədə sürücü və yanındakı bir sərnişin alışan maşında yanaraq ölüblər.

Onların şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlərə başlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR