İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda “yastıqaltı dollar” böhranı

Ekspert: “Məmuru gəlir bəyannaməsi verməyən ölkədə valyuta çıxarandan mənbə tələb olunması absurddur”

Azərbaycan Mərkəzi Bankının xaricdə bank kartları ilə vəsait nağdlaşdırılmasına aylıq 10 min dollarlıq limit tətbiq etməsi, ölkədən xaricə bank vasitəsilə köçürmələrin aylıq həcmini  20 min dollara çatdırması hələ də müzakirə olunmaqdadır.

Bəzi ekspertlər Mərkəzi Bankın xaricə pulköçürmələri üzrə aylıq limiti 20 min dollara qaldırmasını ölkədəki dollar bolluğu ilə əsaslandırırlar. Bildirilir ki, hazırda Azərbaycanda ciddi dollar bolluğu yaranıb, əhalinin dollar ehtiyatları çoxalıb və bu, manatın məzənnəsinə təzyiq yaradır. Bu təzyiqi azaltmaq üçün Mərkəzi Bank dollarla əməliyyatlara 2015-ci il devalvasiyasından sonra qoyulan sərt məhdudiyyətləri yumşaltmaq qərarına gəlib.

Bu fikrin reallıq əmsalını artıran bəzi statistik göstəricilər diqqəti cəlb edir. Belə ki, bu ilin yanvar-iyul aylarında Mərkəzi Bankın Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 843,9 milyon ABŞ dolları məbləğində satış olub. Mərkəzi Bankın məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,5  faiz azdır. Bu il elə valyuta hərracları olub ki, orada hərrac 0 tələblə tamamlanıb. İyundakı hərraclarda banklara cəmi 58.4 milyon dollar satılıb. Yalnız iyul ayında valyuta satışının məbləği 272,7 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 28,5 faiz çoxdur.

Mərkəzi Bankın məlumatına əsasən, 2022-ci ildə  Azərbaycanda fiziki şəxslərə xaricdən edilən pul köçürmələrinin həcmi 3 milyard 620 milyon dollar təşkil edib. Bu, 2021-ci illə müqayisədə təxminən 3,2 dəfə çoxdur. köçürmələrin böyük hissəsi - 2 milyard 969,44 milyon dolları (artım 4,8 dəfə) və ya fiziki şəxslərin bütün köçürmələrinin 82 faizi (2021-ci ildə 13,6 faizi) Rusiyadan həyata keçirilib.

Bu ilin birinci rübündə isə vətəndaşlara xaricdən göndərilən pul baratlarının həcmi 77 faiz (210 milyon dollar) artaraq 481 milyon dollara çatıb. Bu həcmin 312 milyon 629 min dollarını Rusiyadan edilən pulköçürmələri təşkil edib. Mərkəzi Bankın məlumatına görə, illik müqayisədə bu rəqəm 3,1 dəfə və ya 212 milyon 926 min dollar artıb.

Rüblük artıma rəğmən ilin birinci yarısında bank vasitəsilə xaricdən ölkəyə pulköçürmələrində ciddi azalma qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycana banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 299.9 milyon manat vəsait daxil olub. Azərbaycan banklarından xaricə göndərilən vəsaitin həcmi isə 320.3 milyon manata bərabər olub. Bu isə o deməkdir ki, ötən ilin yanvar-iyun aylarına nisbətən Azərbaycana pul köçürmələri 2 dəfə və ya 1 milyard 327 milyon manat, ölkədən xaricə köçürmələr isə 40.2 faiz və ya 215.5 milyon manat azalıb.

Bundan əlavə, bu ilin birinci yarısında Azərbaycanda uzun illərdən bəri yaşanmayan fakt qeydə alınıb: əhalinin banklardan dollar alışı banklara bu valyutanın satışından az olub. Mərkəzi Bankın açıqladığı məlumata əsasən, 2023-cü ilin ilk 6 ayı ərzində banklar əhalidən nağd qaydada 797.39 milyon dolları alıblar. Əhali isə banklardan 749.6 milyon dollar alıb. Nəticədə banklar əhaliyə satdıqlarından 47.79 milyon dollar çox vəsait alıb. Müqayisə üçün bildirək ki, 2022-ci ilin ilk ayında bankların əhaliyə satdığı dolların həcmi aldığından 356.9 milyon dollar yüksək olmuşdu. 

İyun ayında banklar əhaliyə 88.44 milyon nağd dollar satdığı halda, onlardan 158.48 milyon dollar alıblar. Bunun nəticəsində dollar/manatın orta məzənnəsi 1.6974 səviyyəsinə düşüb.

Lakin yuxarıda qeyd olunan faktlarla yanaşı, ölkədən çıxan valyutanın artdığını göstərən rəqəmlər də diqqəti cəlb edir. Belə ki, Mərkəzi Bankın rəsmi statistikasına əsasən, 2022-ci ildə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2 dəfə artaraq 1.7 milyard dollar təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (892.7 milyon dollar) ixracı (823.3 milyon dollar) üstələməsi nəticəsində 69.4 milyon dollar həcmində kəsir yaranıb.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 53 faiz, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2 dəfə artsa da, xaricdə xərclənən vəsaitlər ölkədə xərclənəndən yüksək olub. Nəticədə xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 0.9 milyard dollar olub ki, bunun da 80.3 faizi Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub.

Turizm xidməti balansında mənfi saldo bu ilin birinci rübündə də qeydə alınıb.  Bu dövrdə Azərbaycanın qarşılıqlı turizm xidmətləri dövriyyəsinin həcmi 427,2 milyon dollar vtəşkil edib ki, bu da 2022-ci ilin yanvar-mart aylarının göstəricisindən 34,3 faiz çoxdur. Rüb ərzində turizm xidmətlərinin idxalı 215,9 milyon dollar, ixracı - 211,3 milyon dollar təşkil edib. Beləliklə, turizm xidmətləri balansının kəsiri 4,6 milyon dollar olub.

Digər tərəfdən, bu ilin birinci yarısında Azərbaycanın idxal etdiyi məhsulların dəyərində kəskin artım var. Belə ki, bu müddətdə 26 milyard 166 milyon dollarlıq ticarət dövriyyəsinin 35.7 faizini idxal təşkil edib. Bu, 2023-cü ilin ilk yarısında 8 milyard 198 milyon dollarlıq idxal deməkdir. Qeyd edək ki, 2022-ci ilin ilk yarısında ümumi idxalımız 6 milyard 357 milyon dollar olub. Bu isə o deməkdir ki, bu ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın idxalı 22.5 faiz artıb.

Ekspert: “Azad ticarət zonası Azərbaycanın ixrac həcminin artmasını  şərtləndirə bilər” - 03.05.2021, Sputnik Azərbaycan

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, MB-nin məlum qərarlarının ölkədə dollar bolluğu ilə bağlı olması fikri doğru yanaşma deyil: “Bu qərarları daxili bazarda dollar bolluğu ilə əsaslandırmanı düzgün hesab etmirəm. Dəyişikliyin biri hətta xaricə gedən vətəndaşlara məhdudiyyət gətirir. Vətəndaşlara nağd qaydada 10 min dollardan artıq pul götürməyə icazə verilmir. Vətəndaşlar bank kartları ilə ehtiyaclarını qarşılayırdılar. İndi kartla xərcləməyə də limit qoyuldu. İkinci dəyişiklik isə iki faktorla hesab oluna bilər. Əvvəla, gündəlik köçürməyə limit vətəndaşları çox incidirdi, bankların yüklənməsinə səbəb olurdu. Yəni 10 min dollar göndərmək istəyən şəxs on dəfə banka getməli olurdu, üstəlik, tranzaksiya xərcləri də artırdı. Bu baxımdan, gündəlik limitin aylıq limitlə əvəzlənməsi müsbət haldır. İkinci tərəfdən, son illərdə dollar bütün dünyada dəyər itirib. 2021-2022-ci illərdə ciddi inflyasiya oldu. Nəticədə dollar alıcıq gücü aspektindən 15 faizə qədər dəyər itirib. Bu da xaricdə xidmət və məhsulların əldə olunması üçün daha çox dollara ehtiyac yaranır. Buna görə də Mərkəzi Bank aylıq köçürmə limitini artırmaqla bu tələbin qarşılanmasına nail olmağa çalışır”.

Ekspertə görə, valyuta bolluğunun manata yaratdığı təzyiqi neytrallaşdırmaq üçün alətlər kifayət qədər çoxdur: “Manatın məzənnəsi sərbəst deyil, Mərkəzi Bank tərəfindən tənzimlənir. Son vaxtlar valyuta bazarında proseslər bu tənzimləməni daha rahat edir, Mərkəzi Bank üçün öz ehtiyatlarını artırmaq imkanı yaradır. Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycanda xarici valyutaya tələbat kəskin  artacaq. Bunun əsas səbəbi işğaldan azad olunan ərazilərin bərpası prosesidir. Biz bunun təsirini artıq hiss etməyə başlamışıq: idxal sürətlə artır. Bu baxımdan, hökumət indi müəyyən yığım etməklə qarşıdakı ehtiyacları ödəmək üçün baza yarada bilir. Ümumiyyətlə, heç bir ölkədə daxildə xarici valyutanın bolluğu hansısa problem yaratmır, neqativ hal hesab olunmur”.

Əkrəm Həsənov: “Ziddiyyətli məhkəmə qərarlarını nəzərə alaraq süni  intellektli məhkəmə “error” verəcək” - pia.az

 Əkrəm Həsənov

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov bildirir ki, Mərkəzi Bankın hər iki dəyişikliyi vətəndaş üçün müsbət xarakterlidir: “Əvvəla, indiyədək aylıq xaricə valyuta köçürmək limiti 10 min dollar idi, indi 20 min dollara qaldırıldı. İkinci məsələ xaricdə kartla xərclənən pulla bağlıdır. Burada bir nüans var: kartdan nağdlaşdırmaya 10 min dollarlıq limit qoyulur. Qeyri-nağd formada xərcləmələrə isə hər hansı məhdudiyyət yoxdur. İstəyirsən, 100 min xərclə. Aparıcı ölkələrdə onsuz da nağd xərcləmə yoxdur. Söhbət inkişaf etmiş ölkələrdən gedir. Yəni bu məhdudiyyət sırf çirkli pulların yuyulmasına qarşı mübarizə ilə bağlıdır. Düzü, burada da sual yaranır ki, bir adamın bir deyil, 3-4 bankın kartı ola bilər, yaxud ailə üzvlərinin adına olan kartları götürə bilər. Yəni vətəndaş bu məhdudiyyətdən rahatlıqla yayına bilər”.

Ekspert diqqəti vətəndaşların Azərbaycanda valyuta alışına qoyulan məhdudiyyətə çəkir: “Hələ də vətəndaşların banklardan 20 min dollardan artıq valyuta almağına məhdudiyyət var. 20 mindən yuxarı qalxanda əlavə çoxsaylı məlumatlar təqdim olunması, mənbənin göstərilməsi tələb edilir. Nə qədər qəribə də olsa, bu qadağanın kimdən gəldiyi də açıqlanmır, heç bir dövlət qurumu boynuna almır. Digər tərəfdən, gəlir bəyannaməsi təqdim olunmayan ölkədə 20 min dollardan yuxarı valyuta alışına belə tələb qoymaq absurddur. Korrupsiyaya qarşı real mübarizə aparılarsa, xaricə pul çıxarmağa məhdudiyyət qoymağa ehtiyac da qalmaz”...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR