Onlayn ictimai-siyasi qəzet
Hazırda Azərbaycanda 500-ü qadın olmaqla, 2503 vəkil fəaliyyət göstərir. Bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə hesabatında deyilir. Məlumata görə, onlardan 2034 nəfəri Bakıda, 469 nəfəri isə regionlarda çalışır. 2004-2018-ci illərdə Vəkillər Kollegiyasına qəbulla bağlı 5, son 7 ildə isə 14 imtahan keçirilmiş, vəkillərin sayı 3 dəfədən çox artıb.
2024-cü ildə Vəkillərin İxtisas Komissiyası tərəfindən Vəkillər Kollegiyasına qəbul üçün imtahanın şifahi mərhələsinin 15 iclası və 2 yazılı test imtahanı keçirilib. Yazılı imtahanlarda ümumilikdə 911 namizəd iştirak edib, onlardan 377-si müvəffəqiyyətlə keçib. Həmçinin 2024-cü ildə şifahi müsahibədə 148 nəfər iştirak edib, 107 nəfər vəkil andı içib. Nəticədə vəkillərin sayı 2503 nəfərə yüksəlib.
Lakin başqa bir fakt da var. Məsələ ondadır ki, 4 milyona yaxın əhalisi olan Gürcüstanda vəkillərin sayı 4 mini ötüb. 10 milyonluq Azərbaycanda isə məhkəmələrin iş yükünün ilbəil artdığını nəzərə alsaq, kifayət qədər vəkillərin olmadığını (2503) söyləmək olar. Azərbaycanda vəkilik peşəsinə maraq niyə azdır?
Tanınmış vəkil Əkrəm Həsənov deyir ki, Azərbaycanda vəkil olmaq asan deyil: “Azərbaycanda qanunçuluqla bağlı vəziyyət acınacaqlıdır. Bu durum Azərbaycanda hüquqşünasların olması üçün adekvat deyil. Vəkilin günü məhkəmələrdə, icra qurumlarında, hüquq-mühafizə orqanlarında keçir. Ona görə də vəkilin bacarığından, savadından əksər hallarda çox şey asılı olmur. Cinayət işlərində isə vəkilin işi 5 faizə qədərdir. Bu vəkilin səriştəsizliyindən asılı deyil, sadəcə, qanun işləmir”.
Əkrəm Həsənov mülki və inzibati işlərdə durumun bir qədər fərqli olduğunu deyib: “Mülki və inzibati işlərdə vəkilin rolu 50-50-yədir. Lakin bu işlərdə də söhbət böyük məbləğlərdən gedirsə, vəkilin rolu azalır. Yəni qanun işləməyən yerdə vəkil tərk-silah olunmuş durumdadır”.
Hüquqşünasın sözlərinə görə, bu gün Azərbaycanda hüquq təhsilinin səviyyəsi bərbaddır: “Hüquqşünasların çoxunun savadı dayazdır, elələri də var ki, yox səviyyəsindədir. Ona görə də əksər hüquq təhsillilər vəkil olmaqdan yayınırlar. Əziyyətli vəkillikdənsə, dövlət orqanlarında hüquqşünas olmağa üstünlük verirlər”.
Əkrəm Həsənov deyib ki, 2017-ci ildən bu yana vəkillərin sayında artım var: “Bu ona görə baş verib ki, 2017-ci ildən işlərə yalnız vəkillər çıxa bilər. Əvvəllər ilkin, mülki, kommersiya instansiyalarda istənilən şəxs sizi etibarnamə əsasında təmsil edə bilirdi. 2017-ci ildən isə işlərə yalnız vəkillər çıxa bilər. Ona görə də əvvəllər vəkil olmayanlar da vəkil oldular. Bu yanaşma vəkillərin say artmına yol açıb. Vəkillər Kollegiyası da bu istiqamətdə müsbət dəyərləndirilməli addımlar atdı. Bu gün vəkillərin sayı 3 dəfə artıb. Amma bu artım əhalinin sayına uyğun deyil”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ