İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda varlıların yeni investisiyası: bitkoindən belə qazanırlar...

Ekspertlər kriptoya investisiyanı məsləhət görürlərmi?

Dünyada ən məşhur kriptovalyuta olan bitkoinin (BTC) dəyəri 73 min dolları ötərək rekord həddə çatıb. Kriptovalyutanın qiymətinin bundan sonra da artacağı və yeni rekorda imza atacağı proqnozlaşdırılır.

Azərbaycanda kriptovalyutalara, o cümlədən bitkoinə investisiya edən şəxslər iki qrupa bölünür. Birinci qrup bilavasitə kriptovalyutanın təməlini təşkil edən sistemdə (“blockchain”) elektron cüzdan (“wallet”) və ya onların ticarətini təşkil edən kriprovalyuta birjalarında hesab açaraq kriptovalyutalarla əməliyyatlar edir. İkinci qrup isə baza aktivi kriptovalyuta olan fərq müqavilələrinə (CFD) investisiya edir. Məlumatlara görə, son aylar Azərbaycan üzərindən kriptovalyutaların alışında ciddi artım var. Xüsusilə əlində külli miqdarda vəsaiti olanlar bu yatırım üçün xüsusi adamlar axtarışındadır.     

Hazırda Azərbaycanda kriptobazarda iştirakçılıq sahəsində xidmətlərini təklif edən onlarla, bəlkə də yüzlərlə şirkət, resurs fəaliyyət göstərir. Onların xidmətlərindən istifadə edənlərin sayı da durmadan artır. Hətta artıq kriptovalyuta adı altında fırıldaqçılıq edib, minlərlə insanı aldadaraq vəsaitlərini mənimsəyənlər də var. Bugünlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 nəfər 13 və 15 il müddətinə azadlıqdan məhrum edilib. Onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dələduzluq piramidasını Azərbaycana gətirib, kriptovalyuta satmaq adı ilə vətəndaşları aldadaraq onların pul vəsaitlərini ələ keçirməkdə ittiham olunubla: internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsilə əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə onların ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları və külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib.

Bundan əlavə, fevralda Mərkəzi Bankın təqdimatı ilə Elektron Təhlükəsizlik Xidməti “OKX” və “ByBit” kriptobirjalarına girişi bloklayıb. Səbəbi isə onların cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı effektiv mübarizə üçün daxili nəzarət proqramına malik olmadıqları, qanunvericiliyin şübhəli əməliyyatlara dair maliyyə monitorinqi orqanına məlumat verilməsi, habelə nəzarət orqanlarının qanunla nəzərdə tutulmuş göstərişlərinə əməl edilməsi tələblərinə əməl etmədikləri göstərilib. 

Məlumat üçün bildirək ki, Azərbaycan qanunvericiliyində kriptovalyuta bazarında iştirakçılığı qadağan edən hər hansı müddəa yoxdur. Belə ki, elektron ticarət kimi xaricdən kriptovalyutaların alınması Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatlar hesab edilir. 169.3-cü maddədə həmçinin qeyd olunur ki, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. ƏDV əməliyyatı həyata keçirən yerli banklar və ya xarici bankların Azərbaycan Respublikasındakı filialı tərəfindən alıcının hesabından hesablanaraq tutulmalıdır.

Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezidentə məxsus elektron pul kisəsində yaradılmış hesaba pul köçürərkən yerli banka və ya əməliyyatları həyata keçirən xarici bankın filialı həmin rezidentdən köçürülən məbləğin 10 faizi həcmində ödəmə mənbəyindən vergi tutmalıdır.

Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (əmək haqqı istisna olmaqla) qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir hesab edilir. Bu halda belə əməliyyatlardan mənfəət əldə edən şəxs vergi ödəyicisi kimi uçota alınmalı və Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq növbəti ilin mart ayının 31-dək 14 faiz mənfəət vergisi ödəməlidir.

Göründüyü kimi, kriptovalyuta bazarında iştirakçılığı tənzimləyən hüquqi baza olmasa da, Azərbaycanda qanunvericiliyin bu fəaliyyəti qadağan etməməsi ölkədə yeni bazarda iştirakçılığın, onunla yanaşı isə dələduzluq və qanunsuz fəaliyyət faktlarının artmasına gətirib çıxarır. Bir çox ekspertlər hesab edirlər ki, vətəndaşları fırıldaqçılardan qorumaq üçün ölkədə müvafiq hüquqi baza formalaşdırılmalıdır. Hətta bəzi mütəxəssislər belə baza olarsa, kriptovalyuta bazarının inkişafı sayəsində Azərbaycana investisiya axınının da yaranacağını iddia edirlər.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, kriptovalyuta bazarının tənzimlənməsi üçün müvafiq hüquqi bazanın formalaşdırılması hazırda bütün dünyada aktual problem olaraq qarşıda durur: “Əksər mərkəz banklar bu istiqamətdə nələrsə etməyə çalışırlar, lakin ortada hələlik tam formalaşmış konkret təcrübə yoxdur.  Bu baxımdan, hətta Azərbaycan istəsə belə, hüquqi baza üçün uğurlu bir təcrübə yoxdur ki, istinad etsin. Ümumiyyətlə, Azərbaycanda indiki şərtlər daxilində bu sahədə hansısa addımların atılması gözlənilən deyil. Mərkəzi Bankın da açıqladığı kimi, hələlik bazar öyrənilir, xarici ölkələrdəki proseslər izlənir. Gələcəkdə uğurlu praktika olarsa, onun tətbiqinə üstünlük verilməsi məcburiyyəti yaranacaq”.

Ekspert bildirir ki, bütün bazarlar kimi, kriptobazarda da yatırımlarda udanlar və uduzanlar olur: “Düşünürəm ki, bazarda yüksək volatillik olduğu aralarda bu sahəyə yatırımdan yayınmaq daha uğurlu olar. Hazırda volatillik çox güclüdür, qlobal risklər fonunda investisiyaların yerdəyişməsi baş verir. Belə vaxtlarda müvəqqəti olaraq kapitallaşma artır, bahalaşma yaranır. Kriptovalyuta bazarını təhlükəli edən daha bir məqam onun arxasında real iqtisadiyyatın dayanmamasıdır. Buna görə də investorlara məsləhətim o olardı ki, investisiyalarını diversifikasiya etsinlər. Təcrübə göstərir ki, belə qiymət artımlarından sonra kəskin enmələr başlayır və bu, çoxsaylı investorların böyük itkilərə məruz qalmasına səbəb olur”.

WhatsApp Image 2024-03-15 at 18.00.42.jpeg (76 KB)

Eldəniz Əmirov

İqtisadçı-ekspert Eldəniz Əmirovun fikrincə, kriptovalyuta bazarında xidmət təklif edən şirkətlərin mövcudluğu hələ bu bazarın dövlət üçün lazım olduğu anlamına gəlmir: “Hüquqi bazadan əvvəl hər bir dövlətin kriptovalyuta ilə bağlı yanaşması, konsepsiyası olmalıdır: Azərbaycana bu lazımdırmı? "Lazımdır" deyə bir qərar alınarsa, ondan sonra hüquqi bazanın yaradılmasına başlana bilər. Hazırda elə bir dövlət yoxdur ki, kriptovalyutanı qəbul etsin - ayrı-ayrı iş adamları, banklar və sair dövlətlərin mövqeyi deyil". 

Ekspert hesab edir ki, kriptovalyuta bazarında iştirakçılıq Azərbaycana investisiya gətirilməsi üçün müsbət rol oynaya bilməz: “Bu bazar əksinə, Azərbaycandan xaricə investisiyanı artırır. Azərbaycandan bu bazarda iştirak edən, qazanan adamlar var. Hansı biri, məsələn, Bitkoini indiki baha qiymətə satıb ölkə iqtisadiyyatına investisiya edir? Heç biri. Bu baxımdan, kriptovalyuta bazarının inkişafının ölkəyə investisiya gətirəcəyi barədə deyilənlər yanlışdır.

Bu gün kriptovalyuta “şar”ları 2,5 trilyon dollara qədər şişib, amma bir gün partlayacaq. Udanlar ən sonda sata bilənlər, uduzanlar isə son məqamda hələ də oynayanlar olacaq".

E.Əmirov qeyd edir ki, insanları kriptovalyutanın gələcəyinə əsas 3 yanlış səbəb inandırır: “1. İnsanların beyninə "Kriptovalyutanın arxasında mayninq kimi dəyər yaradan proses durur" kimi bir absurd fikrin yeridilməsi; 2. Bəzi yerlərdə (bank və digər alış-verişdə) kriptovalyuta ilə ödənişlərin qəbul edilməsi; 3. Tanınmış insanların (milyarderlərin) kriptovalyutalara investisiya etməsi (alması).

Başlayaq yalançı dəyərdən: Mayninq ciddi xərc tələb edən proses olsa da bunun yaratdığı dəyər yoxdur. Yüksək texnologiya və boşuna enerji xərclənməsi hələ dəyərin yaradılması deyil.   Bu, sadəcə, komedik təəssuratdır. O ki qaldı kriptovalyuta ilə ödəniş məsələsinə... Bəli, bəzi banklarda və ödəniş yerlərində kriptovalyutalardan ödəniş kimi istifadə edilməsinə də rast gəlinir. Bunu xüsusi avantaj kimi qiymətləndirmək böyük yanlışlıqdır. Dövriyyəsini artırmaq istəyən bank və ya digər subyektlər bunu düşünərək edirlər. Bu yolla onlar həm dövriyyəni (alış-veriş həcmini) artırır, həm də heç vaxt olmadığı kimi reklam olunur. Sonra da insanlardan qəbul etdiyi kriptovalyutanı konvertasiya edirlər. Yəni bunu edən banklar və digər şirkətlər hər dəqiqliyi hesablayır və təhlükəsiz xidmət diferensasiyası ilə riskləri idarə edir. Yanlış inam yaradan üçüncü səbəb isə tanınmış milyarderlərin kriptovalyutaya investisiya qoymasıdır (almasıdır). Amma gəlin, əvvəlcə baxaq görək, bu pul onun pulunun neçə faizidir? Bu onun ümumi vəsaitinin heç 1 faizi belə deyil. Adamın yüz milyardı var, yarım milyard kriptovalyutaya pul xərcələyir. Bu cəmi 0.5 faiz deməkdir, sanki 100 dollardan olan adam 50 sent kriptovalyutaya xərcləyir. Onlar yaxşı bilir ki, yarım milyard xərcləməklə kriptovalyutaya insanların inamını artıracaq və insanlar düşünəcək ki, əgər filan milyarder yarım milyard pul xərcləyirsə, onda mən niyə min manat xərcləməyim ki (?) Beləcə, insanlar cibində olan 1500 dollardan  1000 dollarını kriptovalyutaya xərcləyir. Bununla da həmin milyarder öz vəsaitinin 0.5 faizini xərcləməklə sadə insanlara vəsaitlərinin 66 faizini xərclətməyi bacarır və kriptovalyutaya tələbi artıra bilir, nəticədə kriptovalyuta  əvvəlki dəyərindən  3 dəfə bahalaşır. Bu zaman yarım milyard qoyan milyarder kriptovalyutasını sataraq,  1.5 milyard qazanır". 

Ekspertin fikrincə, insanların “sabun köpüyü”nə 2,5 trilyon dollardan çox xərcləməsi həm də dünyanı idarə 3-5 nəfərə sərf edir: “Qeyd edim ki, bu oyundan qazanan təkcə həmin 3-5 nəfər deyil. Orta ranqlı insanlar, hətta dövlətlər də yararlanır.  Məsələn, dünən Salvador prezidenti bitkoini dövlətin rəsmi valyutasına çevirməyə qərar verib. Bu ölkə Şimali Amerikada yerləşir, əhalisi 7 milyondur.  Qvatemala və Hondurasın qonşusudur. Adambaşına düşən nominal ÜDM-ə görə dünyada 146-cı yerdədir. Ən bərbadı isə onun öz milli valyutası belə yoxdur. Bir sözlə, ölkə "kripto şarları"ndan xilas yolu kimi istifadə etməyə qərar verib". 

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR