Onlayn ictimai-siyasi qəzet
Proqnozlaşdırılan iqlim dəyişiklikləri əlavə təzyiq amilləri yaradacaq ki, bu da Azərbaycanda yağış suyu ilə qidalanan bitkilərin məhsuldarlığının 2051-2060-cı illərədək tədricən, lakin 1995-2014-cü illərin baza səviyyəsindən isə kəskin şəkildə, yəni, 30 faizədək azalmasına gətirib çıxaracaq. Kartof, şəkər çuğunduru və meyvələr daha çox təsirə məruz qalacaq.
Bu barədə Dünya Bankının Azərbaycanla bağlı rəqəmlərində qeyd olunub.
Bundan başqa, hesabatda qeyd olunub ki, Azərbaycanın mərkəzi rayonlarındakı əkin sahələrinin çoxu su qıtlığı ilə üzləşəcək. Bərdə, Ağcabədi, Saatlı, Kurdəmir, Biləsuvar, Netfçala, İmişli, Yevlax, Sabirabad və Salyan və dağlıq ərazilərdəki yağışla qidalanan və suvarma sxemləri ilə təchiz edilməyən Qarabağ, Şəki-Zaqatala və Dağlıq Şirvanda bitkilər daha ciddi təsirlərlə üzləşəcək. Ölkənin cənub əraziləri olan Cəlilabad və Masallı da risk altındadır.
Dünya Bankının bu proqnozları özünü doğruladacaqmı? Azərbaycanda qabaqlayıcı nə kimi addımlar atılmalıdır?
Ekoloq Rövşən Abbasov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bununla bağlı proqnozlar var:
“Bizim də belə bir proqnozumuz var. Hesablamışıq ki, əgər bu gün heç bir iş görməsək, su stressi indeksi iki dəfədən çox arta bilər. Bu da Mərkəzi Aran rayonlarında su çatışmazlığı fonunda baş verəcək. Azərbaycan öz kənd təsərrüfatı ehtiyaclarının çoxunu suvarma kənd təsərrüfatı hesabına yerinə yetirir. Bu da ölkənin mərkəzi rayonlarındadır. Ümumiyyətlə, demək olar ki, bütün rayonlardadır. Suvarma əkinçiliyi isə bizim ən zəif yerimizdir. Məsələ burasındadır ki, biz getdikcə daha çox sular götürərək öz ərzaq ehtiyacımızı ödəyirik. Lakin bilməliyik ki, bizim də su mənbələrinin hansısa bir tükənəcəyi gün var. Bunun artıq müasir dövrümüzdə şahidi olmuşuq. Ən böyük su mənbəyimiz olan Kür çayında belə su qurtarıb. Bir neçə il əvvəl biz Kür çayının qurumasının şahidi olduq. Su stressi indeksinin 100 faizdən çox olması o deməkdir ki, əlimizdə olan bütün suları artıq istifadə edirik. Lakin unutmamalıyıq ki, çayların özünün də ekosistem ehtiyacları var. Ona görə də təcili şəkildə su ehtiyatlarından istifadə üzrə strateji planlar hazırlamalıyıq. Bu planlar təkcə bizim suya olan ehtiyacımızı yox, həm də təbiətin suya olan ehtiyaclarını nəzərə almalıdır. Biz əgər çaylarda olan suyun hamısını götürsək, təbiətimiz də məhv olur. O səbəbdən bu planların hazırlanmasında həm dövlət tərəfindən, həm qeyri-hökumət təşkilatlar tərəfindən birgə işin görülməsini gözləyirik”.
Qeyd edək ki, iqlimin Azərbaycana təsiri məsələsinə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən COP-28 çərçivəsində Ümumi Qadınlar Birliyinin sədri Şeyxa Fatimə Bint Mübarəkin himayəsi altında “Qadınlar tərəqqiyə liderlik edir: Su və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda keçirilən panel iclasda da toxunulub.
İclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bu məsələ ilə bağlı qeyd edib:
“Biz görürük ki, iqlim dəyişikliklərinə görə Kür, Samur, Araz çaylarında suyun səviyyəsi aşağı düşür. Volqa çayında suyun səviyyəsi enir və bu, Xəzər dənizinə də təsir edir. Biz ötən 7-8 ildə Azərbaycanda quraqlığa şahid olmuşuq və bu da aqrar sahəyə təsirini göstərir. Hökumət ölkədə 10 su rezervuarı yaratmağı planlaşdırır və bununla problem həll olunacaq. Digər məsələ isə odur ki, təəssüf, biz ölkəmizin ərazisinin 20 faizinin 30 il ərzində işğal altında qaldığı dövrdə həmin torpaqlardakı su ehtiyatlarımızdan məhrum olmuşduq”.
Kənd Təsərrüfatı Nazirlyinin (KTN) Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev mövzu ilə bağlı fikirlərini “Yeni Müsavat”a açıqladı:
“Dünya Bankının həmin hesabatı ilə mən də tanış olmuşam. Hesabatda göstərilənlər heç də nikbin gələcək vəd etmir. Kənd Təsərrüfatı Nazirliyi olaraq biz də bu problemləri bilirik. Bizim strategiyamızda da bu məsələlər yer alır. Kənd təsərrüfatının inkişaf strategiyasını adaptasiya tədbirlərinə uyğun aparırıq. Su qıtlığına gəldikdə isə yağıntıların azalması qlobal səviyyədə müşahidə olunan tendensiyadır. Bütün dünyada bu proses gedir. Azərbaycan da su qıtlığından əziyyət çəkən ölkə olaraq daha çox bu təsirlərə məruz qala bilər. Bu proqnozlarda da aydın görünür. Bu hansı sektora daha çox təsir edəcək? Təbii ki, öz strategiyamızda bunu da nəzərə alırıq. Belə ki, dəmyə əkinçilik birbaşa təbiətdən asılıdır. Zamanla dəmyə əkinçilikdə suvarılma imkanlarının təhlillərini aparırıq ki, hansı sahələri suvarılan ərazilərə çevirə bilərik. Harada suvarma imkanları var, həmin təklifləri Dövlət Su Ehtiyatları Agentliyi ilə birlikdə Su Komissiyasına təqdim edirik. Deyərdim ki, son üç ildə, 2020-ci ildən Prezidentin müvafiq sərəncamı ilə Su Komissiyası yaradıldı. Bu komissiyada ölkə üzrə bütün su məsələləri tənzimlənir, aidiyyəti qurumlar, o cümlədən KTN də bu komissiyada təmsil olunur. Burada, yəni hansı ərazilərdə su qıtlığı yaranarsa, həmin ərazilərin su təminatının yaxşılaşdırılması istiqamətində ilkin tədbirlərin görülməsinə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də bu istiqamətdə işlər aparılır və yaxın gələcəkdə bütün bu atılan addımlar və görülən işlər öz nəticəsini verəcək”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ