Onlayn ictimai-siyasi qəzet
Bu il yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 449,1 milyon manat təşkil edib. “Yeni Müsavat” Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz çoxdur - həmin vaxt problemli kreditlərin həcmi 437,8 milyon manat təşkil etmişdi.
Məlumata görə, 2024-cü il yanvarın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,5 faiz təşkil edib. Ümumi kredit portfelində problemli kreditlərin payının azalması portfelin özünün həcmindəki artımla bağlıdır. Belə ki, 2025-ci ilin 1 yanvarında Azərbaycanda bütün mənbələrdən(banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları) kredit qoyuluşlarının ümumi həcmi 29 milyard 288,2 milyon manat təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 milyard 309,1 milyon manat və ya 22,1 faiz çoxdur. Ölkədə ən çox artım ev təsərrüfatlarına verilən kreditlərdədir. 2024-cü ilin əvvəlində 14 milyard manat olan bu kreditlər 2025-ci ilin əvvəlində 17 milyard 31 milyon manata yüksəlib.
Ayrı götürdükdə, 2024-cü ildə bankların kredit portfeli 4 milyard 294.7 milyon manat artıb. Bu artımın böyük hissəsi biznes kreditlərindən (2 milyard 170.4 milyon manat), istehlak kreditlərindən (1 milyard 508 milyon manat) və ipoteka kreditlərindən (616.4 milyon manat) əldə edilib. Ötən il ərzində banklar istehlak kreditlərini 18.2 faiz artıraraq 14 milyard 787 milyon manata çatdırıblar.
Qeyd edək ki, 2015-2016-cı illərdəki devalvasiya nəticəsində yaranan problemli kredit böhranından sonra Azərbaycanda belə kreditlərin həcmi, demək olar ki, hər il azalıb. Buna görə də ötən il artımın qeydə alınması müzakirələrə səbəb olub.
Mərkəzi Bankın açıqladığı statistikadan aydın olur ki, ötən il problemli kreditlərlə yanaşı, istehlak kreditlərinin faizlərində də artım qeydə alınıb. Belə ki, 2025-ci il 1 yanvar tarixinə istehlak kreditlərinin milli valyutada, orta faiz dərəcəsi - kredit kartı vasitəsilə verilən kreditlər üzrə 26 faiz, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 25 faiz, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 16 faiz, avtomobil kreditləri üzrə 10 faiz və digər istehlak kreditləri üzrə 20 faiz təşkil edib. Bu isə o deməkdir ki, illik müqayisədə istehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi - yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər və avtomobil kreditləri 1 faiz bəndi azalıb, kredit kartı vasitəsi ilə verilən kreditlərdə 2 faiz bəndi, digər istehlak kreditlərində isə 3 faiz bəndi artıb. Bu dövrdə məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlərin faizi dəyişməyib.
Bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi isə 35 faiz təşkil edib. Bu faiz dərəcəsi gündəlik (qısamüddətli), yaşayış sahəsinin alınması və tikintisinə verilmiş kreditlərə aid edilmir.
İstehlak kreditlərinin faizlərindəki artım ölkə üzrə bankların faiz gəlirlərində artıma mühüm təsir edib. Belə ki, 2025-ci il yanvarın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 3 milyard 969,8 milyon manat olub. Həmin göstərici ötən ilin dekabrın 1-nə olan dövr ilə müqayisədə 371,2 milyon manat və ya 10 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə 476,9 milyon manat və ya 14 faiz çoxdur. 2024-cü il yanvarın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 3 milyard 492,9 milyon manat olmuşdu.
Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun “Yeni Müsavata”a dediyinə görə, problemli kreditlərin artmasının bir neçə səbəbi var: “Birinci səbəb odur ki, kreditlərin həcmi artıb. Yəni verilən kreditlər artırsa, risklər də artır. İkinci və mənim fikrimcə, daha real səbəb ölkədə iqtisadi vəziyyətin pisləşməsi, biznesin, əhalinin ödəniş qabiliyyətinin aşağı düşməsidir. İnflyasiya gedir, xərclər artır, gəlirlərin artımı bunlardan zəif olduğuna görə əhalinin və biznesin borc qaytarmaq imkanları məhdudlaşır”.
Ə.Həsənova görə, problemli kreditlərin həcmindəki artım daha da sürətlənəcək: “Çünki iqtisadi vəziyyətin yaxşılaşması üçün şərtlər yoxdur. Bu şəraitdə aldığı krediti qaytarmaq imkanlarını itirənlərin sayı çoxalacaq. Bunun qarşısını bir neçə yolla almaq olar: birincisi, kredit şərtlərini ağırlaşdırmaqdır. Buna gedilməsini real saymıram, çünki kreditləşmənin azalması iqtisadi aktivliyi daha da aşağı salacaq. Bu səbəbdən də düşünürəm ki, ikinci variantı seçəcəklər - Mərkəzi Bank tərəfindən nəzarətin gücləndirilməsi”.
İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, problemli kreditlərin həcmindəki artımın təhlükəli hesab edib-etməmək fərqli yanaşmalardan irəli gəlir: “2023-cü ilin sonunda ölkədə kredit portfelinin həcmi 23 milyard 979 milyon manat, problemli kreditlərin həcmi isə 437 milyon manat - yəni ümumi portfelin 1,8 faizini təşkil edib. 2024-cü ilin sonuna kredit portfelinin həcmi rekord səviyyəyə çatıb. Buna görə də problemli kreditlərin həcmi artsa da, onun ümumi portfeldə çəkisi azalıb. 2020-ci ilin yanvarında problemli kreditlərin həcmi 1 milyard 386 milyon manat, 2021-ci ildə 921 milyon manat, 2022-ci ilin yanvarında 706 milyon manat olub. Yəni son illərdə həm problemli kreditlərin real həcmi azalıb, həm də onun ümumi portfeldə payı. Bu baxımdan problemli kreditlərin indiki həcmi, hətta artım olsa belə, təhlükəli səviyyədə deyil, sistem üçün hər hansı təhdid formalaşdırmır”.
Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda istehlak kreditlərinin faizlərində artım da qeydə alınmaqdadır. Əksər mütəxəssislər bu artımın əsas səbəbi kimi cəlb olunan depozitlərin faizlərinin yüksəlməsini göstərirlər. “AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklaurinin dediyinə görə, bankların depozitlər üzrə xərcləri xeyli artıb və xərclərin nəzərəçarpacaq dərəcədə artması iri banklar üçün likvidlik məsələsini gündəmə gətirib: “Hazırda illik depozit üçün təxminən 12 faiz gəlir təklif edilir. Halbuki bir il əvvəl bu rəqəm təxminən 9-10 faiz idi. Əlavə vəsait cəlb etmək üçün banklar depozit faizlərini artırdılar və bu da onların xeyrinə oldu”.
Davit Tsiklauri qeyd edib ki, müştərilər əvvəllər daha yüksək faiz əldə etmək üçün kiçik banklara üz tuturdularsa, indi əmanətlərini daha çox iri banklarda cəmləyirlər: “Hal-hazırda demək olar ki, bütün bazar 12 faiz təklif edir və bu, artıq standart hala çevrilib. Bir neçə il əvvəl iri bankların belə rəqabətli depozit faizləri təklif edəcəyini təsəvvür belə etməzdim, amma bu, indi reallıqdır”.
İdarə Heyətinin sədri bu amilə əsasən bahalı depozitləri xarici borclanma ilə əvəz etməyə üstünlük verdiklərini vurğulayıb: “Depozitləri tamamilə xarici maliyyələşmə ilə əvəz etməsək də, balansımızda daha uzunmüddətli maliyyə mənbələrinə yer ayırmışıq. Xarici borclanma, adətən, 3-5 illik müddətə olur, halbuki depozitlərin əksəriyyəti 12-18 aylıqdır. Bu isə maliyyə strukturumuzu daha sabit və etibarlı edir”.
Bank rəhbərinə görə, depozit faizlərinin aşağı salınması gözlənilmir: “Qısamüddətli dövrdə, yəni bu il depozit faizlərinin azalmasını gözləmirəm. Bunun əsas səbəbi likvidlik ehtiyacının davam etməsidir”.
O bildirib ki, ölkə banklarının çoxu keçən il ərzində 20-25 faiz artım göstərib: “Mən bu artım tendensiyasının davam edəcəyini, ümumi sektor üzrə ən azı 15-20 faiz artım olacağını gözləyirəm. Geosiyasi baxımdan dəyişkən bir regionda yerləşməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatı nisbətən güclüdür. Məsələn, bəzi yaxın qonşuların iqtisadiyyatları real ifadədə 7-9 faiz böyüyüb. Belə bir performans həm Azərbaycana, həm də qonşu ölkələrə müsbət təsir edir. Çünki bəzi sektorlar ölkələr arasında, xüsusən də logistika, ticarət, əmtəə bazarlarında bir-biri ilə əlaqəlidir. Məsələn, Azərbaycanın qeyri-neft iqtisadiyyatı COVID-dən sonrakı yavaşlamadan sonra hər il ardıcıl olaraq orta tək rəqəmli faizlə genişlənir və əgər bu iqtisadiyyat real ifadədə illik 4-5 faiz artmağa davam edərsə, bankların nominal ifadədə asanlıqla 15 faiz artım göstərə biləcəyini düşünürəm. Belə bir artımla banklar kredit fəaliyyətlərini dəstəkləmək üçün əlavə likvidliyə ehtiyac duymağa davam edəcək”.
Bank sədri vurğulayıb ki, yerli valyuta likvidliyinin çatışmazlığı davam edərsə, depozit faizlərinin daha da artması mümkündür(APAEkomoniks).
Göründüyü kimi, yaxın dövrdə ölkədə depozit faizlərinin, onlara səbəb kredit faizlərinin yüksəlməsi gözlənilir. Bu isə problemli kreditlərin artımını daha da sürətləndirə bilər.
Dünya SAKİT,
“Yeni Müsavat”
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ