İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda hər ailədə 5 uşaq olması təklifi - dövlət və vətəndaşlar nə deyir?

Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatda qələbədən sonra önümüzdə atılacaq addımların olduğunu deyib:

Sitat: “Bu addımlar da uğurla atıldıqca Azərbaycan daha da uğurla irəli gedəcək. Mən Türkiyədə əhalinin artımı üçün bir ailədə 3 uşaq deyirəm, Azərbaycanda əhalinin artımı üçün isə hər ailədə 5 uşaq deyirəm. Bunu başardıqda, Azərbaycan daha güclü olacaq. Əhali ölkənin gələcəklə bağlı paradiqmasını dəyişdirir ”.

Türkiyə Prezidenti qeyd edib ki, Türkiyə-Azərbaycan qardaş dövlətlər kimi gələcəkdə birlikdə inkişaf edəcək: “İnşallah, Türkiyə-Azərbaycan qardaşlığını çox fərqli yerlərə daşıyacağıq”.

Əlbəttə, millətin sayının artması arzuolunandır. Nəzərə alsaq ki, Qarabağda daha çox əhali məskunlaşdırmalıyıq və qarşıda böyük ideyalar var, əhalinin sayının sürətli artması məqsədlərə müvafiqdir.

Ancaq o da gizli deyil ki, Azərbaycanda ailələr illərdir uşaqları demək olar ki, hökumətin maddi dəstəyi olmadan böyüdür. Yəni uzun illərdir uşaq pulu məsələsi qaldırılır, 3, 4-cü uşağa görə mükafatlar verilməsi təklif olunur, ancaq reallaşmır. Sosial siyasət həyata keçirən qurumlar bundan boyun qaçırır. Qeyd edək ki, əksər dövlətlərdə, hətta Rusiyada belə ikinci, üçüncü uşağa görə dövlət böyük yardımlar edir, hər uşağa görə aylıq müavinət ödənilir. Ərdoğanın tövsiyəsini Azərbaycan cəmiyyəti necə qarşılayır? Habelə hökumət bu yöndə hansısa stimullaşdırıcı addımlar atmağı düşünə bilərmi?

Məlumat üçün deyək k, son ayların məlumatlarına görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 8098 nəfər artaraq 2022-ci il mart ayının 1-i vəziyyətinə 10164464 nəfərə çatıb. Cari ilin ilk iki ayı ərzində ölkədə 20462 doğulmuş körpə, 12557 ölüm halı qeydə alınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 8,2-dən 7,7-yə düşüb.

Fazil Mustafa güllələndi — Yenilənib

Fazil Mustafa: “Mexanizm olmadan daha çox kriminal çevrənin, yaxud da baxımsız uşaq sayının artmasına nail olacağıqsa, bu bizə lazım deyil”

Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bununla bağlı hökumət addımlar atmalıdır: “Uşaqların sayının çox olması Azərbaycanın demoqrafik vəziyyəti üçün olduqca vacibdir. Biz çoxömürlü, çoxuşaqlı ölkə kimi özümüzü tanıdırıq. Amma faktiki olaraq uşaqların sayı çox ailələrdə biri, ikini keçmir. Bu da gələcək nəslin həm artımına, həm formalaşmasına, həm insan potensialının zəifləməsinə gətirib çıxaran əsas amillərdən biridir. Bu istiqamətdə mütləq düşünmək lazımdır. Hesab edirəm ki, bu çağırış yerində edilmiş çağırışdır. Azərbaycanda bu çağırış bir neçə istiqamətdə özünü göstərməlidir. Çoxuşaqlı dedikdə təbii ki, dövlət, cəmiyyət tərəfindən kənara atılmaması, onların sağlam böyüməsi və cəmiyyət üçün faydalı insan olması mexanizmləri düşünülməlidir. Mexanizm olmadan daha çox kriminal çevrənin artmasına nail olacağıqsa, yaxud da baxımsız uşaq sayının artmasına nail olacağıqsa, bu bizə lazım deyil. Bu baxımdan, hərtərəfli struktur qurulmalıdır. Sosial infrastruktur qurulmalıdır. Yüzlərlə aliment almayan uşaq var, onların taleyi qaranlıqdır. Dolanışıq bir atadan, ya da anadan asılıdrsa, böyük çətinlik içində yaşamalı olurlar. Valideynini itirmiş nə qədər uşaq var, onlar böyük bir faciə yaşayırlar. Ona görə də onların təminatını vermək lazımdır. Eyni zamanda indi Azərbaycanda narkomaniyaya qarşı da çağırış etmək lazımdır. Buna qarşı mübarizə yetərli deyil. Bu da bizim üçün böyük bir faciənin kandarında olduğumuzun göstəricisidir”.

Sahib Məmmədov (siyasətçi) — Vikipediya

Sahib Məmmədov: “Azərbaycanda ciddi problem əhalinin cins tərkibinin dəyişməsidir”

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, hazırda Azərbaycanda əhali artımı ilə bağlı problem yoxdur: “Əhali sayı dünya göstəriciləri üzrə artım tempinə görə qabaqcıl ölkələr sırasındadır. Azərbaycanda ciddi problem əhalinin cins tərkibinin dəyişməsidir. Qadınların sayının azalması, kişilərin sayının artmasıdır. Bu gün üçün artıq Azərbaycanda reproduktiv qadınların sayı kişilərin sayından azdır. Bu, gələcəkdə bizim üçün təhlükəlidir. Bunun kökündə selektiv abortlar durur. Elektromaqnit aparatla yoxlayıb cinsi əvvəldən müəyyən edirlər, qız olanda onu abort etdirirlər, hamiləliyə son qoyurlar. Bunun nəticəsi olaraq Azərbaycanda sürətlə əhalinin cins tərkibi dəyişir. Bu, gələcəkdə, 15-20-30 ildən sonra demoqrafik vəziyyətə mənfi təsir göstərə bilər. Bu gün üçün əhali artımında elə bir problem yoxdur. Hər min nəfərə pandemiyadan əvvəl 8.3 nəfər artırdı. Bu, dünyada ən qabaqda olan ölkələrdə, misal üçün, Rusiyada sıfır həddindədir, doğuşla ölümün arasında nisbət eynidir. Bu da əhalinin qocalmasına, yaş tərkibinin dəyişməsinə gətirir. Məsələn, Macarıstanda mənfi yeddidir. Əhali hər min nəfərə azala-azala gedir. Dünyanın xeyli ölkələri var ki, orada göstərici mənfidir, əhali azalmaqda davam edir. Azaldıqca da qocalır. Ona görə də bizdə problem yalnız mənim dediyim məsələdir”.

Ekspert uşaqlara müavinətin verilməsi məsələsinə də fikir bildirdi: “Təminatsız ailələrdə uşaqlara müavinətin verilməsi yaxşı olardı. Bizdə 11 növ uşaq müavinəti verilir. Amma bunların miqdarı azdır. Ona görə də hesab edirəm ki, stimullaşdırıcı tədbirlər görülməlidir. Misal üçün, ailədə doğulan qız uşaqları üçün birdəfəlik ödənişlər daha çox olsa, yaxşı olardı. İkinci qız uşağına görə dövlət 10 min ödəniş edə bilər. Yaxud da xüsusi müavinət təyin edə bilər ki, qızların sayı artsın. Bizdə əsas problem bundan ibarətdir”. 

Niyə atamın ölümünü sübut etməliyəm?! - Tanınmış ekspert

Samir Əliyev: “Azərbaycanda uşaqlar 1990-cı ildə əhalinin 38,5%-ni, 2021-ci ildə 23,9%-ni təşkil edib”

İqtisadçı Samir Əliyev də Azərbaycanda demoqrafik vəziyyətin qənaətbəxş olduğunu bildirib. O, bunu Türkiyə ilə Azərbaycanın demoqrafik vəziyyətinin müqayisəli şəkildə statistikasında göstərib: “TurkStat-ın məlumatına görə, 2022-ci ildə Türkiyədə uşaqların (0-17 yaş) ümumi əhalidə payı 26,5% olub. Halbuki 1970-ci ildə bu göstərici 48,5%, 1990-cı ildə 41,8% olub. Proqnozlar ürəkaçan deyil. Çünki proqnoza görə, 2030-cu ildə əhalinin 25,6%-i, 2040-cı ildə 23,3%-i, 2080-ci ildə 19%-i uşaqlardan ibarət olacaq.

Azərbaycanda uşaqlar 1990-cı ildə əhalinin 38,5%-ni, 2021-ci ildə 23,9%-ni təşkil edib. Yəni proqnozlar özünü doğrultsa, Türkiyədə demoqrafik vəziyyət təxminən 2040-cı ildə Azərbaycandakı həddə çatacaq.

Fertillik əmsalına (ümumi nəsilvermə əmsalı) gəlincə, Azərbaycanda 1990-cı ildəki 2,77-dən 2021-ci ildəki 1.52-yə düşüb. Türkiyədə analoji göstərici 2008-ci ildə 2,38 olduğu halda 2022-ci ildə 1,62-yə düşüb. Türkiyədə ən yüksək göstərici Şanlıurfada (3,59), ən aşağı göstərici isə Kütahyada (1,18) qeydə alınıb. Türkiyə xəritəsinə baxsaq, ən aşağı göstəricilər şimal, şimal-qərbi və şimal-şərqi ərazilərdə, ən yüksək göstəricilər isə cənub, cənub-şərqi və şərq ərazilərdə olub.  2021-ci ildə Azərbaycanda ev təsərrüfatlarının orta ölçüsü 4,12, Türkiyədə isə 3,23 olub".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR