Onlayn ictimai-siyasi qəzet
Bakıda özəl tibb müəssisələrinin birində əməliyyat zamanı "TikTok" platformasında canlı yayım açılması ilə bağlı görüntülər yayılıb.
Görüntülərdən məlum olur ki, əməliyyat edən həkimlərdən biri yazılan şərhləri oxuyur və cavablandırır. Otağa isə təmizliklə bağlı tez-tez girib-çıxan əməkdaşlar var. Bu hadisə izləyicilərin tənqidinə səbəb olub.
Bəs görəsən, əməliyyat zamanı canlı yayıma niyə icazə verilir? Özəl müəssisələrə nəzarət edən hansısa qurum varmı?
Musavat.com bildirir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu belə cavablandırıb:
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur.
TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. Özəl tibb müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və nəzarətin həyata keçirilməsi TƏBİB-in səlahiyyətləri daxilində deyil".
Məsələ ilə bağlı əməliyyatda iştirak edən və canlı yayımda üzü görülən Rauf Rəhimli ilə əlaqə saxladıq.
O, saytımıza açıqlamasında bu fikirləri səsləndirib:
"Bildirmək istəyirəm ki, canlı yayım əməliyyat bitdikdən sonra açılıb. Yayımda əməliyyat icra olunmur. Sadəcə, yara silinir və sarğı edilir. O proses yanımızdakı tibb bacısı tərəfindən icra olunur və mən sadəcə, ona nəzarət edirəm. Yayımda mənim tərəfimdən heç bir əməliyyat icra edilmir. Mən cərrahi assistent olaraq prosesə köməklik edirdim. Yayımın məqsədi insanlara cərrahi əməliyyatların qorxulu olmadığını bildirməkdir".
22 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ