Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Əmək Konfransının 112-ci sessiyasında (Cenevrə) iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sessiya çərçivəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilbert Hunqbo ilə görüşüb.
Bu barədə Musavat.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, S.Babayev Azərbaycanın BƏT-in 60-dək Konvensiyasına, o cümlədən 10 fundamental Konvensiyasından artıq 9-na qoşulduğunu diqqətə çatdırıb. Bildirilib ki, daha iki Konvensiyanın ratifikasiyası ilə bağlı işlər aparılır, digər bir sənədin isə ratifikasiyası imkanları qiymətləndirilir. BƏT-lə birgə ötən dövrdə Layiqli Əmək üzrə iki Ölkə Proqramı uğurla icra edilib. Növbəti Layiqli Əmək üzrə Ölkə Proqramının da layihəsi hazırlanıb.
Azərbaycanda aparılan sosial islahatlar barədə məlumat verilib. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığı, Böyük Qayıdış Proqramı çərçivəsində doğma yurdlarına qayıdan insanlarla bağlı həyata keçirilən aktiv məşğulluq proqramları qeyd edilib.
J.Hunqbo Azərbaycanın BƏT-lə fəal əməkdaşlığını daim genişləndirmək təşəbbüslərini yüksək dəyərləndirib, ölkəmizdə sosial sahədə aparılan islahatların təqdirəlayiq olduğunu bildirib.
Sessiya çərçivəsində BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Beate Andrees ilə də görüş olub. Hazırlanmış yeni Ölkə Proqramı layihəsinə dair fikir mübadiləsi aparılıb.
Hər iki görüşdə Azərbaycanla BƏT arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ