Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin son plenar iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Dəyişikliyə əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı min vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə birləşdirilir. Eyni zamanda birləşmə və ayrılma nəticəsində əhalisinin sayı 3 min nəfərdən (və ya) ev təsərrüfatlarının sayı min vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir. Bu qanunun tələblərinə əsasən, bələdiyyələrin birləşmə ilə bağlı Milli Məclisə təqdim etdikləri rəylərə baxılıb və nəticədə 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin sayının 685-ə endirilməsi nəzərdə tutulub. Dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a bildirib ki, bələdiyyə seçkilərinə iki ay qalıb və bu ərəfədə bələdiyyələrlə bağlı müəyyən dəyişikliklərin olacağı gözlənilirdi. Əsas dəyişiklik isə bələdiyyələrin birləşdirilməsi və bu yolla sayının azaldılması oldu:
“Hesab edirəm ki, ilkin baxışdan düzgün qərar qəbul olunub. Bələdiyyələrin birləşdirilməsi və sayının azaldılması yerli özünü idarəetmə qurumlarının operativ və səmərəli işləməsinə nail olmaq üçündür. Burada bir vacib məqam var ki, kimlər bələdiyyələrə seçiləcəklər? Bələdiyyələrin sayının iki dəfə azalması o deməkdir ki, bələdiyyə seçkilərində namizəd kimi iştirak edən insanların sayı da azalacaq. Bələdiyyələrin sayı çox olanda təsadüfi adamlar da namizəd olurdu və bələdiyyə üzvü də ola bilirdi. Sayın azaldılması bələdiyyə işi ilə məşğul olan adamların kəmiyyətinin azalması, keyfiyyətin isə artması demək ola bilər. Təcrübədə daha açıq görünəcək ki, bu dəyişikliklərin effekti necə olacaq. Bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyaların da işinə bələdiyyələrin sayının azaldılmasının necə təsir göstərəcəyini yaxın zamanlarda görəcəyik”.
Etibar Seyidağa,
Musavat.com
07 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ