İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda baytar və aqronom problemi - savadlı kadrlar tapılmır

“Ali məktəblərə yüksək bal toplayan abituriyentlər kənd təsərrüfatı ixtisasları üzrə getmirlər, çünki...”

Son illərdə Azərbaycan qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin inkişafı istiqamətində mühüm addımlar atılır. Heyvandarlıq və əkinçilik prioritet təşkil edir. Bəllidir ki, bu sahələrdə yeni metodikalar tətbiq olunur. Faraş meyvə bağları, qapalı heyvandarlıq təsərrüfatları önə çıxır. Habelə yeni taxıl sortlarının əkini, becərilməsi, xaricdən gətirilən cins heyvanların xüsusiyyəti fərqlidir. Bunun üçün savadlı mütəxəssislər - aqronom və baytarlar lazımdır.

Son illərdə fermerlərin qarşılaşdığı ciddi problemlərdən biri də məhz bu kadrların çox az olması ilə bağlıdır. Ölkədə bu ixtisasları bitirən xeyli şəxslər var. Amma onların əksəri bu işi bilmir. Ona görə də böyük fermerlər aqronom və fermerləri Rusiyadan, Türkiyədən gətirmək məcburiyyətində qalırlar. Kifayət qədər də yüksək maaş verirlər.

Yeri gəlmişkən, ötən il Türkiyədən olan aqronom və baytar həkimləri işlə təmin edilmişdi. Bu, iki ölkə arasında imzalanmış Anlaşma Memorandumunda və Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında öz əksini tapıb. Sənədə əsasən, fəaliyyətin icrasını Azərbaycan tərəfdən Kənd Təsərrüfatı Nazirliyi, Türkiyə tərəfdən isə Kənd Təsərrüfatı və Meşə Nazirliyi həyata keçirir.

Bəzi ekspertlər qeyd edir ki, aqrar sahədə 1990-cı illərdən bəri tənəzzül yaşandığına görə bu sahə ilə məşğul olan mütəxəssislər başqa sektorda çalışmağa başlayıblar. Sonrakı dövrdə isə aqrar sahə ilə məşğul olanların belə bir təəssüratı var idi ki, onların bu sahə üzrə yetərincə məlumatı var, həmin bilgiləri gələcək nəsillərə ötürə bilərlər. Ancaq sonradan məlum oldu ki, kənd təsərrüfatı sahəsi üzrə məşğul olmaq üçün müasir standartlara cavab verən kadrlara ehtiyac var. Aqrar mütəxəssislərin rəyi olmadan yüksək məhsuldarlıq əldə etmək mümkün deyil. Bu səbəbdən də bölgələrin bir çoxunda çalışan işçilər gübrə və digər preparatlardan hansı normada verilməsini bilmirlər.

Onu da nəzərə çatdıraq ki, Azərbaycanda fəaliyyət göstərən baytar, aqronom və akvakultura mütəxəssislərinin yeni peşəyə yiyələnməsi üçün imkan da yaradılıb. Dövlət tərəfindən tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində müstəqil aqrar sığorta eksperti olmaq istəyənlər üçün DİM test imtahanı keçirir. Azərbaycanda yeni tətbiq edilən aqrar sığorta mexanizmində müstəqil aqrar sığorta ekspertlərinin fəaliyyəti mühüm yer tutur. Qanunvericiliyə əsasən əkin sahələrinin, kənd təsərrüfatı heyvanlarının və balıqların sığortalanması zamanı ekspertlərin rəyi nəzərə alınır. Eləcə də sığorta hadisəsi baş verərkən hadisəni araşdırmaq və dəymiş zərəri qiymətləndirmək də müstəqil ekspertlərin vəzifəsinə aiddir. Müstəqil aqrar sığorta ekspertlərinin xidmətləri ödənişlidir - göstərdikləri xidmət müqabilində onlara Aqrar Sığorta Fondu tərəfindən xidmət haqqı, eləcə də təsərrüfatlara baxış üçün qət etdikləri məsafəyə görə yanacaq pulu verilir. Aqrar sığorta mexanizmi inkişaf etmiş ölkələrdə müstəqil aqrar sığorta eksperti peşəsi olduqca gəlirli fəaliyyət sahəsi sayılır. Məsələn, qardaş Türkiyədə aqrar sığorta ekspertlərinin aylıq gəliri orta hesabla 12-14 min TL arasında dəyişir.

Dövlət yerli aqronom və baytarların bilik və təcrübələrini artırmaq üçün proqram elan etməlidirmi? Bunun çıxış yolu nədir?

Eldəniz Əmirov: “Kənd təsərrüfatı sahəsində yaxşı mütəxəssis yetişdirmək üçün ölkədə yaxşı kənd təsərrüfatı olmalıdır”

İqtisadçı-ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Əgər ölkədə kənd təsərrüfatı mütəxəssislərinin yetişməsini, onların biliklərinin artırılmasını istəyiriksə, bunu bir-iki aylıq təlimlərlə həyata keçirmək mümkün deyil. Buna mütləq şəkildə müasir standartlara və zamanın tələblərinə cavab verən bir ali təhsil müəssisəsinin və eyni zamanda tədris proqram lazımdır, həmin proqramın da tədrisi lazımdır. PISA beynəlxalq təhsilin qiymətləndirməsi proqramı var. Məhz bu proqram regionda, ümumiyyətlə, dünyada ilk 800-lüyə daxil olan universitetlərin siyahısını hər zaman elan edir. Azərbaycan hazırda bu 800 universitet arasında yer almayıb. Amma yaxşı hal ondan ibarətdir ki, 2022-2026-cı illər üzrə olan strateji inkişaf planında məhz 26-cı yerdə azı 3 universitetin bu 800 universitet arasına düşməsi planlaşdırılır. Bu, sosial ədalətə əsaslanan, inklüziv bir cəmiyyətin qurulması naminə  bizim strateji inkişafımızda qeyd olunub. Amma hər hansı bir universitetin səviyyəsini qaldırmaq üçün mütləq şəkildə buna tələbat olmalıdır. Yəni biz kənd təsərrüfatı mütəxəssisləri yetişdirən ali təhsil müəssisəsinin qurulmasını, universitetlərimizin öndə olan təhsil ocaqları səviyyəsinə çatdırmaq üçün ən vacib şərtlərdən biri məhz ölkədə həmin sahənin inkişafıdır. Yəni kənd təsərrüfatı sahəsində yaxşı mütəxəssis yetişdirmək istəyiriksə, ölkədə yaxşı kənd təsərrüfatı olmalıdır. Yəni kadrlara tələbat yetişdirir. Tələbat yaranır, bunun əsasında kadr yetişir. Başqa sözlə, ali məktəbsiz güclü kadr ola bilməz, güclü kadrın olması üçün kənd təsərrüfatının inkişaf etməsi lazımdır. Kənd təsərrüfatının inkişafı üçün isə güclü kadr lazımdır. Bunlar bir-biri ilə zəncirvari bağlıdır. Biri digərini gücləndirir. Bunların də hər ikisinə nail olmaqdan ötrü həm kənd təsərrüfatının inkişafına, həm  təhsil müəssisəsinin, həm də mütəxəssisin yetişməsinə nail olmalıyıq. Bunların da olması üçün mütləq şəkildə regionların inkişafına nail olmaq lazımdır. Regionların inkişafına nail olmaqla həm də kənd təsərrüfatını inkişaf etdirmiş oluruq. Bunlar bir-biri ilə o qədər sıx bağlıdır ki, birini təklikdə götürüb inkişaf etdirmək mümkün deyil. Bunun üçün regionlarda dəstək ola biləcək ciddi layihələr, regionların inkişafına töhfə verə biləcək məqamları daha da önə çəkmək lazımdır. Ölkədə aqrar sənaye kompleksinin inkişafına nail olmaq, kənd təsərrüfatında tətbiq edilən vergi güzəştlərinin emal sənayesinə, kənd təsərrüfatı məhsullarının emalına istiqamətlənməsi üçün emal sənayesinə ciddi güzəştlərin, ələlxüsus da vergi güzəştlərinin tətbiq olunmasına  çox böyük ehtiyac var”.

İqtisadçı əlavə edib ki, hazırda ali məktəblərə qəbullara baxdıqda kənd təsərrüfatı üzrə ixtisas balları çox aşağıdır: “İnsanlar buranı bitirdikdən sonra iş problemi yaşayacaqlarını düşündükləri üçün yüksək bal toplayan abituriyentlər o istiqamət üzrə getmirlər. Deməli, kadr yetişməsi üçün bir tələbat olmalıdır. Həm kadrın özünün daxili istəyi olmalıdır. Bu istək yarandıqca, ali məktəbə bu istiqamət üzrə qəbul sayı da artacaq. Təsəvvür edin ki, min nəfər güclü mütəxəssis gəldi. Ya da 5 min nəfər Almaniyada olan mütəxəssis kimi mütəxəssis yetişdirdik. 5 min mütəxəssisi 5 min manat maaşla təmin edəcək kənd təsərrüfatı müəssisələrimiz varmı? Yoxdur. Tək hallarda olur, onlar da xaricdən gələn, ya da özümüzün xaricdə oxuyub gələn mütəxəssisimiz olur. Bunlar bir-biri ilə sıx əlaqədədir. Kənd təsərrüfatı inkişaf etdikcə, kadrların da, hazırlıqların da sayı atacaq”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR