İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycançılıq dünyadakı bütün azərbaycanlıların ideologiyasına çevrilir

Prezident İlham Əliyevin Səmərqənddən verdiyi tarixi mesaj; deputat: “Bu ideologiyanın kökündə Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır”

Noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Türk dünyasının birliyi ilə yanaşı, dünyada yaşayan azərbaycanlıların öz ana dilində danışmaları, azərbaycançılıq ideyaları ilə yaşamalarının zəruriliyi barədə danışıb. Prezident qeyd olunan istiqamətlərdə Azərbaycan dövlətinin fəaliyyət göstərdiyini qeyd edib.

Dövlət başçısı bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq: “2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığımızı fəallaşdırmalıyıq. Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.

Ceyhun Məmmədov: Azərbaycanda bütün addımlar düşünülmüş şəkildə atılır və  təsadüfi deyil ki, bir neçə ölkə təcrübəmizdən

Ceyhun Məmmədov

Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin çıxışında toxunduğu məsələlər çox böyük tarixi hadisə və çox vacib bir məsələdir. Türk dünyasının, dünyadakı azərabycanlıların birliyində, inkişafında ana dili və azərbaycançılıq ideologiyası müstəsna əhəmiyyətə malikdir: “Azərbaycançılıq ideologiyası ana dilimizin qorunması və inkişafını özündə ehtiva edir. Azərbaycançılıq ideyasında ana xətt bundan ibarətdir ki, hər bir insan üçün milli mənsubiyyəti, ana dili onun qürur mənbəyidir, hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyası bunun üçün müstəsna təsirə malikdir. Bu ideologiya ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Bu ideologiyanın kökündə Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Bu, imperiyaya qarşı müqavimət göstərməklə formalaşan, möhkəmlənən bir istiqlal ideologiyasıdır. Azərbaycanın suverenliyi milli prinsipə əsaslanır. Ona görə ki, bu prinsip dövlətlərə və xalqlara yeni ictimai təfəkkür koordinatları diktə edir. Müstəqil Azərbaycanın vətəndaşı olmayan 40 milyon azərbaycanlı soydaşlarımızın, güneyli qardaşlarımızın azərbaycançılıq ideologiyasına əsaslanmaları onların birliyini şərtləndirəcək”.

Deputat qeyd etdi ki, azərbaycançılıqda bir neçə şərtlər var-bunlar maarifçilik yolu ilə inandırmaq, tarixi əsaslandırma, təşkilatlandırma, istiqamətləndirmə və yenilərin yaranmasıdır. Vətənçilik təməli üzərində bərqərar olan azərbaycançılığın tarixi qayəsi məhz öz ərazi bütövlüyünü və xalqın bütövlüyünü qorumaqdır: “Azərbaycançılıq vahidliyi təbliğ edir, onu istiqamətləndirir. Bu ideologiya özündə demokratiyanın bütün tələblərini daşıyır. Güneyli-quzeyli azərbaycanlılar Azərbaycan dilini sevir, bu dili qoruyur, bu dildə danışır, bu dili bütövlüyümüzün əsas atributlarından biri olaraq qəbul edir. Azərbaycançılıq ideologiyasının təməl prinsiplərindən biri də budur. Xalqı yaşadan öz ana dilini qorumağıdır. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu ideologiyanın təməlində Azərbaycan dili dayanır, eyni zamanda bütün millətlərin dilinə hörmət dayanır. Azərbaycan dilini bilmədən azərbaycançı olmaq mümkün deyil, həmçinin öz milli mənsubiyyətini, milli dilini də bilmədən azərbaycançı olmaq mümkün deyil. Azərbaycançılıq ideologiyası həmrəyliyin əsas prinsiplərindən biri olaraq ünsiyyət birliyini nəzərdə tutur. Bu birlik isə yalnız ana dili, Azərbaycan dili vasitəsilə reallaşa bilər”.

 Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycançılıq ideyasının təbliği" mövzusunda hazırlanıb.

Hazırladı: Etibar SEYİDAĞA

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR