Onlayn ictimai-siyasi qəzet
Polkovnik: “Ermənistan faktiki olaraq son zamanlar sanki öz əcəli ilə oynayır”
“Cənubi Qafqazı qarışdırmaq və orada sülhün, əmin-amanlığın bərqərar olmasını əngəlləmək üçün şər ittifaqı adlandıra biləcəyimiz Fransa, Ermənistan, Hindistan, Yunanıstan kimi ölkələr və onlara yol göstərən ABŞ yeni kirli oyunlar planlaşdırır”.
“Yeni Müsavat” xəbər verir ki, bu sözləri Axar.az-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.
Onun sözlərinə görə, Yunanıstanın Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirməsi, silah-sursat və siyasi dəstək verməsi, muzdlu döyüşçülər göndərməsi Afinanın 1991-ci ildən etibarən İrəvana göstərdiyi “qayğı”nın təzahürüdür: “Lakin Türkiyə və Azərbaycan qurulan kirli planlara səssiz qalmayacaq. Yunanıstan sözügedən addımları həm Türkiyəyə, həm də Azərbaycana qarşı atır. Türkiyənin şərqdə, Azərbaycanın isə qərbdə qonşusu olan Ermənistanın silahlandırılması həm Yunanıstanın, həm də onu maşa kimi istifadə edən ölkələrin maraqlarına uyğundur. Bütün bunlar eyni zamanda Rusiyaya qarşı atılan addımlardır. Dolayısı ilə bu, Qərbin ikiüzlülüyünün, "ikili standartlar"ın növbəti təzahürüdür".
Hərbi ekspertin qənaətincə, özünü demokratik adlandıran həmin ölkələr Ermənistanın sülh masasına oturmaması üçün hər şeyi edir: “Cənubi Qafqazda sülhü təmin edə biləcək dövlətlər Türkiyə, Azərbaycan və Rusiyadır. Bu üç dövlətin rədd edəcəyi sülh planının gerçəkləşməsi mümkünsüzdür. İkinci Qarabağ müharibəsi və 24 saatlıq lokal antiterror əməliyyatı tək Ermənistana qarşı yox, həm də onun arxasındakılara qarşı aparılıb. Əgər yenə Ermənistan başqalarının fitnəsi ilə hərəkət etsə, Türkiyə və Azərbaycan da dərhal buna qarşı bütün addımları tərəddüd etmədən qətiyyətlə atacaq. Buna heç kimin şübhəsi olmasın”.
Söhbət şübhəsiz, ilk növbədə Şuşa Bəyannaməsindən gedir. Bəs yeni şər ittifaqına qarşı hansı önləyici addımlar atıla bilər?
Rövşən Məhərrəmov
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Fransa, Yunanıstan, Hindistan və Ermənistanın ittifaq qurması təkcə Azərbaycanın deyil, həmçinin Rusiyanın, Türkiyənin Cənubi Qafqazdakı maraqlarına qarşıdır: "Belə bir ittifaq bölgədə sülhə, sabitliyə xidmət üçün yaradılmır. Bu mümkün ittifaq Rusiya ilə yanaşı, Azərbaycan və Türkiyəyə qarşı da yönəlib. Ancaq hələ ki reallaşmayan nəzəri ittifaq qurulsa belə bundan ciddi narahat olmağa dəyməz. Ermənistanın bu üç dövlətin heç biri ilə sərhəd əlaqəsi yoxdur. Bu ittifaq onlara nə verə bilər? Onlar silah alveri edirlər. Onsuz da ittifaqda olsalar da, olmasalar da silah alverlərini davam edirlər və Ermənistana silah verirlər. Ermənistanın dünyanın ən güclü ordularından birinə sahib olan Türkiyə ilə, həmçinin güclü ordusu olan Azərbaycanla isə böyük sərhədi var. Həmin nəzəri ittifaqdakı müttəfiqləri başını qaldıranadək bu iki güclü ordu Ermənistana nə lazımdırsa, onu yaşatmaq imkanındadır. Hansı istiqamətdən təhlil etsək görəcəyik ki, adıçəkilən dörd dövlətin yaratmaq istədiyi ittifaq ciddi heç nəyi dəyişən deyil. Cənubi Qafqazdan çox uzaqda yerləşən dövlətlərin Ermənistanla ittifaqından Azərbaycan və Türkiyə çəkinmir. Rusiya isə artıq bu cür ittifaqın yaranmasına qarşı olduğunu, bundan narahatlıq keçirdiyini dilə gətirib. Yəni əslində Ermənistan o cür ittifaqa qoşulmaqla özünə xeyirdən çox ziyan vurmuş olacaq. Qonşuluğundakı dövlətlərlə onsuz da mövcud olan problemlərinə yenisini də əlavə etmiş olacaq. Rusiyanın Ermənistanda hərbi bazası mövcuddur”.
Ekspert qeyd etdi ki, Moskva Ermənistanda yeni ittifaqın hərbi bazasının qurulmasına da imkan verməz: “Ermənistan faktiki olaraq son zamanlar sanki öz əcəli ilə oynayır. Rusiya reallıqda ənənəvi sərt üzünü göstərsə, vəziyyət kifayət qədər ciddiləşə bilər. Ermənistanın təzə müttəfiqlər axtarması ona çox ciddi problemlər vəd edir. Bütün baş verənlər göstərir ki, bölgədə yeni dönəmə keçid edilir, Cənubi Qafqaz ciddi mübarizə poliqonuna çevrilir, xüsusən də Ermənistan ərazisi böyük dövlətlərin savaş meydanı ola bilər.
Belə vəziyyətdə Azərbaycan öz müttəfiqləri ilə əlaqələri daha da sıxlaşdırır və sıxlaşdırmalıdır. Azərbaycanın daha səmimi və qardaş müttəfiqləri var. Türkiyə ilə hərbi ittifaq müqaviləsinə bərabər Şuşa Bəyannaməsi mövcuddur.
Yəni bizim Ermənistanın iştirak etdiyi istənilən ittifaqın qarşısında kifayət qədər güclü immunitetimiz var".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ