İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana qarşı “humanitar” avantüranın 7-ci günü - Əsəb müharibəsi, yoxsa...

İyulun 26-dan Qarabağ əhalisinə “humanitar yardım” adı ilə, Bakın ilə razılaşdırılmadan sərhədimizə göndərilən yük maşınları hələ də Laçın sərhəd-buraxılış məntəqəsinin yerləşdiyi Həkəri körpüsünün yaxınlığında dayanıb. Məsələ barədə Türkiyə xarici işlər naziri Hakan Fidan həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransı bildirib ki, Laçın yolu ilə bağlı Azərbaycana qarşı iddialar əsassızdır.

“Tibbi keçid təmin edilir, humanitar yardımlar təmin edilir. Laçın yolu Azərbaycan torpağıdır və Azərbaycan hansı tədbiri istəsə, Laçında həyata keçirə bilər”, - nazir qeyd edib.

Erməni politoloq Benyamin Matevosyan isə deyib ki, Qarabağa “humanitar yardım”ın göndərilməsi hakimiyyətin növbəti antirusiya şousu idi. Ermənistanda akkreditə olunmuş diplomatların Kornidzoru ziyarət etməsi isə bu şouda “kütləvi səhnə” idi: “Qarabağa ”humanitar yük"ün göndərilməsinə Moskvada baş tutan üçtərəfli görüşdən sonra qərar verilib. Gəlin birlikdə məntiqli düşünək: Ermənistanın Qarabağa humanitar yardım göndərilməsi ilə bağlı hansısa razılıq əldə olunsaydı, azərbaycanlılar buna mane olmamalı idi, ruslar isə onun çatdırılmasını təmin etməliydilər. Əminəm ki, bununla bağlı ya Sergey Lavrov, ya da Mariya Zaxarova brifinqdə məlumat verərdi. Lakin biz gördük ki, Rusiya rəsmilərindən heç biri bu barədə danışmadı. Nəticədə “humanitar yük” yalnız Laçın dəhlizinin başlanğıcına qədər gedə bildi".

Matevosyana görə, “humanitar” missiyanı Ermənistan hakimiyyəti üçün “səmərəsiz” adlandırmaq olmaz. Çünki o, bu qərarda başqa, “qeyri-humanitar” motivlər də görür: “Biz ”nəticə" anlayışının nə demək olduğunu başa düşməliyik. Bizim təqdimatımızla hakimiyyətin baxışı üst-üstə düşürmü? Bunun üçün hakimiyyətin nəzarətində olan mediaya və teleqram kanallarına baxmaq kifayətdir. Onlar deyirlər ki, ruslar hətta humanitar yardımı Qarabağa apara bilmədi" (Axar.az).

BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Mətin Məmmədli: “Yüklərin göndərilməsi üçün ilk növbədə onların qanuni olduğu sübut edilməlidir”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli “Yeni Müsavat”a bildirdi ki, yük maşınlarının saxlanması, buraxılmaması Azərbaycanın qanunvericiliyinə uyğundur: “Dövlətimizin ərazisinə daxil olan istənilən maşın, şəxs yoxlanmalıdır. Ermənistandan göndərilən yük maşınları ölkəmizə qanunsuz daxil olub. Azərbaycanın haqlı tələbi Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməsidir. Beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı tanınır. Ermənistan humanitar yükləri göndərərkən ölkəmizin razılığını almalıdır. Yüklərin göndərilməsi üçün ilk növbədə onların qanuni olduğu sübut edilməlidir. Digər tərəfdən, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edib. O ki qaldı yüklərin yoxlanmasına, bu bir qədər vaxt aparsa da, qeyri-mümkün deyil”.

Fuad Çıraqov: “Gürcüstan-Azərbaycan münasibətlərini pozmaq istəyənlər ya  hər iki ölkənin düşmənləri, ya da səfehlərdir”

Fuad Çıraqov: “Rəsmi müraciətin olmaması da onu göstərir ki, məqsəd humanitar ehtiyaclar deyil”

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktor müavini Fuad Çıraqov vurğuladı ki, Azərbaycanın humanitar TIR-ları buraxmaqla bağlı hər hansı beynəlxalq öhdəliyi yoxdur: “Təzyiqlər, çağırışlar, süni isterika və hay-küy var, ancaq hər hansı mexanizmlər yoxdur. Nə Ermənistan rəhbərliyi, nə də Aİ istisna hal kimi rəsmi müraciət etməyib, ancaq tələblər səsləndirirlər. Rəsmi müraciətin olmaması da onu göstərir ki, məqsəd humanitar ehtiyaclar deyil, şou yaratmaq və təzyiqlər etməkdir. Azərbaycan ərazisinə daxil olan istənilən mal və şəxs, təbii ki, yoxlanılmalıdır, yoxlanılacaq, başqa cür ola da bilməz. Azərbaycan ərazisində heç bir dövlətin və heç bir yükün eksteritoriallıq hüququ yoxdur. Ermənistan danışıqlar prosesini dalana dirədiyi kimi, TİR-larını da Laçında dalana dirəyib”.

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli: “Əsla güzəştə getmək olmaz”

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Ermənistanın və onun avropalı havadarlarının ”humanitar yük" təxribatı Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni əsilli sakinlərin yaşadığı ərazilər üzərində suveren hüquqlarının bərpası, ölkənin inzibati ərazi bölgüsünə uyğun olaraq legitim strukturların formalaşması istiqamətində həyata keçirdiyi hüquqi prosedurların qırılma nöqtəsidir. Bu məsələdə əsla güzəştə getmək olmaz. Əgər Avropa İttifaqı belə bir müraciətlə çıxış edərsə, o zaman Brüssel separatçıların Azərbaycan qanunlarına tabe olacağına, onların erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə maneə yaratmayacaqlarına, bütün qondarma təsisatları buraxacağına zəmanət verməlidir. Əks təqdirdə bir güzəştdən sonra növbəti güzəşt gələcək.

Biz hansı həyasız məxluqlarla qarşı-qarşıya dayandığımızı yaxşı bilirik. Bunlara əl uzatsan, gövdəni də qamarlayacaqlar. Digər tərəfdən, Azərbaycan humanitar yüklərin daşınması üçün Ağdam-Əsgəran yolunu təklif edib. Bu yol həm qısadır, həm də rentabellidir. Separatçılar isə həm də Ermənistanın və himayəçilərinin təhriki ilə bu yoldan istifadəyə qarşı çıxırlar. Deməli, onları erməni sakinlərin taleyi, durumu maraqlandırmır və məsələ humanitar “böhran” deyil. Onlar - bu miskin separatçılar, müharibə caniləri, qatillər Azərbaycanı öz iradələrinə tabe etdirmək istəyirlər. Məsələ artıq bu müstəviyə gəlib çıxıb və bizim haqlı mövqeyimizdən geri çəkilməyimiz çox ciddi fəsadlara gətirib çıxara bilər. “Humanitar yük” şousunun qarşısında geriyə çəkilsək, bunu humanizm nöqteyi-nəzərindən etdiyimizi bəyan etsək də, nə ermənilər, nə də onların havadarları rəsmi Bakının bu addımı humanizm prinsiplərindən çıxış edərək atdığını deməyəcəklər. Deyəcəklər ki, təzyiqlər qarşısında geri çəkilmişik. Və sonra da həm Ermənistanın, həm separatçıların, həm də bu şounu təşkil edənlərin ayaqları yer alacaq".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR