İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana qarşı böyük təxribat: bu həftə, İrəvanda... - Rusiya hərəkətə keçir?

Ermənistanda qondarma rejimin saxta deputatları toplaşır; deputat: “Ermənistan Şahramanyanın “fərmanı”nı ləğv edib separatçı qurumu bərpa edəcəksə, bu, Azərbaycana müharibə elan etməkdir”

""Artsax"dan Ermənistana köçən deputatlar bu həftə (qondarma-red.) parlamentin növbədənkənar sessiyasını çağırmaq niyyətindədirlər”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Joxovurd” erməni qəzeti yazıb. “İclasın gündəliyi və onun keçiriləcəyi dəqiq tarix hələ müəyyənləşməyib.

Məsələ ilə bağlı müzakirələr davam edir. Əldə etdiyimiz məlumata görə, bütün "artsax" fraksiyaları görüşdə iştiraka ilkin razılıq veriblər. Parlamentin sessiyasının nəticələri nə olacaq, yaxın gələcəkdə hansı hadisələr baş verəcək, bunu zaman göstərəcək”, - nəşr əlavə edib. Rəsmi İrəvan Ermənistanda mifik qurumun heç bir “insitutu”nun fəaliyyətinə imkan verilməyəcəyini bəyan edib və bunu milli təhlükəsizliyə təhdid olaraq qiymətləndirib. Spiker Alen Simonyan da bunu açıq bəyan edib. Son olaraq Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Ovik Ağazaryan deyib ki, Ermənistanda “Qarabağın dövlət orqanları”nın fəaliyyət göstərməsinin əleyhinədir: “Bu addım qonşularımızla münasibətlərin tənzimlənməsi prosesinə ziddir. Başqa sözlə, sülh gündəmini təbliğ etdiyimizi deyəndə istəklərimizdə səmimi olmadığımızı göstərmiş olarıq. Sülh gündəmini irəli sürürsən, həm də "artsax"ın "milli məclisi"ni və “hökuməti”ni qoruyub saxlayırsan ki, sabah, ertəsi gün Azərbaycana hücum edib, erməni və Azərbaycan xalqlarının dostluğuna zərbə vurasan? Bu, sülh deyil".

Lakin belə bir tədbir, hər halda, baş tutarsa, bu o demək olacaq ki, ya Paşinyan iqtidarı ölkədaxili duruma tam nəzarət edə bilmir və ya loyallıq göstərir (ikili oyun), ya da Rusiya “separatçı kartı” təzədən - indi də Ermənistandan işə salmağa qərar verib. Bu, həmçinin bir daha o anlama gələcək ki, İrəvan Bakı ilə sülh sənədi imzalamaq məsələsində səmimi deyil və ərazi iddiasından əl çəkməyə hazırlaşmır. Onu da yada salaq ki, keçən həftə Moskva Putinin tapşırığı ilə İrəvana, Qarabağın keçmiş erməni sakinlərinə 40 ton humanitar yük göndərib - faktiki belə bir yardıma lüzum olmadığı halda. Yəni separatçı ünsürlərə siyasi jest edilir - “Rusiya hələ də sizinlədir” mesajı...

Razi Nurullayev: “Reallığı görsünlər və hərəkətlərinə görə Azərbaycan  xalqından üzr istəsinlər”

Razi Nurullayev 

Deputat Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Qarabağ ermənilərinə humanitar yardım göndərməsində siyasi intriqa yoxdur: “Köçən adamlara bütün ölkələr humanitar yardım edə bilər. Amma qondarma parlament yığışırsa, buna İrəvan şərait yaradırsa, deməli, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları davam edir və bu, sülh danışıqlarını pozmaqdır. O zaman Azərbaycan Zəngəzur və Göyçə iddiaları qoymalıdır. Və biz də bu ərazilərə tankla, topla gedə biləcəyimizə dair mövqe sərgiləyə bilərik”. Deputatın fikrincə, Ermənistan Şahramanyanın “fərmanı”nı ləğv edib separatçı qurumun fəaliyyətini bərpa edəcəksə, bunu Azərbaycana müharibə elan etmək kimi dəyərləndirmək olar: “Amma bunun cavabı gecikməyəcək. Azərbaycan bunun cavabını çox gözlətməyəcək. Halbuki Bakı sülh tərəfdarıdır. Amma qondarma rejimin fəaliyyətini davam etdirmək, bu prosesin üstündən xətt çəkməkdir”.

ALDP sədri Fuad Əliyev:“Ehtimal var ki, növbədənkənar parlament seçkiləri  keçirilsin” » Sözçü qəzeti

Fuad Əliyev

Siyasi ekspert Fuad Əliyevin sözlərinə görə, qondarma rejimin oyuncaq parlamentinin yığışması beynəlxalq təşkilatlardan maliyyə dəstəyi almaq məqsədi güdür. Onun fikrincə, xaricdən yardım almaq üçün marionet qurumu yaşatmağa çalışırlar: “Onların toplaşması heç kəsə lazım deyil. Özləri də anlayırlar ki, bu işin gələcəyi yoxdur. Bundan sonra o qüvvələr Xankəndinə qayıda bilməzlər. Hər halda, separatçılar da yaxşı dərk edirlər. Sadəcə, əlavə yardımlar almaq və "mühacir hökumət" görüntüsü yaratmaq üçün bir araya gəlirlər. Amma Ermənistan hakimiyyəti buna qarşı olduğunu rəsmi səviyyədə bəyan edib. Üstəlik, separatçılar nəzarətdə saxlanılırlar: Balasanyana cinayət işi açılıb, Şahramanyan komissiyada ifadə verir... Yəni Paşinyan onlarla işləmir. Ola bilsin ki, hansısa mərkəzlər separatizmin xortlamasında maraqlıdır, amma İrəvan Bakı ilə danışıqları bərpa etmək ərəfəsində “artsax” ideyasını çətin gündəmə gətirsin".

Bu arada, Fransanın təxminən yeddi təlim mərkəzində Rusiyaya qarşı müharibədə iştirak etmək üçün Ermənistandan olan əsgərlər hazırlanır. Rusiyalı hərbi bloger Anastiya Kaşevarova Teleqram kanalında məlumat yayıb. Məlumata görə, “Fontevrault L’Abbedəki” təlim mərkəzi erməni əsgərlərin hazırlığı ilə məşğul olur: “Belə təlim mərkəzlərinin sayı çoxdur, təxminən yeddiyə yaxındır. üsusilə, Mayi-le-Kan ərazisindəki "CENTAC-Centre d’entrainement au combat" döyüş hazırlığı mərkəzi və “CES-Center d’entrainement des post de” təlim mərkəzində erməni hərbçilər hazırlanır. Fransız təlimatçılar, o cümlədən etnik erməni əsgərlər işə cəlb olunublar. Onlar arasında könüllülər də var, əsasən də “artsax”dan gələn gənclər bura cəlb olunurlar. Proqram Ermənistan Müdafiə Nazirliyinin tam dəstəyi ilə fəaliyyət göstərir, bu baxımdan, məcburi göndərilən hərbçilər də var. Bunlar Ermənistan ərazisində xidmət edənlərdir".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR