Onlayn ictimai-siyasi qəzet
“France 2" telekanalının təxribatını bu dəfə ”France24" davam etdirib, keçmiş prokurorun erməni köçünü “soyqırımı” adlandırmasına yer ayırıb; bəs o, genosiddirsə, Xocalı nədir?
İyulun 26-da Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı "France 2" telekanalının ölkəmizə qarşı qərəzli mövqeyini və təxribatını bu dəfə "France24" davam etdirib. Sözü gedən kanal COP29 ərəfəsində Azərbaycanda insan hüquqlarının vəziyyətinin “mübahisəli” olmasından bəhs edib. Səbəb kimi də Qarabağın “blokadası” və 2023-cü ilin sentyabrında gedən döyüşlərin “əhali”nin (erməni sakinlər nəzərdə tutulur - red.) “məcburi” köçkünlüyünə gətirib çıxarmasını göstərib. Rəsmi İrəvanın belə bir iddiada olmamasına baxmayaraq, “France 24" ermənilərin Qarabağdan könüllü və heç bir təhlükə olmadan çıxıb getməsini həyasızcasına "soyqırımı" adlandırıb və bu sözü işlətmək üçün Beynəlxalq Cinayət Məhkəməsinin (MCM) keçmiş prokuroru Luis Moreno Okampoya istinad edib.
“Yeni Müsavat” qeyd edir ki, kanal sabiq prokurora nədənsə çox yer ayırıb və onun keçmiş qondarma qurumun rəhbəri olan, çoxsaylı cinayət əməlləri törədən və hazırda barələrində həbs qətimkan tədbiri seçilərək, Bakıda saxlanılan Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanın həbsini qanunsuz adlandırmasını efirə verib. Ruben Vardanyan isə “xeyriyyəçi iş adamı” kimi təqdim edilib. Halbuki Vardanyanın Rusiya hakim dairələrinin çirkli pullarının yuyulmasında müstəsna xidməti və bu şəxsin qara işləri haqqında Qərb mediası və araşdırmaçıları tutarlı faktlarla dəfələrlə çıxış ediblər. Beləcə, Fransa Azərbaycana qarşı təxribatçı təbliğatını dayandırmaq niyyətində deyil və bütün tədbirlərdən - istər Parisdə keçirilən Olimpiya Oyunları, istərsə də Bakıda baş tutacaq COP29-dan öz çirkin məqsədləri üçün istifadə etmək istəyir.
Maraqlıdır, o hansı hüquqi normalar sistemidir ki, onlara əsasən əhalinin bir yerdən başqa yerə sakitcə, sağ-salamat yerdəyişməsi “soyqırımı” kimi təsnif edilir? Azərbaycan dövlətinə qarşı çıxmış erməni separatçı əhalinin burunları belə qanamadan, dünyanın gözü qarşısında, könüllü şəkildə Qarabağı tərk etməsi “genosid” adlandırılırsa, onda Xocalıda törədilənlər nə idi? “Soyqırımı” sözünü separatçı ermənilərə xatir bu qədər ucuzlaşdırmaqda məqsəd nədir? Fransa mediası məlum, ermənilər bu yaramaza hər ay nə qədər pul ödəyirlər? Ümumiyyətlə, Okampo kimi tulaların Azərbaycana hansısa ziyanı dəyə bilərmi, yoxsa “it hürər, karvan keçər” atalar məsəli ilə ona diqqət verməməliyik?
Arzuxan Əlizadə
AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, hər birinin cavabı verilməlidir və bu qərəzli dairələr yerinə oturdulmalıdır: “Biz həmişə ədalətsizliklə üzləşmişik. 30 il eyni haqsızlığa məruz qalmışıq. Müharibədə qələbə ilə reallığı dəyişə bilmişik və indi həmin güclər regiona Ermənistan üzərindən həmlə etməyə çalışırlar. Ona görə də cavabları lazımi səviyyədə verilməlidir. Çünki bir sıra hallarda cavab alanda geri çəkilirlər”.
AMİP sədri vurğuladı ki, ermənilər Fransada çox iş görüblər və müəyyən ictimai rəy formalaşdırıblar, möhkəmləniblər: “Biz də işləməliyik, gücümüzü artırmalıyıq. Həqiqətlərin çatdırılması və erməni yalanlarının ifşasında fəaliyyətimizi gücləndirmək lazımdır. Xüsusən də diaspor və lobbi işində indikindən beş qat artıq iş görmək lazımdır. Çünki əleyhimizə əks-təbliğat aparılır, Avropada Azərbaycan haqda mənfi imic yaradılır və buna qarşı sistemli mübarizə təşkil olunmalıdır”.
Xəzər Teyyublu
Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu isə qeyd etdi ki, Makron administrasiyası bütün resurslarını Azərbaycanı qarşı işə salıb: “Bu gün Fransa hakimiyyəti Ermənistan iqtidarından daha çox bizə düşmənçilik edir. Bakı ilə İrəvan sülh danışıqları aparır, Paris isə hər fürsətdə gərginlik yaranması üçün cəfəng ittihamlar səsləndirir. Antiterror əməliyyatından sonra Qarabağa BMT missiyası gəlib, heç bir etnik təmizləmə, dini abidələrin dağıdılması faktı aşkarlamayıb, hər hansı dövlət bizi apardığımız qanuni əməliyyatla bağlı günahlandırmayıb, Ermənistan özü belə şikayətçi deyil, amma Fransa özünə əl qatıb ki, guya ermənilər Xankəndi və ətraf ərazilərdən qovulublar. Bu necə etnik təmizləmədir ki, gedəndə gülürdülər, şokolad yeyirdilər? Onların hamısı Ermənistan pasportu daşıyan və bu ölkənin vətəndaşları olan şəxslər idi. Ona görə Qarabağdan qovulmayıblar və sadəcə, oranı könüllü şəkildə tərk ediblər”.
Hüquq müdafiəçisi əlavə etdi ki, bizə qarşı sənədli-sübutlu bir fakt təqdim edə bilmirlər: “Ki, Azərbaycanın genosid törətdiyi isbat edilsin. Çünki elə bir nümunə yoxdur. Sadəcə, Fransadakı Makron hakimiyyəti gah beynəlxalq təşkilatlar, gah telekanallar vasitəsilə üstümüzə hürür. Bu prosesdə Fransa Senatı, ayrı-ayrı deputatlar iştirak edirlər. Bir ara da daxili işlər naziri bağırırdı ki, Yeni Kaledoniyadakı hadisələri guya Bakı qızışdırır. O baxımdan Fransa açıq-aşkar düşmənçiliklə məşğuldur. Son olaraq da hər iki Fransa telekanalı Azərbaycana qarşı hikkəli davranıb. Dünya Olimpiadanı izləyir, Fransa işini-gücünü atıb düşüb canımıza. Dünya bilir ki, payızda Bakıda BMT-nin İqlim dəyişikliyi konfransı olacaq, Fransa özünə əl qatıb ki, Azərbaycanda Araik niyə həbsdədir?! Yəni terrorçunu, separatçını müdafiə edirlər. Luqansk separatçılarına qarşı Ukraynaya silah verən ölkə, Qarabağda mövcud olmuş qaniçən separatçı rejimin rəhbərlərinin həbsinə görə məyusluq keçirir. Təbii ki, ikili yanaşmadır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ