Onlayn ictimai-siyasi qəzet
Vaxtilə BMT-nin yerli xalqların hüquqları haqqında bəyannaməsinə qarşı çıxmış ölkə Azərbaycana qarşı ittihamlar səsləndirmək üçün mənəvi hüququnu çoxdan itirib
“Azərbaycana qarşı mümkün sanksiyalar məsələsi indi gündəmdədir. Kanada Cənubi Qafqazda baş verənləri diqqətlə izləyir və Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşılacağını gözləyir”.
Bunu Kanadanın xarici işlər naziri Melani Coli Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib. “Azərbaycana qarşı mümkün sanksiyalar məsələsi indi müzakirə olunur. Kanada həmçinin Azərbaycan hökumətini bu yaxınlarda Dağlıq Qarabağdan didərgin salınmış ermənilərin geri qayıtmaq hüququna hörmət etməyə və xoşməramlılıq əlaməti olaraq Dağlıq Qarabağa humanitar yardımın maneəsiz çıxışını təmin etməyə, habelə onların təhlükəsiz qayıtmasını təmin etməyə çağırır”, - deyə Kanadanın xarici işlər naziri bildirib. Nazir deyib ki, 60 mindən çox erməni əsilli insan Kanadanı vətəni hesab edir. Kanadanın xarici işlər naziri oktyabrın 26-da Cermux bölgəsində yerləşən erməni hərbi mövqelərinə baş çəkib və bu ərazidə Azərbaycanla sərhəddə vəziyyətlə tanış olub.
“Kanadanın Azərbaycanla təhdid dilində danışması olduqca yanlışdır və heç bir tərəfə uğur gətirə bilməz”. Azərbaycan Xarici İşlər Nazirliyinin Kanadanın xarici işlər naziri Melani Jolinin bəyanatına dair şərhində bildirilir. Qeyd edilib ki, Kanada nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə nümayiş etdirdiyi qərəzli mövqe tamamilə əsassızdır.
Qeyd edək ki, Kanadanın xarici işlər naziri davamlı olaraq Azərbaycan əleyhinə mövqe sərgiləyir. Vaxtilə BMT-nin yerli xalqların hüquqları haqqında bəyannaməsinə qarşı çıxmış çox az sayda ölkələrdən biri Kanadadır və Azərbaycana qarşı ittihamlar səsləndirmək üçün mənəvi hüququnu çoxdan itirib. Kanadalı nazirin erməni icmasını məmnun etmək üçün Azərbaycana qarşı ittihamları əsassızdır.
Fikrət Yusifov
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında dedi ki, Kanadanın Azərbaycan əleyhinə aparmaq istədiyi kampaniya Fransanın Azərbaycana yönəlmiş ədalətsiz ermənipərəst siyasəti ilə eynidir: “ABŞ və Avropa Birliyindən sonra Kanadanın bizim üstümüzə bu şəkildə gəlməsi bir qədər siyasi təlxəklik və sanki "mən də varam" deyib özünü yada salmaq kimi görünür. Əks halda, dünyanın başqa bir qütbündə, Azərbaycandan min kilometrlərlə uzaqda yerləşən, demokratiyanı həmcinslərin evliliyi kimi dəyərləndirən bir dövlətin Cənubi Qafqazda nə marağı ola bilər? Kanada xarici işlər nazirinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər Kanada hökumətinin Azərbaycana münasibətinin ifadəsidir. Vaxtilə fransız və ingilis koloniyaları kompleksi kimi formalaşmış, kiçik bir dövlətçilik tarixi və bu gün də rəsmi rəhbəri İngiltərə monarxı olan bir dövlətin hökumətinin belə boş siyasi gedişlər əvəzinə öz ölkəsinin iç problemləri ilə məşğul olması daha yaxşı olardı. Kanada hökuməti hər il xaricdən 500-600 min miqrant dəvət etməklə, ölkəsindəki demoqrafiq vəziyyəti balanslaşdırmağa, işçi qüvvəsi çatışmazlığını aradan qaldırmağa çalışsa da, bu gün bu ölkədə sürətlə baş verən bahalaşma üzündən əhali ölkəni kütləvi şəkildə tərk edir. Son bir neçə ildə Kanadada mənzillərin qiyməti hər il orta hesabla 50-60% bahalaşır. Kanada iqtisadiyyatı pandemiya dönəmindən bu günə qədər özünə gələ bilmir. Bu gün ölkənin xarici dövlət borcu onun Ümumi Daxili Məhsulu qədərdir. Bu, yetərincə ciddi və düşündürücü problemdir. Gerçək olan budur ki, Kanadanın bugünkü hökuməti onun iç problemlərini çözə bilmək iqtidarında olmadığından, yerli əhalinin diqqətini daxildə gedən anormal proseslərdən yayındırmaq üçün ölkədə yaşayan 60 min erməninin “çağırışına qulaq asıb”, Qarabağda yaşamış ermənilərin hüquqlarını müdafiə etməyə qalxıb. Bu qədər erməni Kanadanın ümumi əhalisinin 0,01%-dən bir qədər çox olan bir toplumdur. Bu toplumun “maraqları xatirinə” Qafqazın ən qüdrətli ölkəsinin üzərinə kəkələnmək Kanada hökumətinə nə vəd edə bilər? Bunlar hamısı ucuz oyun və siyasi şoudan başqa heç nə deyil.
Prezident İlham Əliyev ağıllı siyasi gedişlərlə Makronun anti-Azərbaycan siyasətini onun başına necə yıxdısa, Kanada kimi bu bölgəyə heç bir aidiyyəti olmayan bir ölkənin hökuməti də layiqli cavabını alacaq".
Elçin Mirzəbəyli
BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli kanadalı nazirin bu mövqeyində təəccüblü heç nə görmür: “Kanadanın xarici işlər naziri Melani Joli fransız əsilli kanadalıların böyük üstünlük təşkil etdiyi Kvebek əyalətində, Monreal şəhərinin Akhuntsiç şəhərində doğulub. Milliyyəti fransızdır və onun Emmanuel Makronla eyni "ağızdan" danışmasının səbəblərindən biri də budur. Digər səbəb, Jolinin daha öncə Kanadanın turizm, rəsmi dillər və Frankofoniya naziri olması, Frankofoniya təsisatı çərçivəsində fransız “mədəni” müstəmləkəçiliyinin təbliğatçısı kimi çıxış etməsidir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Melani Jolinin doğulduğu və uzun müddət yaşadığı Monrealda “Vrai changement pour Montreal” (Monrealda dəyişiklik) partiyasını təsis edib və 2013-cü ildə mer seçkisinə qatılıb, lakin ikinci nəticə göstərib. Qeyd edim ki, Monrealda 22 mindən çox erməni əsilli Kanada vətəndaşı yaşayır. Şəhərdə təkcə Monrealın erməni icmasını deyil, Kanadadakı bütün erməni icmalarını idarə edən iki erməni dini mərkəzi yerləşir: Kanada erməni kilsəsinin yeparxiyası və Erməni Apostol Kilsəsinin Kanada yeparxiyası. Bundan başqa, Monrealda bir neçə erməni katolik və yevangelist kilsəsi fəaliyyət göstərir. Monrealda yaşayan ermənilər əsasən maliyyə sektorunda və hüquqi xidmətlər sahəsində çalışırlar. Qeyd edim ki, Melaninin atası Kanada Liberal Partiyasının Kvebek əyaləti üzrə komitəsinin maliyyə departamentinin rəhbəri olub. Melaninin yolu isə ermənilərin rəhbərlik etdiyi hüquq şirkətlərinin, ən yaxşı halda dəhlizlərindən keçib. Bütün bunları nəzərə alsaq, Melani Jolinin aşırı ermənipərəstliyinin səbəblərinin, sadəcə, Kanadanın xarici siyasəti ilə bağlı olmadığını müəyyənləşdirə bilərik. O ki qaldı Melani Jolinin Ermənistandakı sərsəmləmələrinə, bütün bunlara məşhur “İt hürər, karvan keçər” el məsəlimiz kontekstindən yanaşmaq lazımdır. Kanada qlobal proseslərdə “orta dərəcəli” oyunçulardan biridir və Qərb siyasətinin “yumşaq güc” tərəfini təmsil edir. Kanada 7 illik müharibədən və Böyük Britaniyaya birləşməzdən öncə Fransanın müstəmləkəsi olub. 1960-1970-ci illərdə Kvebekdə Fransa tərəfindən stimullaşdırılan separatizm yenidən baş qaldırıb və bütövlükdə ölkə üçün ciddi problemlərə yol açıb. Hazırda əhalisinin 95%-i fransız dilində danışan Kvebekdə separatizm yenə də əvvəlki kimi güclüdür. Melani Jolinin yüksək siyasi vəzifələrə, məhz separatizm faktorunun yumşaldılmasına xidmət edən faktorlar üzərindən gətirildiyini nəzərə alsaq, onun erməni separatizmini dəstəkləməsində təəccüblü heç nə yoxdur".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ